Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Avqust, bazar, Bakı vaxtı 02:26

İranda Ramazan duası ətrafında diskussiyalar [video]


Mohammad-Reza Shajarian yenidən İran TV-lərinə dəvət alıb

İranın ən böyük klassik musiqi ifaçısının yenidən Ramazan dualarına dəvət edilməsi ətrafında mübahisələr ölkə televiziyalarına nəzarət edən mühafizəkarlar üçün yeni bir sınağa çevrilib.

Mohammad Reza Shajarian-ın ifasında "Rabbana" otuz il ərzində televiziyada Ramazan dualarını müşayiət edib. Ancaq 2009-cu ildə Shajarian-ın prezident seçkilərini tənqid edən islahatçıları dəstəkləyən ifadələrindən sonra televiziya öz proqramında dəyişiklik edib. O vaxtdan televiziyada Ramazan duaları Shajarian-ın ifası olmadan keçir.

Buna da bax:​ Ramazan ayında necə düzgün qidalanmalı?

NAZİRİN TƏKLİFİ

Bəllidir ki, ölkənin güclü, seçilməmiş dini rəhbərliyinin timsalında mühafizəkarlar dövlət televiziyasına nəzarəti əllərində saxlayırlar. Bu ayın əvvəlində ikinci dəfə dörd illik müddətə prezident seçilmiş Hassan Rohani vətəndaşlardan ötrü daha çox açıqlığa nail olmağa çalışacağına söz verib.

Əvvəllər 76 yaşlı Shajarian-ın ifasında Ramazan duası bütün müqəddəs ay boyunca gün batan zaman dövlət televiziyası və radiosunda səslənirdi. Bu duanın səslənməsi o deməkdir ki, insanlar artıq oruclarını bitirib iftar aça bilərlər.

Ancaq səkkiz il öncə, 2009-cu ildə Shajarian prezident seçkilərində o zamankı prezident Mahmud Ahmadinejad-ın yenidən seçilməsini sorğulayan müxalifətə dəstək ifadə etdi. O, həmçinin etirazların ardınca müxalifətçilərə təzyiqləri tənqid etdi. Həmin vaxt yüzlərlə insan saxlanılmış və ya həbs edilmişdi. Bir neçə il keçsə də, müxalifət lideri hələ də ev dustağıdır.

Buna da bax:​ Rouhani-ni seçki saxtakarlığında suçlayırlar

Ötən həftə hökumətin nəzarətində olan "Iran Daily" qəzeti yazıb ki, ölkənin mədəniyyət naziri Reza Salehi Amiri dövlət televiziyasını bu ilki Ramazan ayında yenidən Shajarian-ın "Rabbana"sını səsləndirməyə çağırıb. Xatırladaq ki, bu il Ramazan ayı mayın 27-də başlayıb.

“O, QİRAƏT USTASIDIR?”

Ancaq dövlət televiziya və radiosuna nəzarət edən milli şurada mühafizəkar məhkəmə sistemini təmsil edən Javad Larijani bu çağırışa cavab olaraq deyib ki, Shajarian-ın ifasının efirə verilməsi "islam qiraət normalarının" pozulması demək olardı.

Larijani əlavə edib ki, "Shajarian-ın müdafiəsi siyasi müzakirəyə çevrildiyindən", efirə verilən duanın özü kölgədə qalacaq. "Bu, islam qiraət prinsiplərinə ziddir", – deyə o bildirib.

Buna da bax:​ Günəşin batmadığı yerdə oruc tutmaq

Larijani-nin mövqeyini İran musiqiçilərinin Musiqi Evi adlı təşkilatının rəhbəri Hamid Reza Nourbakhsh sərt tənqid edib. O deyib ki, bu məsələyə şərh vermək üçün Larijani-nin yetərincə dini səlahiyyəti yoxdur.

"Soruşmaq istədim ki, Larijani Maestro Shajarian-ın "Rabbana"sı barədə fikir bildirərkən hansı təcrübəsinə əsaslanır? O, qiraət ustasıdır? Quran mütəxəssisidir? Yoxsa şərhçidir?" – deyə Nourbakhsh sual edib.

ROHANİ-NİN CAVABI

Siyasi səhnədə yüksəlişi islahatçıların və nisbi mötədillərin mövqelərini möhkəmləndirmiş veteran siyasətçi prezident Hassan Rohani isə buna, Shajarian-ın ifasında "Rabbana"nı özünün 1,6 milyon izləyicisi olan Instagram səhifəsində paylaşmaqla cavab verib.

Rohani bundan başqa mayın 19-da keçirilmiş prezident seçkiləri öncəsi ustad müğənniyə qoyulmuş qadağanı tənqid edib.

Buna da bax:​ İranlı fəal: 'Hassan Rohani söz vermişdi, amma sözünü tutmadı'

“Biz insanların sevdiyi ramazan duası və "Rabbana"nı efirə verməkdən imtina ediriksə, elm və mədəniyyəti inkişaf etdirməkdən necə danışa bilərik?"– deyə Hassan Rohani sual edib.

Shajarian-ın ifasının yayımlanmasına yasaq ətrafında müzakirələr müğənninin böyrək xərçəngiylə mübarizə aparması haqda xəbərlər fonunda gündəmə gəlib.

Shajarian-ın "Rabanna"sı bu ay İranın Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatı tərəfindən İranın milli irs siyahısına daxil edilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG