Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 10:25

Tehran neft və qaz yataqlarına Rusiya sərmayəsini alqışlayır. Bunu İran prezidenti Hassan Rouhani bazar ertəsi – martın 27-də deyib. «İranın enerji sektoruna Rusiya sərmayəsindən ötrü böyük potensial var», – Rouhani Moskvaya yola düşməzdən öncə Mehrabad aeroportunda jurnalistlərə danışıb. «Reuters» xəbər agentliyi bu bəyanatın iki ölkənin enerji əməkdaşlığında böyük irəliləyişdən xəbər verdiyini yazır.

ROUHANI-NİN TƏK ŞANSI

Rouhani martın 27-də Rusiyanın baş naziri Dmitry Medvedev-lə görüşüb. Bu gün – martın 28-də isə prezident Vladimir Putin-lə görüşməlidir. İran mediası onun bir neçə iqtisadi razılaşmanı müzakirə edəcəyini yazır. Həmin razılaşmalar İranın mötədil liderindən ötrü dəyərli sayılır, çünki o, xalqının 2015-ci il nüvə sazişindən faydalandığını göstərmək istəyir. «Reuters» belə yazır.

«Rouhani seçkidən öncə azı bir neft kontraktını yekunlaşdırmağa can atır», – Londonda mənzillənən ENEXD firmasının prezidenti, enerji məsələləri üzrə təhlilçi Reza Mostafavi Tabatabaei deyir. Onun şirkəti Yaxın Şərqdə neft və qaz avadanlığı biznesiylə məşğuldur. «Fransanın «Total» (TOTF.PA) kimi Qərb şirkətləri İrana sərmayə qoymağa ABŞ-ın dəstəyini gözləyirlər. Buna görə də Rouhani-nin seçkidən öncə saziş imzalamağa tək şansı Rusiya şirkətləridir», – təhlilçi vurğulayır.

Qeyd edək ki, mayda İranda növbəti prezident seçkiləri keçiriləcək.

Agentlik Rusiya və İranın Suriya prezidenti Bashar al-Assad-ı dəstəklədiyini, Rusiyanın Suriyadakı yaraqlıları vurmaqdan ötrü İranın hava bazasından istifadə etdiyini vurğulayır.

Bu iki ölkənin iqtisadi əlaqələri də paralel inkişafdadır: 2016-cı ilin yanvarından 2017-nin yanvarınadək ikitərəfli ticarət iki dəfəyədək artıb.

HEÇ VAXT İNDİKİ KİMİ YAXIN OLMAYIBLAR

«İslam Respublikasıyla Rusiyanın siyasi və hərbi münasibətləri indiyədək görünməmiş dərəcədə güclüdür», – Avropa Xarici Əlaqələr Şurasının aparıcı əməkdaşı Ellie Geranmayeh deyir.

İranda neft hasilatı.
İranda neft hasilatı.

«Bu səfər Rusiyanın İran xarici siyasətindəki yerinin vacibliyini göstərir. Rusiyadan ötrü isə İran vacib siyasi müttəfiqdir. İran Rusiyanın Yaxın Şərqdə əsas oyunçuya çevrilməyi nəzərdə tutan uzunmüddətli strategiyasında açar rolunu oynayır», – bunu «The Washington Post» qəzetinə Cənubi Florida Universitetində Strateji və Diplomatik Araşdırmalar Mərkəzinin icraçı direktoru Mohsen Milani deyib.

Qəzet yazır ki, əslində, İranla Rusiya qlobal enerji bazarlarında rəqib olublar, heç vaxt ənənəvi müttəfiqə çevrilməyiblər. İkitərəfli əməkdaşlıq heç vaxt indiki səviyyədə və miqyasda olmayıb. «Rusiyalılar Suriyaya daha çox girdikcə, Moskvayla Tehranın münasibətlərində də yeni mərhələ başladı», – Ellie Geranmayeh söyləyir.

SƏUDİYYƏ VƏ ABŞ NARAHATDIR

«Reuters» yazır ki, bu yaxınlaşma həm Yaxın Şərqdə Tehranın əsas rəqibi olan Səudiyyə Ərəbistanını, həm də Rusiya ilə sıx işləməyə maraq göstərən ABŞ prezidenti Donald Trump-ı əndişələndirir. İran yanvarın sonunda ballistik raket sınaqdan keçirəndə, Trump Twitter-də İrana xəbərdarlıq etdi və dərhal sonra yeni sanksiyalar qoydu.

Vaşinqtonu ən çox narahat edən İslam respublikasına hərbi avadanlığın satılmasıdır. Ötən il Rusiya İrana S-300 havadan müdafiə sistemi satıb. İranın müdafiə rəsmiləri Rusiyadan SU-30 təyyarələri və T-90 tankları almaq istədiklərini dilə gətiriblər.

Enerji cəbhəsinə gəlincə, Rusiya burada da fəal roldadır. Ötən payız OPEC-in hasilatı azaltmaqla bağlı qərarının əldə olunmasına elə Rusiya təkan verdi. O zaman İranla Səudiyyə Ərəbistanı arasındakı gərginlik üzündən razılaşma alınmırdı. Prezident Vladimir Putin şəxsən işə qarışdı, Səudiyyənin ikinci vəliəhd şahzadəsi Mohammad Bin Salman və Rouhani ilə danışdı, İrana hasilatı artırmağa icazə verildi, Səudiyyə isə hasilat həcmini azaltmağa razılaşdı.

Rouhani-nin nümayəndə heyəti Moskvada 10-dan çox anlaşma memorandum imzalayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG