Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 07:10

Deputat deyir, iranlıların xoşbəxt olmaması onları həm də qəzəbli edir


İranda yolda tıxac zamanı dava

İran parlamentinin üzvü Parvaneh Salahshour deyib ki, işsizlik, xoşbəxtliyin olmaması, dolanışıqla bağlı çətinliklər İranın dünya üzrə «sosial zorakılıq» siyahısında ilk yerlərdən birini tutmasının əsas səbəbləridir.

Tehrandan seçilmiş millət vəkili P.Salahshour daha sonra deyib: «Səhiyyə Nazirliyinin hesabatına əsasən, davalar və fiziki qarşıdurmalar iranlıların təcili yardım məntəqələrində ölümünün səbəbləri arasında ikinci yeri tutur».

Onun bu çıxışı dekabrın 7-də İran parlamentinin rəsmi saytında dərc edilib.

Ən qəzəbli xalq

P.Salahshour deyib ki, keçirilən son rəy sorğularının nəticələrinə görə, İran sosial zorakılıq amilinə görə dünyada birinci yeri tutur. Onun sözlərinə görə, bu, iranlıların yer üzündə ən qəzəbli xalq olduğunu göstərir.

Salahshour-un sözlərinə görə, vətəndaşlar arasında zorakılığın dərəcəsi elə həddə gəlib çatıb ki, artıq ona əhəmiyyət verməmək mümkün deyil. «Problem o qədər ciddidir ki, dərhal diqqət tələb edir», – deyə o, əlavə edib.

Salahshour-un fikrincə, ictimai zorakılığın səbəbi bir deyil. «Şəhərlərin üzləşdiyi bir çox problemlər, o cümlədən ağır tıxaclar, səs kirlənməsi, işsizlik və dolanışıqla bağlı çətinliklər - bu amillərin hər birinin rolu var», – o deyib.

Tehranlı millət vəkili həmçinin bildirib ki, cəmiyyətdə sevinc və xoşbəxtliyin olmaması cəmiyyətin müxtəlif təbəqələrində artan zorakılığın əsas səbəblərindən biridir:

«İranlılar gündəlik həyatlarında çoxsaylı problemlərlə üzləşirlər. Yanlış olaraq sevinc və həzdən imtina üzərində qurulmuş mədəni normalar cəmiyyətdə geniş təbliğ olunduğundan, bu gün İranda sevinc nadir tapılan dəyərlərdən biridir».

İran parlamentinin qadın üzvləri. Sağdakı millət vəkili Parvaneh Salahshour-dur.
İran parlamentinin qadın üzvləri. Sağdakı millət vəkili Parvaneh Salahshour-dur.

Salahshour hesab edir ki, problemin ən yaxşı həll yollarından biri cəmiyyətdə dözümlülük və xoşbəxt yaşamağın müsbət təsirlərini təbliğ etməkdir.

Xanım Salahshour mənbənin adını çəkməsə də, bu il yayın sonlarında «Gallup» təhlil və araşdırma şirkətinin yaydığı hesabatda İraq, İran və Sudan planetin ən qəzəbli ölkələri kimi göstərilib.

İraq dünyanın ən bədbəxt ölkəsidir

Hesabatda deyilir: «Bilirdiniz ki, insanların davranışının 70 faizi emosiyalar üzərində qurulur?.. İşsizlik və ÜDM kimi göstəricilər cəmiyyətin sağlamlığının müəyyən aspektlərini hesablamağa kömək etsə də, bugünədək bir ölkənin emosional vəziyyətini ölçmək üçün hər hansı makrosəviyyəli göstərici mövcud deyil».

«Artıq üçüncü ildir dərc olunan bu hesabat dünya liderlərinə, iqtisadçılara və politoloqlara insanların hissləri və davranışları haqda məlumat verir, onlara cəmiyyətlərinin sağlamlıq durumu və gələcəyi haqda ənənəvi iqtisadi göstəricilərdən daha çox şey deyir», – «Gallup» yazır.

Türmənistanda "sağlamlıq və xoşbəxlik" ayı..
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

Hesabatda İraq yer üzünün ən bədbəxt ölkəsi kimi göstərilir. Tədqiqatın müəllifləri bu hesabatı dünyanın 138 ölkəsinin sakinlərinin hisslərini (qəzəbdən stress və kədərə, fiziki ağrıyadək) ölçərək, əldə etdikləri nəticələr əsasında hazırlayıblar. Ən yüksək bal ən kədərli, ən mənfi emosiyalara malik ölkənin sakinlərinə verilib.

Hesabata görə, yunanlar 67%-lə dünyanın ən stressli xalqıdır.

Hesabatda İraq 57 xalla birinci, İran 53 xalla ikinci, Misir 50 xalla üçüncüdür. Qırğızıstan və Özbəkistanda isə mənfi emosiyaların ən aşağı göstəricisi qeydə alınıb – 13 xal. Beləliklə, hesabat bu ölkələrin əhalisinin dünyanın ən xoşbəxt xalqları olduğunu iddia edir.

İranlıların, demək olar, yarısı, yəni 48 faizi öz ölkələrini yaşamaq üçün özünə yer seçmək istəyən dostlarına məsləhət görmədiklərini deyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG