Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:23

İranlı səyahətçilərin sayı artır


İranlı səyahətçi
İranlı səyahətçi

Sosial media vasitəsilə bir-birini ənənəvi sərhədləri aşmağa və dünyagörüşlərini artırmağa həvəsləndirən iranlı gənclər səyahətə get-gedə daha çox maraq göstərirlər.

Avtostopla və bəkpəkinq tərzində dünyanı gəzən iranlı gənclərin macəraları İranda ən çox işlənən mobil əlavələr - Instagram və Telegram-da son dərəcə populyardır. Belə səhifələrin bəzilərinin 200 mindən artıq izləyicisi var.

Tətil nədir

1979-cu ildən sonra Şimali Amerika və Avropaya üz tutan böyük diaspor sayəsində İran səyahət dünyasında öz yeri olan ölkəyə çevrilib. Ancaq indi orta təbəqənin mədəniyyət maneələrini və valideynlərin narahatlığını aşaraq qanadlarını geniş açmaq növbəsidir.

31-yaşlı Sara uşaqlıqdan elə bilirdi ki, tətil ailəylə birlikdə İranın şimal sahillərinə getmək deməkdir. Ancaq iki il öncə o, couchsurfing.com saytında bir qrup xarici ilə tanış olaraq onlarla birlikdə avtostopla qədim Yəzd şəhərinə gedib. O bu səfərə hazırlıqsız gedib. «Heç bir ləvazimatım yox idi. Ayağımda incə qız ayaqqabısı, üstümdə dostumdan borc aldığım bel çantası vardı», – o, «France-Presse» (AFP) agentliyinə müsahibəsində deyib.

Ancaq bu səfər onun gözlərini imkanlar dünyasına açıb. Tezliklə Sara Avropaya 40-günlük səyahət üçün pul yığmağa başlayıb. Özü də bu yolda mühafizəkar düşüncəli valideynləri ilə az mübahisə etməyib.

«Ailəm bunu asanlıqla, bir gecənin içində qəbul etmədi. Çoxlu çətinlikdən keçməli oldum. Ancaq yavaş-yavaş sübut etdim ki, qısa səfərlər edə bilərəm. Beləliklə, onların inamını qazandım. İndi artıq həftə sonlarını evdə keçirəndə atam gəlib soruşur ki, hər şey qaydasındadırmı», – Sara gülərək deyir. O, həm də öz səfərləri haqda müntəzəm bloq yazıları yazır.

Tbilisidə İran turistləri
Tbilisidə İran turistləri

Hostel şoku

Digər iranlı gənclər, xüsusən də qızlar deyirlər ki, onlara tək səyahət etməyin təhlükəli olduğu deyilib.

«Adamlara Avropada hosteldə qaldığımı deyəndə iranlılar şoka düşüb soruşurdular: «Demək istəyirsən sənin otağında yad adamlar da olurdu?! Onlar sənə heç nə etmədilər ki?» – digər bir səyahət bloqqeri Mahzad Elyassi deyir.

O, avtostopla səyahət haqda yalnız 2015-ci ildə eşidib. Ancaq o vaxtdan İranın bütün 32 əyalətini və 20 xarici ölkəni gəzib.

«Biz artıq sübut etmişik ki, İran belə səyahətlərdən ötrü tamamilə təhlükəsiz yerdir. Artıq bu, trendə çevrilib. Bir qadın deyir ki, ərini inandırmaq üçün mənim Instagram səhifəmdən yararlanıb. Deyib ki, «O bunu tək edə bilirsə, biz də edə bilərik»», – M.Elyassi deyir.

Ötən il İrandan 9.2 milyon adamın yola çıxdığı qeydə alınıb. Bu, öncəki ilə baxanda 38.5% artım deməkdir. 10 il öncəylə müqayisədə isə bu rəqəm iki dəfə artıb.

Bu trend 2013-cü ildə hakimiyyətə gəlmiş, İranın dünya ilə münasibətlərini yaxşılaşdırmağa söz vermiş prezident Hassan Rouhani-yə kömək edib.

38 ölkə vizanı ləğv edib

İranlıları heç də hər yerdə mehriban qarşılamırlar. Ötən il ABŞ ölkədə yaxın ailə üzvləri yaşamayan İran vətəndaşlarının ölkəyə girişini qadağan edib. Avropa ölkələri isə yoxsul insanları ələyərək, onların ölkəyə girişini məhdudlaşdırmaq üçün sərt və süründürməçi prosedurlar tətbiq ediblər. Ancaq dünyanın qalan ölkələri İrandakı turizm bumunu müsbət qarşılayır. Hətta 38 ölkə artıq İran vətəndaşları üçün viza rejimini ləğv edir. Bu ölkələr arasında Gürcüstan, Rusiya, Türkiyə və Malayziya da var. Hindistanla da bu məsələ ilə bağlı danışıqlar getdiyi bildirilir.

Bütün bunlar İranda zəngin təbəqəyə daxil olmayan, daha ucuz ölkələri gəzməyə üstünlük verən insanları daha çox səyahət etməyə həvəsləndirib.

«Ola bilər ki, iranlıların Avropaya getməyə yetərincə dolları, yaxud avrosu yoxdur. Ancaq onlar Cənub-Şərqi Asiya kimi yerləri gəzə bilərlər», – Elyassi deyir.

Bu məsələdə texnologiyanın da rolu danılmazdır.

«Mən yeni başlayanda hələ Google Maps yox idi. İnsanlar asanlıqla səyahət edərək öz təcrübələrini bölüşə bilmirdilər», – İranın ən məşhur səyahətçilərindən biri, 43-yaşlı Reza Pakravan deyir. Pakravan Sahara səhrasını velosipedlə keçməklə dünya rekorduna imza atıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG