Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:47

Həzrəti İsa bugünkü müsəlmanlara nə öyrədə bilər


İranda Kərbala ziyarətinə gedən müsəlmanlardan biri İsa peyğəmbərin qiyafəsini geyinib.
İranda Kərbala ziyarətinə gedən müsəlmanlardan biri İsa peyğəmbərin qiyafəsini geyinib.

"The New York Times" qəzeti köşə yazarı Mustafa Akyolun yazısını dərc edib.

"İslamla bağlı problem nədən ibarətdir? Niyə dünyada Qərbə nifrət edən bu qədər qəzəbli müsəlman var? Niyə qondarma islam dövlətləri sərt qanunlar qoyub azlıqları, qadınları və "kafirləri" əzirlər? Niyə dünyada Allahın adı ilə öldürən terrorçular var?" – müəllif sual edir və bunun səbəblərini araşdırmağa çalışır.

İKİ REAKSİYA

On illər ərzində Qərbdə bir çoxları buna bənzər suallar veriblər. Cavablar müxtəlif olub. Bu gün islamın daxilində heç bir problemin olmadığı, onun daha çox müdafiəyə fokuslandığı barədə iddialardan tutmuş, islamın özünün dünyaya böyük bir problem yaratdığına dair fikirlərə qədər. Xoşbəxtlikdən, daha məlumatlı müşahidəçilər daha obyektiv cavablar verirlər: bir zamanlar dünyanın ən maarifpərvər sivilizasiyası olan islam sivilizasiyası son zamanlar ciddi nəticələri olan kəskin böhran keçirir.

Buna da bax:​ Müsəlman qız: Mən Milad şənliklərini sevirəm, məhdudlaşdırmayın!

Ötən əsrin tanınmış mütəfəkkirlərindən biri, Britaniya tarixçisi Arnold Toynbee də özünün 1948-ci ildə yazdığı "İslam, Qərb və gələcək" adlı essesində islamın yaşadığı böhrana toxunub. Toynbee yazır ki, islam dünyası XIX əsrdə ona görə böhran içində idi ki, Qərb gücləri onu qabaqlayıb, məğlub edib və hətta sıxışdırmışdılar. Daim özünün uğuru ilə fəxr edən islam dini indi "arxası divara, üzü Qərbə baxırdı". Bu isə müsəlmanlar arasında stress, qəzəb və qarışıqlıq yaradırdı.

Böyük tarixçi kimi Toynbee nəinki islamın keçirdiyi böhranı təhlil edib, həm də onu daha qədim tarixə malik dinin qədim dövrdə üzləşdiyi böhranla, eramızdan əvvəl I əsrdə yəhudilərin Roma əsarəti altında yaşadıqları bədbəxtliklə müqayisə edib. Yəhudilər də özləri haqqında böyük düşünən monoteist xalq idilər. Ancaq onlar məğlub və işğal edilərək xarici imperiyanın güclü mədəni təsirinə məruz qalmışdılar. Toynbee izah edir ki, bu sınaq iki kəskin reaksiyaya yol açıb. Onlardan biri “herodianizm”, digəri "zelotizm"dir. "Herodianizm" Roma ilə əməkdaşlıq edərək onu təqlid etmək, "zelotizm" isə Romaya müqavimət göstərərək yəhudi qanunlarına sədaqəti qorumaq demək idi.

Buna da bax:​ İsa peyğəmbərin dəfn edildiyi mağara tapılıb?

ÜÇÜNÜ YOL TAPILACAQMI?

Toynbee iddia edir ki, müasir müsəlmanlar da Qərbi təqlid edən herodianistlərlə "xarici təzyiqdən qaynaqlanan arxaizmi" təbliğ edən zelotlar arasında davamlı mübarizəni yaşayırlar. O, müasir Türkiyənin banisi Mustafa Kemal Atatürkü "arxiherodianist" (baş herodianist), Mərkəzi Ərəbistan vəhhabilərini isə "arxizelotlar" adlandırıb. Toynbeenin proqnozuna görə, zelotlar son nəticədə məğlubiyyətə düçar olacaqlar. Çünki onların müasir texnologiyadan yararlanmaq qabiliyyəti yetərincə deyil. M.Akyol-un fikrincə, Toynbee bu gün yaşasaydı və məsələn, "İslam Dövləti"nin internetdən nə qədər effektiv istifadə etdiyini görsəydi, yəqin ki, öz nikbinliyini yenidən nəzərdən keçirərdi.

Onillər ərzində müsəlman ziyalıları Toynbee-nin analogiyasına əsaslanaraq müsəlmanların herodianizmlə zelotizm arasında üçüncü yolu tapmalı olduğunu iddia ediblər. Bu, məntiqli arqumentdir, ancaq tarixi nəzərə almır.

