Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:52

İranın tibbi sığorta sistemi necə işləyir


İranda hospital
İranda hospital

«The Guardian» qəzeti İran prezidenti Hassan Rouhani-nin uğurlu tibbi sığorta proqramından söz açan məqalə dərc edib.

67 yaşlı bir mağaza sahibi insult keçirən kimi Namazi xəstəxanasına aparılır və orada altı gün reanimasiyada qalmaqla 20 gün müalicə alır. Ailəsi borc-xərclə 100 milyon riyal (2 min funt sterlinq) düzəldir ki, xərcləri ödəsin, ancaq onlara 5.8 milyon riyallıq (116 funt sterlinq) çek gəlir. Həmin şəxsin prezident Hassan Rouhani-nin prezidentliyinin ilk dönəmində gerçəkləşdirdiyi sığorta proqramına üzv olduğu üzə çıxır. Bu proqram ABŞ-ın keçmiş prezidenti Barack Obama-nın «Obamacare» proqramına oxşar olaraq «Rouhanicare» adını alıb. Proqram çərçivəsində bir ailə tibbi sığortaya cəmi 128 milyon riyal ödəyir.

11 MİLYON İRANLI

Qəzet yazır ki, son üç ildə Rouhani-nin Səhiyyə Nazirliyi 11 milyonadək iranlını sığortalayıb. Yəni, daha öncə proqramda olmayan işsizlər və yoxsullar da artıq qorunur.

***Buna da bax-Dövlət xəstəxanaları publik olandan sonra... [video]

Hökumətin «bimeh salamat» (səhiyyə) sxemiylə adambaşına aya 380 min riyal ayrılır. Sığortası olanlar müalicənin yalnız cüzi hissəsini ödəyir.

Rouhani-nin seçki kampaniyasında verdiyi vədlərin necə yerinə yetirildiyini öyrənən «Rouhanimeter» adlı müstəqil sayt prezidentin səhiyyəyə dair vədlərini yerinə yetirdiyini bildirir.

İlkin mərhələdə 5 milyon iranlının bu proqrama qoşulacağı gözlənirdisə, indi bundan iki dəfə artığı qeydə alınıb. Çoxu əvvəllər xərcdən çəkinib həkimə getməyə cürət etmirdi.

Shahram Shahbazi-nin anası aerobika təlimçisi olub, iki il öncə onurğa beynində problem yaranıb və evə məhkum olub.

«Bu proqram köməyimizə çatdı, yoxsa 5 min funt sterlinqlik əməliyyatlar bizlik deyildi», – 27 yaşlı Shahbazi deyir.

İranda hospital
İranda hospital

770 MİLYON FUNT-STERLİNQ

Ancaq məqalədə bu proqramın problemlərinin də az olmadığı vurğulanır. Bu bahalı layihə ilə 770 milyon funt-sterlinqə başa gəlir. Rouhani-nin rəqiblərinə bağlı yarırəsmi «Fars» xəbər agentliyi ötən il iddia edirdi ki, «Rouhanicare» iflas üzrədir, çünki yaxşı ölçülüb-biçilməyib və maliyyəsi çatışmır. İlk illərdə rəsmilər də maliyyə qıtlığını etiraf edirdilər.

***Buna da bax-17 ildən sonra tibbi sığortaya start verildi - cəmi 2 rayonda [video]

Uorik Universitetinin məzunu, İranın səhiyyə sistemini araşdıran Hossein Nafisimofrad da məsələyə skeptik yanaşır, onun dəyərləndirməsinə görə, dövlətin bu siyasətinin məqsədi siyasi itaətsizliyi önləməkdir, ancaq uzunmüddətli perspektivdə xərclərinə görə səmərəsiz və dayanıqsız görünür.

Məqalədə o da yada salınır ki, bu səhiyyə proqramı Rouhani-nin adına yazılsa da, 20 ildən çox idi qanun halına salınmışdı və Mohammad Khatami-nin islahatçı prezidentliyi dövründə qismən yerinə yetirilmişdi.

İran əhalisinin təxminən yarısı «Rouhanicare», yaxud digər yollarla sığortalanıb. 38 milyon nəfərin tibbi sığortasını hökumət ödəyir. Qalanlarını işəgötürənləri təmin edir.

90 FAİZ KƏNDDƏ YAŞAYANLARDIR

Hökumətin salamat sığorta sisteminə qatılanlar ümumi müalicə xərclərinin 6%-ni, dərmanların isə 10-30%-ni ödəyirlər. Bunu ödəmək imkanı olmayanlarsa ödənişdən azad edilir.

Salamat sığortası olan 11 milyon nəfərin 90%-i kənd yerlərində yaşayanlardır. Hökumət bu yaxınlarda qərar verib ki, imkanı olanlar gəlirlərinə uyğun olaraq öz paylarına düşənin 15-100 faizini ödəsinlər. Amma yeni tələbin nə vaxt qüvvəyə minəcəyi bəlli deyil

Qəzetə danışan səhiyyə nazirinin müavini və sözçü Iraj Harirchi maliyyə problemlərini etiraf edir, ancaq hökumətin pul tapa biləcəyindən də əmindir.

Yüzlərlə tibb bacısı isə İran parlamenti qarşısında etiraz edib. Onlar fevralda gileylənirdilər ki, «Rouhanicare» proqramı çərçivəsində onlara təzyiq artıb, maaşları artmır.

Bütün bunlara baxmayaraq, «Rouhanicare» proqramını uğur sayanlar az deyil, hətta Rouhani-yə ona səs verməyənlər belə. 39 yaşlı Roshanak deyir:

«Bilmirəm o, niyə seçki kampaniyasında nüvə sazişinə fokuslanırdı. Azgəlirli ailələrə ən çox bu proqramın faydası dəyib. Bu plandan qabaq adamlar heç müayinəyə getməyə ürək etmirdilər, xərcindən çəkinirdilər, indi adamlara baxırsan, hərəsinin bir dəftərcəsi (sığorta kitabçası) var».

XS
SM
MD
LG