Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 08:52

Birləşmiş Ştatlar İraq və kürd qüvvələrə çağırış edir


İraq ordusu Kərkük ətrafındakı peşmərgə mövqelərinə doğru irəliləyir

Oktyabrın 16-da İraqın cənubundakı Kərkük şəhəri yaxınlığında İraq və kürd qüvvələri arasında artilleriya atışması olub. Bunu «France-Presse» agentliyi İraq ordusu və kürd peşmərgə qüvvələrinin adını çəkmədiyi komandirlərinə istinadla yazır.

İraqın hərbi mənbələrinə görə, tərəflər Kərkük yaxınlığında bir-birinə «Katyuşa» raketləri atıblar.

BİRLƏŞMİŞ ŞTATLARIN REAKSİYASI

ABŞ rəsmiləri tərəfləri «əlavə qızışdırıcı hərəkətlər»dən çəkinməyə çağırıb. Pentaqon oktyabrın 15-də axşam bildirib ki, regiondakı bütün oyunçular «İslam Dövləti» ekstremist qruplaşmasıyla mübarizəyə fokuslanmalı, İraq xalqı arasında gərginlikdən qaçılmalıdır.

***Buna da bax-Kürd yaraqlıları və İraq ordusu üz-üzə dayanıb

ABŞ ordusu bildirib ki, vahid İraqa dəstəyini davam etdirir və dialoq federal hökumətlə Kürdüstan liderləri arasında gərginliyi azaltmağa əsas variantdır.

«İstənilən tərəfdən zorakılığa, İraqda sabitsizlik yaradacaq, «İslam Dövləti» qruplaşmasıyla mübarizədən diqqəti yayındıracaq hərəkətlərə qarşıyıq», – Pentaqonun sözçüsü Laura Seal deyib.

ABŞ Dövlət Departamenti qarşıdurma xəbərlərindən «xeyli narahat» olduğunu, bütün tərəflərlə işlədiyini vurğulayıb.

REFERENDUMDAN SONRAKI GƏRGİNLİK

Üç həftə öncə kürd rəsmiləri bu muxtar regionda və ətraf ərazilərdə müstəqillik referendumu keçiriblər. Bağdad bu səsverməni «qanunsuz» adlandırıb.

İraq federal polisi Kərkük ətrafında mövqe tutur.
İraq federal polisi Kərkük ətrafında mövqe tutur.

Kürd rəsmilər seçicilərin əksəriyyətinin müstəqilliyə səs verdiyini bildiriblər. Bundan sonra peşmərgə qüvvələri Kürdüstanın rəsmi ərazisindən kənardakı mövqelərini möhkəmləndirməyə başlayıb. Neftlə zəngin Kərkük vilayəti də bu sıradadır.

Birləşmiş Ştatlar, Qərb ölkələri və BMT referenduma qarşı çıxıb, bölgədə sabitsizlik yaradacağını, «İslam Dövləti» (İŞİD) yaraqlılarıyla mübarizəni əngəlləyəcəyini bildirib.

***Buna da bax-Erdoğan və Rohani kürd referendumunu pisləyir, Putin susur

Böyük kürd azlıqları olan Türkiyə və İran da səsverməyə qarşı çıxıb.

Referendumdan sonra İraq və kürd rəsmiləri arasında gərginlik onsuz da yüksək olub, ancaq silahlı toqquşma artıq narahatedici məqamdır.

KƏRKÜKDƏ DURUM

Oktyabrın 16-da gecəyarıdan sonra İraq və kürd rəsmiləri bildiriblər ki, İraq qüvvələri artıq neft yataqlarına və peşmərgə döyüşçülərinin Kərkük ətrafındakı hava bazasına doğru irəliləyir.

İraq ordusunun polkovnik-leytenantı Salah el-Kinani «Reuters» xəbər agentliyinə deyib ki, ordunun məqsədi Kərkükün qərbindəki K1 hava bazasına nəzarəti ələ almaqdır.

Kürdüstan Regional Hökumətinin (KRG) Təhlükəsizlik Şurası da bildirib ki, İraq və Xalq Səfərbərlik qüvvələri Kərkükün cənubundakı Tazaya doğru irəliləyir, onların məqsədi şəhərə girmək, K1 bazası və neft yataqlarını ələ keçirməkdir.

İraqın baş naziri Haidar al-Abadi təhlükəsizlik qüvvələrinə əhali və peşmərgəylə əməkdaşlıq edərək, Kərkükdə təhlükəsizlik yaratmağa çağırıb.

İraqın «Al-Iraqiya» dövlət televiziyası daha sonra məlumat yayıb ki, İraqın hökumət qüvvələri, antiterror bölmələri və federal polis Kərkük ətrafında «böyük» ərazilərə nəzarəti ələ alıblar, ancaq «bircə güllə də atılmayıb».

Yerli kürd komandiri oktyabrın 16-da bildirib ki, kürd qüvvələri vilayətin neft quyularına nəzarəti saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG