Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 12:04

'Telegram' İranın iddiasını təkzib edir


İranda Telegram-ın bloklanması. Karikatura

Bazar günü İranın kommunikasiya və informasiya texnologiyası naziri deyib ki, «Telegram» messencer xidməti serverlərinin bəzilərini bu ölkəyə köçürüb. Ancaq «The Associated Press» agentliyi bu mobil əlavənin yaradıcısının iddianı təkzib etdiyini yazır.

İranın yarırəsmi ISNA xəbər agentliyi nazir Mahmoud Vaezi-yə istinadla yazıb: ««Telegram»ın menecerləriylə görüşlər nəticəsində serverlərdən bəziləri ölkəyə köçürülüb».

YA SAXTA XƏBƏR, YA DA QEYRİ-DƏQİQ TƏRCÜMƏ

«Telegram»ın təsisçisi Pavel Durov isə bazar günü «The Associated Press»ə «Twitter» vasitəsiylə bildirib ki, şirkətin əvvəlki mövqeyi dəyişməyib.

«İrana «Telegram»ın heç bir serveri köçürülməyəcək», – o qeyd edir.

Vaezi demişdi ki, «Telegram» kontentin çatdırılması şəbəkələri, yaxud CDN kimi tanınan üçüncü tərəf sistemlərindən İranda istifadə etməyi planlaşdırır.

«Telegram» kimi internet xidmətləri CDN-lərdən məlumatların çatdırılması sürətinin artırılması üçün yararlanır. Durov deyib ki, CDN-lərin «Telegram»ın serverlərinin yerinin dəyişdirilməsi, yaxud məntiqsiz yerli qanunvericiliyə əməl olunmasıyla bağlılığı yoxdur.

Durov daha sonra yaydığı bəyanatda deyib ki, İranda serverlərlə bağlı iddia ola bilsin, daha bir saxta xəbər, yaxud qeyri-dəqiq tərcümədir və şirkətin şəbəkə provayderindən kirayələdiyi, əslində, CDN stansiyasıdır.

Pavel Durov
Pavel Durov

Onun sözlərinə görə, şirkət Türkiyə, İraq, İran, Hindistan, İndoneziya və Argentina kimi ölkələrdə CDN-lərə etibar edir, çünki həmin məkanlarda özünün serverlərini qurmaq istəmir.

HAKERLƏR MƏLUMATLARI ƏLƏ KEÇİRSƏLƏR BELƏ...

Durov deyir ki, bu şəbəkələr «Telegram»ın göndərdiyi şifrəli mesajların kodunu aça bilmir.

«CDN-lər kodlaşdırılmış məlumatı alırlar, açarlar heç vaxt onlarda olmur. Hətta hakerlər, yaxud üçüncü tərəflərin əlinə keçsə belə, onlar faylların şifrəsini aça bilməyəcəklər», – o yazıb.

«Telegram» istifadəçilərə internet üzərindən mətn, şəkil və video göndərmək imkanı verir. Mobil əlavə yüksək səviyyədə şifrəli xidmət göstərdiyini bildirir, istifadəçilər mesajlarını konkret bir müddətdən sonra «öz-özünü pozmaq» funksiyasına ayarlaya bilirlər. Təhlükəsizliyi sarıdan narahat fəallar bu funksiyadan çox faydalanırlar.

İran xarici ölkələrdən idarə olunan sosial şəbəkələrə bildirib ki, bu ölkədə fəaliyyəti davam etdirə bilmək üçün serverlərini buraya köçürməlidirlər.

İran «Facebook» və «Twitter» sosial media saytlarını, eləcə də digər vebsaytları blok edir. Yüksəkrütbəli rəsmilərin sosial mediaya maneəsiz çıxışı var, ancaq gənclər və texnologiyadan başı çıxanlar nəzarətdən yayınmaqdan ötrü proksi-xidmətlərdən yararlanırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG