Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 12:13

Kürd referendumunun nəticələrinin ləğvi istənilir


Haidar al-Abadi

İraqın baş naziri Haidar al-Abadi bu həftə muxtar kürd regionunda keçirilmiş müstəqillik referendumunun nəticələrinin ləğvini tələb edir.

«Referendum ləğv olunmalı, konstitusiya çərçivəsində dialoqa başlanmalıdır. Referendumun nəticələriylə bağlı heç vaxt danışıq aparmayacağıq», – Abadi sentyabrın 27-də deputatlar qarşısında çıxışında deyib.

«Konstitusiyaya uyğun olaraq, İraq qanununu bütün Kürdüstan regionunda tətbiq edəcəyik», – o söyləyib.

***Buna da bax-İraq kürdləri referendum keçirdi. Bəs sonra?

Bu bəyanatdan sonra avtonom regionun seçki orqanı 25 sentyabr referendumunun nəticələrini açıqlayıb, səsverməyə qatılanların 92.7 faizinin müstəqilliyi dəstəklədiyini, seçici iştirakının 72 faiz olduğunu bildirib.

PARLAMENT QƏTNAMƏ QƏBUL EDİB

«Reuters» agentliyinin yazdığına görə, parlament Abadi-dən xahiş edib ki, kürdlərin əlində olan Kərkükə əsgər göndərsin və neft yataqlarına nəzarəti ələ alsın. Parlamentin qəbul etdiyi qətnamədə belə deyilir.

Masud Barzani Ərbildə səs verir
Masud Barzani Ərbildə səs verir

Multietnik region olan Kərkük 2014-cü ildən, İraq ordusu «İslam Dövləti» (İŞİD) yaraqlılarından qaçandan kürd peşmərgələrinin nəzarəti altındadır. Kürdlərin regionda olması neft yataqlarının yaraqlıların əlinə keçməsini əngəlləyib.

Qətnamədə Abadi-yə belə bir çağırış yer alıb ki, «Kərkük daxil olmaqla, mübahisəli ərazilərdə təhlükəsizlik qüvvələrinin yerləşməsinə göstəriş versin».

Kürd regional hökumətinə (KRG) Kərkük də daxildir. Türkman və ərəblərin yaşadığı, ancaq tarixən kürdlərin iddia etdiyi bu ərazidə də referendum keçirilib.

***Buna da bax-Türkman lideri: 'Kürdlər özlərinə aid olmayan torpaqlarda müstəqillik istəyir' [video]

Kürd liderləri müstəqillik səsverməsiylə bağlı Bağdadla danışıqlara çağırırlar. İraqda İranın dəstəklədiyi güclü şiə döyüşçülərsə dialoqdan imtina, kürd liderlərinə qarşı sərt xətt yürüdülməsi məsələsində Abadi-yə tərəfdar çıxırlar. Bağdadın regiona nəzarəti ələ almaqdan ötrü gücdən istifadəsi də variant kimi dilə gətirilir.

ŞİƏLƏRİN DƏSTƏYİ

«İraqın bölünməsinə yol verməyəcəyik», – şiələrin Xalq Səfərbərlik Qüvvələrinin sözçüsü Ahmed al-Asadi deyib.

Ancaq o, döyüşçülərinin kürd xalqını bütünlükdə hədəfə almayacağını vurğulayıb.

«Referendumu keçirməklə İraqı parçalayanlar hədəfimizdir», – o söyləyib.

Othman al-Ghanemi
Othman al-Ghanemi

Asadi-nin sözlərinə görə, Kərkük yaxınlığında şiə yaraqlılarının bölmələri var və «konstitusiyaya uyğun olaraq, istənilən şəhərə və mübahisəli əraziyə gedib hökumətin nəzarətini bərpa etməyə» göstəriş gözləyirlər.

İran mediası isə bu arada yazıb ki, İraq ordusunun baş qərargah rəisi, general Othman al-Ghanemi sentyabrın 27-də iranlı həmkarı, general Mohammad Hossein Bagheri ilə hərbi əməkdaşlığı müzakirə etməyə Tehrana gedib.

Ghanemi iki ölkənin birgə sərhədinə də baş çəkəcək. Bu sərhədin bir hissəsi hər iki ölkədə yerləşən kürd regionunu ayırır. İran da mübahisəli referenduma qarşı çıxıb.

Livan və Misirin milli aviasiya şirkətləri Kürdüstan paytaxtı Ərbilə hava reyslərini ertələdiyini, bunu Bağdadın xahişiylə gerçəkləşdirdiklərini bildiriblər.

İraq hökuməti referendumdan sonra Kürdüstana beynəlxalq uçuşları qadağan edəcəyi ilə hədələmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG