Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 10:27

«Foreign Affairs» dərgisində Audrey Alexander «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasının sosial mediadakı savaşı necə qazanmasının səbəblərini araşdırır.

İŞİD Twitter-dən tutmuş Telegram sosial şəbəkələrinədək bir sıra sosial media platformalarında «düşərgə salıb». Müəllifin fikrincə, platformaların zənginliyi tərəfdarlarının yayılması, hökumətlərin, özəl şirkətlərin İŞİD-in onlayn təhlükəsini əngəlləməyi çətinləşdirir. Bu işə başlamaqdan ötrü, hər şeydən öncə, İŞİD-in kommunikasiya strategiyasını formalaşdırmış xarici faktorları dərk etmək lazımdır.

SƏBƏBLƏR

Strateji baxımdan, İŞİD sosial mediada effektiv brend-yaratma, informasiyanın yayılması və gündəmin müəyyənləşdirilməsi hesabına qələbə qazanır. Amma qrup nəzarət edə bilmədiyi platformadan asılı durumdadır. Məsələn, 2015-ci ilin avqustunda ABŞ rəsmiləri Jaelyn Young və Muhammad Dakhlalla-nı həbs etdi. Bu cütlük Twitter və digər sosial şəbəkələrdə planlarını açıqlamışdılar, İŞİD-in nəzarətində olan ərazilərə gedəcəklərini bildirmişdilər.

Twitter İŞİD-in fəallığını önləməyə yönəlik bir sıra tədbirlərə əl atıb. Şirkətin terrorçuluğu yaymamaq siyasətini pozan 360 min hesab bağlanıb. Amma İŞİD-ə rəğbət bəsləyənlər hər gün yeni hesablar açırlar. Facebook və Google da oxşar kampaniyalar aparmaqdadır.

Sosial şəbəkələr.
Sosial şəbəkələr.

Amma İŞİD də taktikanı dəyişir. 2015-ci ilin martında KhelafaBook (Xilafət Kitabı) adlı şəbəkə yaratdılar. Sayt az keçmədən bağlansa da, cihadçılar müxtəlif texniki vasitələr, Tor kimi anonim brauzerlərə əl atırlar. Silahlı qruplaşma tərəfdarları fərqli platformalar arasında miqrasiya etməklə hesablarının bağlanmasını da önləməyə çalışırlar. Onlar getdikcə Twitter, Facebook kimi geniş ictimai platformalardansa, ProtonMail, Surespot və Telegram kimi kodlaşdırılmış texnologiya təklif edən applikasiyalara üstünlük verirlər. Bu halda, ayrı-ayrı platformalardakı cihadçıları aşkarlamaq çətinləşir. 2016-cı ildə açıqlanmış «Cihad texnologiyası» adlı hesabatda tədqiqatçılar Laith Alkhouri və Alex Kassirer yazırlar ki, hazırda Telegram «həm individual cihadçılar, həm də rəsmi cihad qruplarının birinci seçimidir».

MÜHASİRƏYƏ SALMAQ

İŞİD-in daha bir strategiyası çoxsaylı hesabların qurulmasıdır. Missuri sakini Safya Yasin silahlı qruplaşmanın mesajlarını yaymağa bir neçə Twitter hesabı yaratmışdı. O, 2016-cı ilin yanvarında saxlandı. O zamanadək Twitter onun bir neçə hesabını bağlamışdı, amma Federal Təhqiqatlar Bürosu (FBI) Yassin-ə bağlı 97 hesab aşkarladı.

Müəllif yazır ki, İŞİD-in rəqəmsal məkanda belə oturuşması onunla mübarizəni çətinləşdirir. Artıq qruplaşmanın sosial media təbliğatını önləmək strategiyası yenidən düşünülməlidir. Bunun bir yolu kimi İŞİD-pərəst şəbəkələrə qoşulmaq təklif olunur. Yəni, hüquq-mühafizə əməkdaşlarından tutmuş, jurnalistlərədək həmin media məkanlarına nüfuz edib qrupun strategiyasını, üzvlərinin şəbəkələrini aşkarlaya bilərlər.

«İŞİD-in onlayn fəaliyyətini daha öncə məhdudlaşdırma cəhdləri qurumun təşkilati işlərinə zərbə vurub, amma ona nəzarəti də çətinləşdirib. İŞİD əlavə platformalara əl atdıqca, tərəfdarları daha artıq gizli fəaliyyətə keçirlər… Tərəfdarlarını bir platformadan digərinə qovmaqdansa, qruplaşmanı mühasirəyə salmaq gərəkdir… İŞİD-ə rəğbət bəsləyənlər onlayn platformada çeviklik, fürsətcillik, dirəniş göstərə bilirlərsə, siyasətçilər, hüquq-mühafizə əməkdaşları və media texnologiyası şirkətləri də belə davranmalıdır», – məqalədə deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG