İrana yeni sanksiyalar ABŞ Senatında daha bir mərhələdən keçib. İyunun 7-də senatorlar 97-2 səs çoxluğuyla sanksiyaları qəbul ediblər. Bir neçə günə yekun səsvermə olacaq.
ABŞ niyyətinin Tehranı ballistik raket proqramı, Yaxın Şərqdə silahlı qruplara silah transferi və dəstəyə görə cəzalandırmaq olduğunu deyir.
İRANLA BİZNES QURAN HƏR KƏSƏ SANKSİYA QOYULACAQ
Yeni qanun layihəsi İranın ballistik raket proqramında əli olanlara, eləcə də Tehranla biznes quran hər kəsə sanksiya qoyacaq. İnqilab Keşikçiləri Qvardiyasına maliyyə və digər məhdudiyyətlər, silah embarqosu tətbiq olunacaq.
Səsvermədən öncə bir neçə senator proseduru ertələməyə çağırıb, Tehranda 13 nəfərin ölümüylə sonuclanan terakta görə vaxtın uyğun olmadığını deyiblər.
Bu arada Rusiyaya yeni sanksiyaları dəstəkləyən senatorların sayı artır. Həmin layihənin də İrana dair sənədə əlavə olunacağı gözlənir.
Rusiyanın ABŞ-da ötən ilin noyabrında prezident seçkisinə müdaxiləsiylə bağlı narahatlıq getdikcə güclənir. Bu səbəbdən Konqresdəki demokratlar və respublikaçıların çoxu Moskvaya əlavə sanksiyalar qoymaq istəyirlər. Üç il öncə Rusiya Ukraynanın Krım vilayətini anneksiya edəndən sonra Qərb dövlətləri və ABŞ sanksiyalar tətbiq edib.
SANKSİYALAR MÖHKƏMLƏNİR
Son günlər Senatda müzakirə olunan bir sıra tədbirlər mövcud sanksiyaları daha da möhkəmləndirmiş olacaq və Ağ evin onları birtərəfli qaldırması çətinləşəcək.
Rusiyada kəşfiyyat sisteminə, enerji və müdafiə sektorlarına məhdudiyyətlərin sərtləşməsi təklif olunur. Bəzi sanksiyalar isə Rusiyada mədən, metal və dəmiryol sənayelərini hədəfə alacaq.
Konqresmenlərin bəziləri prezident Donald Trump-ın Rusiyayla bağlı verdiyi qarışıq mesajlardan əndişələrini dilə gətiriblər. Belə ki, D.Trump kabinetinin bəzi aparıcı üzvləri Moskvaya daha sərt yanaşma və sanksiyaların saxlanmasına çağırır. Trump və müşavirlərindən bəziləri isə Moskvayla daha sıx əməkdaşlıq istəyir.