İraqın şiə hökuməti, onun İran tərəfindən dəstəklənən hərbi birləşmələri “evlərinə göndərmək” çağırışı Bağdad tərəfindən rədd edildikdən sonra, ABŞ-ın dövlət katibi Rex Tillerson əvvəlcədən xəbər verilmədən İraqa gəlib.
AzadlqıRadiosu xəbər verir ki, Tillerson Bağdada oktyabrın 23-də gecə, İran məsələsini, Kürdüstan referendum hərəkatını və İŞİD-in məğlubiyyətindən sonra İraqın yenidən qurulması və bərpasını müzakirə etmək üçün gəlib.
O İraqın baş naziri Haidar al-Abadi ilə görüşür və İraqın milliyyətcə kürd prezidenti Fuad Masumla da görüşəcəyi gözlənilir.
Bəzi təhlilçilər deyirlər ki, Tillersonun bu görüşlərdə İraqın ərazi bütövlüyünə dəstək verəcəyi gözlənilir.
Bundan əvvəl veilən xəbərlərdə deyilirdi ki, İraqın şiə hökuməti Bağdadın İslam Dövləti ekstremist təşkilatı üzərində qələbəsinə kömək etmiş və İran tərəfindən dəstəklənən silahlıların “evə göndərilməsinə” dair ABŞ dövlət katibi Rex Tillerson-un çağırışını rədd edib.
İraq baş naziri Haidar al-Abadinin administrasiyası tərəfindən oktyabrın 23-də verilmiş bəyanatda deyilir ki, “heç bir tərəfin İraqın daxili işlərinə qarışmaq haqqı yoxdur”.
Bəyanatda baş nazirin özünə yox, “ona yaxın mənbəyə” istinad edilir.
Tillerson oktyabrın 22-də Səudiyyə kralı Salmanla görüşdən sonra demişdi ki, “İran hərbi müşavirlərinin və döyüşçülərinin evlərinə qayıtmasının və İraq xalqının özünün nəzarəti ələ almasının vaxtı çatıb”.
ABŞ-ın vəzifəli rəsmilərindən birinin sözlərinə görə, Tillerson öz çağırışında Xalq Səfərbərlik Qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusunun xarici əməliyyatlar qolu olan Qüds qüvvələrini nəzərdə tutub.
Tillersonun Fars körfəzinə səfəriprezident Donald Trump administrasiyasının Yaxın Şərqdə İranı təcrid etmək cəhdləri ilə eyni vaxta təsadüf edir.
Tillerson bu səfəri zamanı Abadi və kral Salmanın sədrliyi ilə Səudiyyə-İraq Koordinasiya Şurasının inaqurasiyasında iştirak edib. İranın İraqdakı təsirini neytrallaşdırmalı olan bu şura Birləşmiş Ştatların təzyiqi ilə yaradılıb.
Oktyabrın 23-də İran prezidenti Hassan Rohani deyib ki, hazırda Tehranın Yaxın Şərqdəki nüfuzu hər zaman olduğundan daha güclüdür.
İran dövlət televiziyası ilə yayınlanan çıxışında Rohani deyib ki, “İraq, Suriya, Livan, Şimali Afrika, Fars körfəzi hövzəsinda İransız hərəkət etmək mümkün deyildir”.
İranın dəstəklədiyi hərbi birləşmələr ABŞ tərəfindən dəstəklənən İraq hökumətinin İD döyüşçülərini ölkədən vurub çıxarmasında həlledici rol oynayıb.
İD ekstremistlərini İraqın şimalındakı Mosulda məğlub etdikdən sonra İran tərəfindən dəstəklənən hərbi birliklər cihadçıların adda-budda müqavimət guşələrini ləğv etməyə başlayıb.
İranın xarici işlər naziri Mohammad Javad Zarif Tillersonun çağırışına Tvitter postunda cavab verib:
"Görəsən öz vətənlərinin İŞİD-dən müdafiəsi üçün qalxmış iraqlılar hara qayıtmalıdırlar? Əgər İran İslam Respublikasının verdiyi qurbanlar olmasaydı, bu gün İŞİD Dəməşq, Bağdad və Ərbildə öz hökumətini qurmuşdu”.
Trump oktyabrın 22-də demişdi ki, Ağ Evin İranın nüvə sazişinə əməl etdiyini təsdıqləməməsinə baxmayaraq, Almaniya və Fransa Tehranla ticarət edə bilər.
Trump deyib ki, “mən onlara dedim pul qazansınlar, narahat olmasınlar, pul qazansınlar”.
Tillerson isə əksinə demişdi ki, Birləşmiş Ştatlar Avropa şirkət və ölkələrinin “İrana qarşı sanksiyalar strukturunun yerləşdirilməsində” ABŞ-a qoşulacağına ümid edir.
Tillerson bildirmişdi ki, “İran İnqilab Keşikçiləri və ya onların hər hansı qurumları iləbiznes edənlər – Avropa şirkətləri və ya dünya boyunca bütün şirkətlər özlərini böyük riskə məruz qoyurlar”.