Müsəlman islahatçıları olmaq istəyən bu adamlar, Toynbeenin özü kimi, unudurdular ki, birinci əsrdəki yəhudi dünyası herodianist - zelot dixotomiyası ilə məhdudlaşmırdı. İntellektual, mistik və mühafizəkar baxışları olan digər yəhudi qrupları da vardı. Həmçinin, Nazaretdən olan bir ravin də var idi. Onun adı İsa idi.

Buna da bax:​ Xristianlar İsa Məsihin mövludunu - Milad bayramını qeyd edir

MÜSƏLMANLARIN BÖHRANI

İsa, xalqının yolunu gözlədiyi xilaskar - Məsih olduğunu iddia edirdi. Ancaq bu dövrdə özünü Məsih elan edən digərlərindən fərqli olaraq, o, Romaya qarşı silahlı mübarizəyə başlamadı. O, Romaya əyilmədi də. O, diqqətini başqa şeyə – inancı diriltməyə və xalqının dinində islahatlara yönəltdi. O, özəlliklə də yəhudiləri dini qaydaların xırda detallarına yox, öz dinlərinin mənəvi prinsiplərinə fokuslanmağa çağırdı. O, leqalist Pharisees-i "nanə, üzərlik və hər bir bitkiyə diqqət etməkdə", ancaq "ədalət və Allah sevgisini görməzdən gəlməkdə" ittiham edirdi.

Əlbəttə, xristianlar bu hekayəni yaxşı bilirlər. Ancaq müsəlmanlar da ondan nəticə çıxarmalıdırlar. Çünki onlar, Həzrəti İsanın nəzərdə tutduğu böhrana çox bənzəyən böhran keçirirlər. Onlar həm xarici sivilizasiyanın təzyiqinə məruz qalırlar, həm də çıxış yolunu yalnız Şəriətin tətbiqində görən fanatiklərdən, teokratik hakimiyyətlərlə mübarizə aparmaqdan narahat olurlar. Müsəlmanlara yaradıcı üçüncü yol lazımdır. Bu yol həm onların inancına uyğun olmalı, həm də keçmiş ənənələrin və müasir siyasi kontekstin yükündən azad olmalıdır.

Buna da bax:​ 'Mədinədəki bombalı hücum İslamın özünə qarşı hücumdur'

Həzrəti İsadan öyrənmək müsəlmanlar üçün tamamilə yeni bir ideyamı olardı? Müəyyən mənada, bəli... Müsəlmanlar Həzrəti İsaya və onun anası Məryəmə hörmət edərək onları sevsələr də, əksəriyyəti heç vaxt İsanın tarixi rolu, onun dərsləri və bugünkü reallıqla əlaqəsi barədə düşünməyib.

İKİÜZLÜLÜK MƏDƏNİYYƏTİ

XIX əsr islam modernizminin pionerlərindən olan Misir alimi Muhammad Abduh istisnadır. O düşünürdü ki, müsəlman dünyası erkən islama xas tolerantlıq və açıqlığı itirib və doqmatik, sərt ənənələrin məngənəsində boğulur. Müsəlman olaraq xristian teologiyasının İsa haqqında dedikləri ilə razılaşmasa da o, "Əhdi-Cədid"i oxuyan zaman Həzrəti İsanın dərslərindən çox təsirlənib. Bu dərslər Abduh-un müsəlman dünyasında müşahidə etdiyi problemlərlə üst-üstə düşürdü.

Buna da bax: 'İtalyanların 69 faizi müsəlmanlar barədə mənfi fikirdədir'

Bəzi başqa müsəlman alimləri də Abduhun qeyd etdiyi problemlərə toxunublar. Ancaq müsəlman dini liderləri ilahi məramlarla quru leqaliz arasındakı boşluğu İsa peyğəmbərin ortaya qoyduğu qədər güclü vurğulamayıblar. Həzrəti İsa dinin ruhunu doğmalara qurban verməyin dəhşətlərə yol açdığını deyirdi. Məsələn, günahsız qadının gözü qızmış kişilər tərəfindən daşlanması - bu, müsəlman dünyasında bu gün də baş verir. Həzrəti İsa həmçinin deyirdi ki, inanclı olmağın ətrafdakılara sərgilənməsinə fokuslanmaq ikiüzlülük mədəniyyətinə yol aça bilər. Bu gün bəzi müsəlman icmaları bu problemi yaşayır. İsa peyğəmbər hətta humanizmi leqalizmdən daha yüksək dəyər hesab edirdi. "Şabat insan üçün yaradılıb, insan Şabat üçün yox", – o deyirdi.

Biz müsəlmanlar da “Şəriət insan üçün yaradılıb, insan Şəriət üçün yox" deyə bilmərikmi? Ya da, Həzrəti İsa kimi, Allahın Krallığı - Xilafətin yer üzərinə yox, bizim qəlbimizdə və ağlımızda ucaldılacağını deyə bilərikmi?, - Mustafa Akyol belə yazır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG