Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:55

İŞİD-in Türkiyəyə hücumları arta bilər


İŞİD yaraqlısı.
İŞİD yaraqlısı.

Almaniyanın «Deutsche Welle» yayım mərkəzi yazır ki, son zamanlar baş verənlər – «İslam Dövləti» (İŞİD) yaraqlılarının törətdikləri Türkiyədə gənclər arasında ideoloji radikalizmi gücləndirib. Bu isə, təhlükəsizlik mütəxəssislərinin fikrincə, İŞİD-in Türkiyəyə hücumlarını artıra bilər.

TÜRKİYƏ ƏN BÖYÜK HƏDƏF KİMİ GÖRÜNÜR

Ankaradakı İqtisadi Siyasət Araşdırmaları Mərkəzinin ekstremist qruplar üzrə mütəxəssisi Hilmi Demir «Deutsche Welle»yə müsahibəsində apardıqları tədqiqat nəticəsində belə nəticəyə gəldiklərini söyləyib. «Belə hücumlar (İŞİD hücumları), istər-istəməz, gənclərə çox böyük təsir göstərir… Bu da ayrı-ayrı şəxslərin, hətta İŞİD-lə əlaqəsi olmayanların törətdiyi hücumların artmasıyla sonuclana bilər… Radikal şəxslərin bu hücumları törətməsi üçün potensial artmaqdadır».

«Birgün» qəzetində terror haqda yazan Doğu Eroğlu da eyni fikirdədir. ««İslam Dövləti» qruplaşmasında da Türkiyəyə hücumların pozitiv nəticə verdiyini düşünürlər. Hər halda, bu istiqamətdə təbliğat gedir. Və bu təbliğat davam edərsə, biz İŞİD-in Türkiyəyə hücumlarını artırdığını görəcəyik, çünki təbliğat vasitələrində Türkiyə ən böyük hədəf kimi göstərilir», - D.Eroğlu belə deyir.

Müəllif son 18 ayda İŞİD-in Türkiyəni necə silkələdiyini, İstanbuldakı Sultanahmet məscidi, Atatürk Hava Limanı, «Reina» gecə klublarına hücumları xatırladır. Bu hadisələrin heç biri 1-2 nəfərin ölümüylə ötüşməyib, ölən və yaralananların sayı yüzlərlədir.

AZI 50 HƏDƏF

«Türkiyə hökumətiylə İŞİD faktiki müharibə vəziyyətindədirlər», – Britaniyadakı «Verisk Maplecroft» konsaltinq şirkətinin Yaxın Şərq və Şimali Afrika bölməsinin direktoru Anthony Skinner DW-ə müsahibəsində belə deyib. «Məncə, «İslam Dövləti»nin Türkiyəyə hücumlara motivasiyası güclənib. Burada Türkiyənin Suriyaya müdaxiləsi də az rol oynamayıb».

Atatürk Hava Limanına hücum - 2016
Atatürk Hava Limanına hücum - 2016

Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsi qonşu ölkələrin təhlükəsizliyinə, onsuz da, mənfi təsir göstərib. Amma Türkiyənin Suriyada İŞİD-ə qarşı əməliyyatları, İŞİD mövqelərini bombalaması durumu xeyli dəyişib.

Vaşinqtondakı Atlantik Şurada Türkiyə və regionun təhlükəsizliyini araşdırmaqla məşğul olan Aaron Stein da yaxın gələcəkdə Türkiyənin yeni həmlələrlə üzləşəcəyini gözləyir. Onun fikrincə, hökumət bu hücumları önləyə bilməyəcək: «Təkcə İstanbulda azı 50 hədəf var. Polis eyni anda hər yerdə ola bilməz… Digər tərəfdən, Türkiyə mətbuatı nə yazır, yazsın, partlayıcı vasitələri hazırlamaq çox asandır, materialları əldə etmək rahatdır, qara bazarda asanlıqla silah almaq da eynilə. Bir sözlə, Türkiyədə terror aktı törətməkdən ötrü bütün vasitələri rahat əldə etmək mümkündür».

«DERADİKALİZASİYA» PROBLEMİ

Doğrudur, rəsmilər terrorla ciddi mübarizə aparıldığını, terrorun ölkəyə əsas təhlükə olduğunu bildiklərini və bütün orqanları bu yöndə səfərbər etdiklərini deyirlər. Ancaq Türkiyənin eyni zamanda Kürdlərin Fəhlə Partiyası-PKK, eləcə də digər daxili və xarici yaraqlılarla mübarizəsi İŞİD-lə savaşa əngəl yaradır.

A.Stein-in fikrincə, Türkiyənin əsas problemi «deradikalizasiya» problemidir. «Türkiyədəki «ayıq və ağıllı» rəsmilər sizə radikallaşmanı önləmək uğrunda mübarizə apardıqlarını deyə bilərlər, amma onlar cəhdlərini bu yöndə birləşdirməyiblər». A.Stein belə düşünür.

H. Demir isə Türkiyənin gələn 5 il ərzində İŞİD-dən əziyyət çəkəcəyini proqnozlaşdırır.

«Hürriyet» qəzeti yanvarın 18-də çıxan yazılarından birində İraq kəşfiyyatının bir neçə İŞİD yaraqlısının Türkiyəyə keçdiyini qeydə aldığı xəbər veribmiş.

XS
SM
MD
LG