Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:50

İran ədliyyəsindən alimin ölüm səbəbinin araşdırılması tələbləri genişlənir


Kavus Seyed-Emami
Kavus Seyed-Emami

Human Rights Watch (HRW) insan haqları təşkilatı 63 yaşlı iranlı-kanadalı alim və ətraf mühit fəalının Tehran həbsxanasında ölməsi ilə bağlı müstəqil araşdırma aparılmasına dair çağırışlara qoşulub.

İran rəsmiləri bildiriblər ki, Kavus Seyed-Emami həbsdəykən intihar edib. Lakin alimin ailə üzvləri və fəallar onun intiharı barədə rəsmi məlumata inanmırlar və meyitin müstəqil autopsiyasını tələb edirlər.

Fevralın 13-də verdiyi bəyanatda HRW bildirib ki, bu, yanvar ayından bəri İran həbsxanalarında hakimiyyətin intihar adlandırdığı üçüncü “şübhəli ölüm” hadisəsidir.

Təşkilatın Yaxın Şərq üzrə direktoru Sarah Leah Whitson deyib: “İranın ədliyyə rəsmiləri düşünürlər ki, onlar tanınmış professor Seyed-Emaminin yüksək təhlükəsizlik sistemi olan Evin həbsxanasında sadəcə olaraq intihar etdiyini deməklə yaxalarını məsuliyyətdən çəkə biləcəklər”.

Xanım Whitson əlavə edib ki, İran ədliyyəsi “saxlama zamanı baş vermiş ölüm hallarını təhqiq etməkdən boyun qaçırmaqla öz etibarını çoxdan itirib”.

Xəbər verildiyinə görə Seyed-Emami hakimiyyət orqanları tərəfindən yanvarın 24-də HRW-un təbirincə deyilsə “qondarma” casusluq ittihamı ilə saxlanıb.

Fevralın 10-da onun oğlu Ramin Emami sosial mediada yazıb ki, hakimiyyət orqanları onun anasına ərinin həbsdə ikən intihar edərək öldüyünü deyib.

İran ədliyyəsi bundan sonra Seyed-Emaminin həbsxanada intihar etdiyini rəsmən bildirib.

Tehran prokuroru Abbas Cəfəri-Doulətabadi fevralın 11-də yarımrəsmi ILNA agentliyinə deyib ki, Seyed-Emami “casusluq işində müttəhimlərdən biri olub və çox təəssüf, bir çoxlarının ona qarşı ifadə verdiklərini bildiyinə və özünün verdiyi ifadəyə görə həbsxanada intihar edib”.

Fevralın 12-də İran parlamenti milli təhlükəsizlik və xarici siyasət komitəsinin rəhbəri Əlaəddin Burucerdi ILNA agentliyinə bildirib ki, bəzi millət vəkilləri həbsxananın təhlükəsizlik kamerasından alınmış görüntülərə baxdıqdan sonra intihar faktını təsdiq ediblər.

Lakin fevralın 12-də AzadlıqRadiosunun Farda redaksiyasına müsahibəsində Seyed-Emami ailəsinin vəkili Payam Deraxşan deyib ki, təhlükəsizlik kamerasından alınmış görüntülərlə tanışdır, lakin bunların arasında intiharı göstərən epizodlar yoxdur.

Vəkil bunu da bildirib ki, autopsiya keçirilsə də, nəticələri hələlik açıqlanmayıb.

Onun sözlərinə görə buna adətən 1 ay vaxt lazım gəlir.

İranın politologiya, sosiologiya, sülh araşdırmaları və mədəniyyət sahəsi ilə bağlı 4 elmi cəmiyyəti prezident Hassan Rohaniyə açıq məktub yazaraq “bu işin ciddi şəkildə araşdırılmasını və bu itki üçün cavabdehlik daşıyanlardan hesabat istəməsini” rica ediblər.

Seyed-Emamini “müstəsna alim” və “yüksək etik dəyərləri olan insan” kimi təqdim edən bu məktubda deyilir ki, “bu həbs və ölüm hadisəsi ilə bağlı xəbər və şayiələr inandırıcı səslənmir”.

Seyed-Emami Tehranın İmam Sadeğ Universitetində sosiologiyadan dərs deyirdi və eyni zamanda kökü kəsilmək təhlükəsində olan heyvanların mühafizəsi ilə məşğul İran Canlı Təbiət İrsi Fondunun direktoru idi.

Bir çoxları habelə Seyed-Emaminin 8-ədək həmkarının taleyindən narahatdırlar. Onların da Seyed-Emami ilə eyni vaxtda saxlandığı deyilir.

Xanım Whitson deyib ki, bu, ölkənin xronik probemlərinin həllinə çalışan insanlar üzərinə hücumun daha bir dalğasıdır.

Human Rights Watch təşkilatının bəyanatında deyilir ki, İran ədliyyəsi sözü gedən şəxsləri dərhal və qeyd-şərtsiz azad etməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG