Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:15

İŞİD sosial mediadan necə yararlanır


Iraqdan olan Kürdəsilli müğənni Helly Luv, 9 iyun 2015
Iraqdan olan Kürdəsilli müğənni Helly Luv, 9 iyun 2015

“İslam Dövləti və terrorçular sosial media mərhələsində”

“Bu ayın əvvəli Lissabonda siyasətçilərin, kompyuter bilicilərinin, 1990-cı il təvəllüdlü “Silicon Valley” milyonçularının də qatıldığı bir veb sammitdə iştirak edirdim. 21-ci əsrdə terrorçuluğun rolu ilə bağlı panel müzakirəsinə qatılmışdım. Konfransda Helly Luv kimi tanınan Helan Abdulla da öz hekayəsini danışdı. O, kürd-fin əsilli müğənni, rəqqasə və aktrisa idi”, – britaniyalı jurnalist David Patrikarakos Azad Avropa/AzadlıqRadiosu-na məqaləsində belə yazır.

“Hellu Luv dedi ki, bir kürd kimi, o, Suriyada vətəndaş müharibəsi başlayandan prosesləri diqqətlə izləyib. 2014-cü ilin fevralında Suriya qaçqınlarının düşərgəsində kürd qaçqınlarının iştirakı ilə “Risk İt All” adlı musiqi klipi çəkdirib.

Ölüm mesajları

Klipdə Helly Luv qürurla kürdlərin müstəqilliyi haqqında oxuyur. O, dikdaban ayaqqabıda, qısa ətəkli paltardadı, epizodların birində AK-47 avtomatları ilə silahlanmış qızlar onu müşayiət edir”, – məqalədə qeyd olunur.

Helly Luv Kürd Peşmərgə dəstələri qarşısında 5 iyul 2014
Helly Luv Kürd Peşmərgə dəstələri qarşısında 5 iyul 2014

“Helly Luv bizə danışdı ki, bundan sonra internet üzərindən ölüm hədələri alıb. 2014-cü ildə özünü İslam Dövləti (İD, digər qısa adı “İŞİD”dir ) adlandıran qruplaşma yaraqlılarının Mosulu zəbt etməsi ondan ötrü pis xəbər olub. Bununla Kürdüstan Muxtariyyətinin Mosulun sərhədlərinə qədər uzanacağına inamı azalır və ərazi İD təhlükəsi ilə üzləşir.

Mosulun işğalından bir neçə həftə sonra o, “Facebook” sosial şəbəkəsindəki hesabına “İD yaraqlıları ilə savaşan kürd peşmergə döyüşçülərinə baş çəkdiyini göstərən şəklini qoyur.

“Lissabonda olduğumuz müddətdə də Helly Luv hər gün ölüm mesajları alırdı: islamçılar, cihadçılar və İD fanatları onu rahat buraxmırdı”,– David Patrikarakos qeyd edir.

Sosial şəbəkədən ən effektiv yararlanan qrupdu

Müəllifə görə, Luv-ın hekayəsi sosial mediada terrorçuluqla mübarizədə əsas problemi qabardır:

“İD bəlkə də qlobal terrorçuluq tarixində sosial şəbəkələrdən ən effektiv istifadə etməyi bacaran qrupdur. İD təkcə terrorçu təşkilat deyil, həm də brenddir. İD Fransadan ABŞ-a qədər, hər yerdən üzv toplamağı bacarır və mesajlarını “Facebook” və “Twitter” kimi sosial şəbəkələr üzərindən ötürməklə iki şeyi gerçəkləşdirir: həm adamları səfərbər edir, həm də mesajlarını gücləndirir”.

Jurnalist James Foley Hələbdə, 5 noyabr 2012
Jurnalist James Foley Hələbdə, 5 noyabr 2012

David Patrikarakos-un fikrincə, sosial şəbəkələr bir kapitalizm məhsuludur: “Facebook və “Twitter” üçün daha çox “klik”, daha çox paylaşma maraqlıdır ki, izləyicilərinin sayı çoxalsın. Bu da reklam deməkdir.

Yarandığı ilk illərdə “İD” minlərlə “fanat oğlanlar”ın geniş şəbəkəsinə bel bağlaya bilərdi: onlar xəlifəlikdə həyat tərzi, hətta vəhşi qətllərlə bağlı videoları da paylaşardılar. Bu “fanat oğlanlar” kimisi hədələyər, kiminsə canını boğazına yığardı.

İŞİD-ə qarşı mesaj kampaniyasının üzvü olan bir ABŞ rəsmisi mənə onların informasiya müharibəsində öz hekayələrini uğurla yaymaqdan ötrü necə Qərb texnologiyasından yararlandıqlarını danışmışdı. “Facebook” və “Twitter”in isə milyonlarla üzvü var və bu günlərə qədər həmin hesabları başlı-başına buraxdılar”, – məqalədə deyilir.

David Patrikarakos 2014-cü ildə jurnalist James Foley-in edam səhnəsini göstərən video kadrlar internet media platformasında necə yayıldığını yada salır. O qeyd edir ki, nəhayət, ABŞ Dövlət Departamentinin təzyiqləri, sosial şəbəkə istifadəçilərinin tənqidlərindən sonra “Facebook”, “Twitter” İD üzvlərinin hesablarını qaldırdı.

Foto: arxiv
Foto: arxiv

“Hələ də gizli İD hesabları var”

Məqalədə deyilir ki, buna baxmayaraq, bir çox “İD” tərəfdarının hesabı bəlli deyil, digər tərəfdən, onlar “Teleqram” kimi özəl mesaj əlavələrinə də sığınıblar:

“Əfsus ki, yenə də İD əleyhinə tvitlər və “Facebook” statusları hədəyə, təqibə məruz qalır və bu hesabların sahiblərinə daimi onlayn hücum edilir.

ABŞ kimi ölkələr öz konstitusiyaları ilə ifadə azadlığına zəmanət veriblər. Amma eyni zamanda, terrorçulara daha çox qatil hazırlamağa imkan yaradan platformalar verilməməlidir.

Çətin məsələdir. Amma artıq bununla üzləşmək zamanı çatıb”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG