Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:28

İsmayıllının 10 kəndi ilə əlaqə kəsilib


Sel
Sel

-

İsmayıllı rayonunda 10-dan çox kəndi sel basdığı, evlərin, yolların, körpülərin dağıldığı deyilir. Oğuz-Qəbələ-Bakı içməli su kəmərinə ciddi təhlükə yarandığı bildirilir.

APA-nın xəbərinə görə, iyunun 12-si saat 15:00 radələrində yağıntı leysana çevrilib. Nəticədə sel rayonun 10-dan çox kəndində təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.

Güclü sel sularının Kürdmaşı, Quşencə, Qarakolluq, Balik, Enişdibi, Talış, Yenikənd, Şükürçü, Aşıqbayramlı kəndlərində fərdi həyətyanı sahələri, evlərin zirzəmilərini basdığı bildirilir. Taxıl və üzüm sahələrinin, meyvə-tərəvəz bağlarının məhv olduğu, toyuq-cücə və mal-qara arasında tələfat olduğu qeyd edilir. Bu günlərdə istifadəyə verilən Qaraməryəm-İsmayıllı avtomobil yolunun isə dağıldığı bildirilir. 10-a yaxın kəndin Dəvəbatan çayı və adsız xırda çaylar üzərindəki körpüləri sel yuyub apardığından, rayon mərkəzi ilə avtomobil əlaqəsinin kəsildiyi deyilir.

Ümumilikdə, 200-dən çox evin zirzəmisini, həyətyanı sahələrini su basdığı, 10-a yaxın köhnə ev, tövlə və yardımçı tikililərin xəsarət gördüyü qeyd edilir.

Xəbərdə bildirilir ki, üstəlik, sel rayonun Çayqovuşan kənd sakini 12 yaşlı Səbinə Sadıqovanı aparıb. O, yaşadığı evin yaxınlığından keçən Göyçay çayının üzərindəki piyada körpüdən keçərkən palçıq səbəbindən ayağı sürüşərək çaya düşüb. Kənd sakinləri 12 yaşlı qızı xilas ediblər. İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq tibbi yardım göstərilib, hazırda reanimasiya şöbəsindədir.

Xəbərdə həmçinin bildirilir ki, güclü küləkdən ağaclar qırılaraq elektrik naqillərinin üzərinə düşüb. Bəzi yerlərdə sel suları elektrik dirəklərini aşırıb, kəndlərə enerji verilməsi dayanıb.

Hadisə baş verən əraziyə uyğun dövlət qurumlarının bölmələrinin cəlb edildiyi söylənir.

Sel fəlakətindən bir neçə gün öncə rayonun Sulud kəndi ərazisində torpaq sürüşməsi qeydə alınmışdı və 12 ev yararsız hala düşmüşdü. Həmin evlərin sakinləri çadırlara köçürülmüşdülər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG