Mayda İranda keçiriləcək prezident seçkisi təkcə ölkənin qısamüddətli siyasətini yox, həm də uzunmüddətli perspektivdə gələcəyini müəyyənləşdirəcək. Seçkinin nəticələrindən asılı olaraq, İrandakı hakim rejim ya daha teokratik və militarist, ya da daha demokratik və seçkili olacaq. Bunu «Al Jazeera» televiziyasının saytında Saeid Golkar yazır.
Çoxları İrandakı seçkiləri mötədillərlə mühafizəkarların mübarizəsi prizmasından nəzərdən keçirir.
ÜÇ ƏSAS NAMİZƏD VAR
Hazırda üç əsas namizəd var: mötədil qanadı indiki prezident Hassan Rouhani təmsil edir. Ebrahim Raisi və Mohammad Ghalibaf-sa mühafizəkardır.
E.Raisi ölkənin baş prokuroru və Məşhəddəki İmam Rza məbədinin hamisi, M.Ghalibaf isə İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) və İran milli polisinin keçmiş komandiri, Tehranın hazırkı meridir.
ABŞ-ın Şimal-Qərb Universitetinin İran üzrə mühazirəçisi Saeid Golkar yazır ki, İran siyasətini anlamaq üçün ona yalnız mötədillərlə mühafizəkarların paradiqmasından baxmaq yetmir. Çünki bu yanaşma mühafizəkarlar arasındakı fərqi görməyə və İranın siyasi gələcəyini proqnozlaşdırmağa imkan vermir. Onun sözlərinə görə, bu halda hər bir namizədin seçkilərdə iştirakdan öncə hansı güc blokuna aid olduğuna baxmaq lazımdır. Namizədin bundan öncə ruhani, texnokrat, yaxud hərbçi və ya təhlükəsizlik əməkdaşı olması çox şeydən xəbər verir.
ÜÇ BLOK
1979-cu ildən İran siyasətini bu üç blok və onların bir-birilə münasibəti formalaşdırıb. Onlar arasındakı qarşılıqlı münasibətlərdən üç növ alyans ortaya çıxıb: ruhani-hərbçi, ruhani-texnokrat və hərbçi-texnokrat.
1980-ci illərdə ruhani-hərbçi alyansı dominant olubsa, 1990-larda güc texnokratların əlinə keçib və İİKK-nin mövqeləri zəifləyib.
Akbar Hashemi Rafsanjani-nin dövründə (1989–1997) ruhani-texnokrat alyansı dominant olub və bu zaman ruhanilər daha ağır çəkiyə yiyələniblər. Mohammad Khatami-nin prezidentliyi dövründə (1997-2005) isə bu alyans texnokrat-ruhani alyansına çevrilib, yəni texnokratlar üstünlüyü ələ alıblar.
ROUHANI VƏ RAISI-NİN ALYANSLARI
Mahmud Ahmadinejad-ın dövründə (2005-2012) isə İnqilab Keşikçiləri-bürokratlar alyansı daha güclü idi. Hassan Rouhani-nin prezidentliyi dövrü texnokratların hakimiyyətə qayıdışı, İİKK-nin idarəçilikdə marginallaşması ilə xarakterizə oluna bilər.
Müəllif bu çərçivədən çıxış edərək yazır ki, H.Rouhani ruhani-texnokrat, E.Raisi ruhani-hərbçi-təhlükəsizlik, M.Ghalibaf-sa təhlükəsizlik/hərbçi-texnokrat alyansının təmsilçisidir.
Ali dini lider Ali Khamenei də ruhani-hərbçi alyansına yaxındır. Onun E.Raisi-ni Məşhəddəki İmam Rza məbədinin mühafizəçisi təyin etməsi də bundan qaynaqlanır. E.Raisi-nin İİKK və «Bəsic»lə, habelə İranın məhkəmə sistemi ilə də yaxşı münasibətləri var.
Bu üç alyansın siyasi, ictimai, mədəni və iqtisadi istiqamətləri bir-birindən fərqlənir. Buna görə də, qalib gələn alyans gələn seçkilərə, ən əsası isə növbəti ali dini liderin təyinatına təsir göstərməklə, İslam Respublikasının gələcəyini müəyyən edəcək.
ALİ DİNİ LİDERİN SEÇİMİ
İran prezidentlərinin ölkənin təhlükəsizlik və xarici siyasətini formalaşdırmaq gücü yoxdur. Bu sahələr ali dini liderin səlahiyyətlərinə daxildir. Ancaq prezident İran siyasətində ikinci ən güclü fiqurdur.
Seçkilərin nəticələri növbəti ali liderin seçilməsinə ciddi təsir edəcək. Prezident ali liderin seçilməsi prosesində birbaşa iştirak etməsə də, bu məsələdə mühüm rol oynayır. İran Konstitusiyasında deyilir ki, Ali Lider öldüyü halda, 88 hüquqşünasdan ibarət Ekspertlər Şurası yeni lideri təyin edənə qədər prezident müvəqqəti şurada onun səlahiyyətlərini icra edəcək üç əsas fiqurdan biridir. Təyinat prosesinin müddəti ilə bağlı hər hansı məhdudiyyət olmadığına görə, bu müvəqqəti şura uzun müddət hakimiyyətdə ola bilər.
Namizədlərdən H.Rouhani və E.Raisi Ekspertlər Şurasının üzvləridir. Buna görə də, seçiləcəkləri halda, onların gələcək ali liderin seçilməsi prosesinə təsiri güclü ola bilər. 77 yaşlı A.Khamenei-nin səhhətinin çox da yaxşı olmadığını nəzərə alsaq, növbəti ali liderin məhz yaxın 4 il ərzində seçiləcəyini gözləmək olar.