Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 06:50

BMT İranın hərbi obyektlərinə baş çəkə biləcəyini deyir


Buşəhr Atom Elektrik Stansiyası

BMT-nin nüvə agentliyi İranın hərbi obyektlərinə baş çəkə bilməyəcəyi ilə bağlı Tehranın iddialarını rədd edib. Medianın avqustun 31-də yazdığına görə, agentliyin hazırda belə bir çıxış istəməsinə səbəb yoxdur.

BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi İranın dünya dövlətləri ilə 2015-ci il nüvə razılaşmasına necə əməl etməsinin monitorinqini aparır.

SƏLAHİYYƏTİ VAR, PLANI YOXDUR

Agentliyin rəhbəri Yukiya Amano «The Associated Press»ə müsahibəsində deyib ki, İranın qadağan olunmuş fəaliyyəti gizləməsinə dair şübhələr olarsa, agentlik onun hərbi obyektlərinə girə bilər. Onun sözlərinə görə, agentliyin nüvə sazişi çərçivəsində bütün məkanlara çıxışı var.

Adı açıqlanmayan rəsmilər «Reuters» agentliyinə bildirib ki, qurumun belə bir səlahiyyəti olsa da, hazırda bunu gerçəkləşdirmək planı yoxdur, çünki İranın qadağan olunmuş fəaliyyət aparmasından şübhələnmir.

Xəbər agentlikləri avqustun 31-də nüvə qurumunun rüblük hesabatı haqda yazıblar. Sənəddə İranın razılaşmaya əməl etdiyi vurğulanır. Nüvə sazişi Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutub.

BMT müfəttişləri Natanz şəhərindəki nüvə obyektində
BMT müfəttişləri Natanz şəhərindəki nüvə obyektində

Bu yaxınlarda İranla Birləşmiş Ştatlar arasında mübahisə yaranıb. ABŞ-ın BMT-dəki səfiri Nikki Haley avqustun 25-də bildirib ki, agentliyin hərbi obyektləri yoxlamaq səlahiyyəti var və bunu gerçəkləşdirməlidir, İranın qadağan olunmuş fəaliyyəti gizləmədiyinə əmin olmalıdır.

DƏLİL YOXSA...

Ancaq İran liderləri bu həftə bildiriblər ki, ölkə agentliyin hərbi obyektlərə girməsinə icazə verməyəcək və ABŞ-ın tələbi arzu olaraq qalacaq.

«Bu, heç vaxt baş verməyəcək», – İranın ali dini lideri Ali Khamenei-nin müşaviri Ali Akbar Velayati deyib.

N.Haley avqustun 31-də İranın ritorikasına cavabında deyib ki, «İranın hərbi obyektlərinin təftişi sadəcə arzudursa, onda İranın nüvə sazişinə əməl etməsi də bir arzudur».

BMT-nin nüvə agentliyinin rəsmiləri «Reuters»ə deyiblər ki, ABŞ-ın hərbi obyektləri təftiş etmək tələbinə baxmayaraq, Birləşmiş Ştatlar nüvə razılaşmasının mümkün pozulmasına dair heç bir yeni dəlil təqdim etməyib ki, belə bir addımı əsaslandıra bilsin.

Almaniyanın DPA xəbər agentliyinin BMT diplomatlarına istinadla yazdığına görə, agentlik gələcəkdə şübhə yaranarsa, hərbi ərazilərə baş çəkmək hüququnu saxlayır. Ancaq pozuntu dəlilləri olmazsa, agentlik bəzi ölkələrin kəşfiyyat agentliklərinin əmrini yerinə yetirmiş kimi görünməkdən çəkinməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG