Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 20:18

İranda 'qatırlıq' edənlər kimlərdir


Ötən illər ərzində yüzlərlə «insan qatır» öldürülüb və yaralanıb.

İranda qaçaqmal ticarətində işləmək risklidir. İranın Türkiyə və İraqla sərhədində bellərində ağır qaçaqmal yükü daşıyaraq «qatırlıq» edən yüzlərlə insan bu işdə canından keçməli olur. Onların adları belə naməlum qalır.

Avqustun 21-də Türkiyə ilə sərhəddə həyatını itirmiş 17 yaşlı Vahid Dolatkhah-ınsa üzü, adı və kimliyi ictimaiyyətə bəllidir.

TƏKCƏ «QATIR» DEYİLMİŞ

ILNA agentliyi gəncin «qeyri-təbii qəza» nəticəsində öldüyünü bildirib. İranda insan haqlarının durumunu izləyən müxalif sayt və qurumlarsa iddia edirlər ki, Dolatkhah qaçaqmal siqaret daşıyan zaman İranlı sərhədçilər tərəfindən sinəsindən və qarnından güllə ilə vurulub.

Hüquq-müdafiə qruplarının hesabatlarında deyilir ki, ötən illər ərzində yüzlərlə «insan qatır» öldürülüb və yaralanıb. Onlardan bəziləri təhlükəsizlik qüvvələri və sərhəd keşikçiləri tərəfindən güllələnib. Bəziləri isə təbii fəlakətlər zamanı, dağdan yıxılaraq, yaxud da hələ 1980-1988-ci illərdə İran-İraq müharibəsi zamanı basdırılmış piyada minalarını tapdalayaraq həyatlarını itiriblər.

Yayılan foto və videolardan görünür ki, Dolatkhah sadəcə «qatır» deyilmiş. Hələ bütün həyatı qabaqda olan gənc tar çalmağı və kürd ləhcəsində mahnılar oxumağı sevirmiş.

70 MİN «HAMBAL»

Aldığı xəsarətdən Qərbi Azərbaycan əyalətindəki xəstəxanalardan birində dünyasını dəyişən Dolatkhah özü də bilmədən iqtisadi çarəsizlikdən doğan bu peşənin insani sifətinə çevrilib.

İranlı millət vəkili Rasool Khezri-nin hesablamalarına görə, hazırda İranın sərhəd bölgələrində «hambal» kimi tanınan 70 min qaçaqmalçı çalışır. Bu peşə kürdlərin yaşadığı Kürdüstan və Qərbi Azərbaycan əyalətlərində daha çox yayılıb.

Fransada fəaliyyət göstərən Kürd İnsan Hüquqları Şəbəkəsi bildirir ki, 2016-cı ildə kürdlərin yaşadığı ərazilərdə 42 «insan qatır» İran sərhəd keşikçilərinin açdığı atəşdən həyatını itirib.

Nyu-Yorkda yerləşən İran İnsan Hüquqları Mərkəzinin 2012-ci ildə dərc etdiyi hesabatda isə 2011-ci ilin fevral və mart aylarında 70 «qatır»ın öldüyü göstərilir. Onların çoxu təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Dörd nəfərsə partlayışlar, qar uçqunları və kəskin soyuqlardan həyatlarını itiriblər.

«Qatır»ların yaşadığı kürd ərazilərində işsizlik səviyyəsi 20 faizdir
«Qatır»ların yaşadığı kürd ərazilərində işsizlik səviyyəsi 20 faizdir

«KOLBAR»

Öz yüklərinin altında əyilmiş, İranda, əsasən, «kolbar» kimi tanınan bu «qatır»lara İranın qərb sərhəd ərazilərində çox rast gəlinir.

Onlar çox zaman yaxınlıqdakı kəndlərin sakinləri olur. Aralarında kişilər, qadınlar və hətta 13 yaşlı uşaqlar və 70 yaşlarında ahıl insanlar da var.

«Qatır»ların yaşadığı kürd ərazilərində işsizlik səviyyəsi 20 faizdir. Ancaq ötən il bir iranlı deputat bu göstəricinin, əslində, daha yüksək olduğunu deyib.

«Rəsmilərin iddialarına baxmayaraq, Kürdüstan əyalətində real işsizlik səviyyəsi 40-50 faiz arasındadır və bu, çox böyük narahatlıq doğurur», – İran parlamentində Bane və Saqqız şəhərlərini təmsil edən millət vəkili Mohsen Biglari deyib.

Jurnalist Soma Safari deyir ki, «qatır»ların bəzilərinin universitet dərəcəsi var.

«Onların sadəcə olaraq, başqa seçimi yoxdur. Onlar regionda iş imkanlarının, investisiyanın azlığına və üzləşdikləri etnik və dini ayrıseçkiliyə görə bu peşəni seçiblər», – jurnalist AzadlıqRadiosuna deyib.

SEÇİM YOX, MƏCBURİYYƏT

«Kolbar olmaq seçim deyil, məcburiyyətdir. Əgər başqa işlər olsaydı, sözsüz ki, onların çoxu bu ekstremal peşəni seçməzdi», – 60-dək kürd vətəndaş cəmiyyəti qurumu və siyasi fəalının yanvar ayında imzaladığı məktubda deyilir.

Fəallar İran hökumətini tezliklə həmin şəxslərə əl uzatmağa, uzunmüddətli perspektivdə isə kürdlərin yaşadığı ərazilərdə iş yerləri açmağa çağırıblar.

İsveçdə yaşayan rejissor, iranlı «qatır»ların həyatından söz açan sənədli filmin müəllifi Nima Sarvestani deyir ki, onlar çox zaman çox kiçik məbləğ əvəzində həyatlarını riskə atırlar. O, 2009-cu ildə işıq üzü görmüş «Çarəsizliyin sərhədində» sənədli filmini çəkmək üçün bir ilədək İraqla sərhəd bölgəsində yaşamalı olub.

Sarvestani deyir ki, «qatır»ların çoxu sərhəd keşikçilərinə rüşvət verir. Rejissorun sözlərinə görə, son zamanlar ictimaiyyət onların taleyi ilə daha yaxından maraqlanmağa başlayıb.

N.Sarvestani hesab edir ki, iş yerləri açılmayınca, durum dəyişməyəcək. O, həmçinin bölgə vəzifələrinə kürdlərin gətirilməsini təklif edir. Rejissor hökumətin Kürdüstan haqqında düşünəcəyinə ümid etmədiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG