Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 08:51

Trump-ın düşmənçiliyi İranda hakimiyyət savaşını dərinləşdirəcək


Ali Khamenei H.Rouhani-nin Kabinet üzvləri ilə görüşdə.

İranlılar Birləşmiş Ştatların Tehranla bağlı mövqeyini yenidən sərtləşdirməsinə qarşı birləşib. Amma ölkədəki güclü sərt xətt tərəfdarlarının Vaşinqtonla mübahisədən yararlanacağı, Qərbə açıq rəqiblərini zəiflətməyə çalışacağı gözlənilir. «Reuters» agentliyi bunu təhlilçilərə və ölkəiçi mənbələrə istinadla yazır.

«XARİCİ DÜŞMƏN»Ə QARŞI BİRLƏŞMƏK

ABŞ prezidenti Donald Trump cümə günü xəbərdarlıq edib ki, 2015-ci ildə imzalanmış nüvə sazişinə son verə bilər. Bəzi müşahidəçilərin fikrincə, bununla da İranın mürəkkəb hakimiyyət strukturunda siyasi çəkişmənin baş qaldırması mümkündür.

İranın altı ölkəylə imzaladığı saziş doğrudan da dağılarsa, onu güclü təbliğ edənlər, məsələn, praqmatik prezident Hassan Rouhani-nin karyerasına ciddi ziyan dəyə bilər.

Təhlilçilər deyirlər ki, sonucda İranın təhlükəsizlik sahəsində sərt xətt tərəfdarlarının qarşısında dayanan olmaz, İranın ölkə xaricində də özünə əminliyi artar ki, bu da Yaxın Şərqi gərginliyi yüksəldər.

***Buna da bax-Avropa İttifaqı İran nüvə sazişini müdafiə edir

İndiki məqamda İslam Respublikasının siyasi elitası daxilində həmrəylik əsas sayılır.

«İndi vacib olan xarici düşmənə qarşı birgəlikdir. Milli marağımız İranın bütün rəsmilərindən ötrü prioritetdir», – adının çəkilməsini istəməyən yüksəkçinli məmur agentliyə söyləyib.

MÜHAFİZƏKARLARA QIZIL FÜRSƏT

Ancaq agentlik yazır ki, nüvə sazişini dəstəkləmiş Rouhani, praqmatiklər və islahatçıların mövqeyi getdikcə zəifləyə bilər. Həmin nüvə sazişi Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

Ötən cümə günü Trump sazişə, yəni Tehranın ona əməl etməsinə zəmanət verməkdən imtina edib.

«Amerikayla artan gərginlik mühafizəkarların Rouhani-nin dilini gödəltməsi üçün qızıl imkandır», – Rouhani-nin 18 ay çəkən nüvə danışıqlarına qatılmış müttəfiqi söyləyib.

İranın ali dini lideri Ali Khamenei nüvə diplomatiyasında Rouhani-ni ehtiyatla dəstəkləsə də, Vaşinqtonun sənədə sadiqliyinə zaman-zaman bədbin yanaşma sərgiləyib.

***Buna da bax-Trump İranı kəskin tənqid edir, amma ABŞ-ı nüvə sazişindən çıxarmır

Rouhani-dən ötrü risklər lap böyükdür: onun dünyaya yaxınlaşması ölkədə və xaricdə populyarlığını artırdı, Khamenei-nin mühafizəkar müttəfiqlərinə zərbə oldu. İndi isə dövran tərsinə dövran etməyə başlayır.

DAMOKL QILINCI

«Sərt xətt tərəfdarları Trump-ın hədəsindən Rouhani-nin başı üzərində Damokl qılıncı kimi istifadə edəcəklər… eyni zamanda sazişin iqtisadi faydalarından da bəhrələnəcəklər», – Tehranda çalışan siyasi təhlilçi Saeed Leylaz sərt neft və bank sanksiyalarının qaldırılmasına eyham vurub.

«Saziş dağılsa, Rouhani və onun dünyayla yumşalma siyasəti zəifləyəcək. Və əlbəttə ki, aqressiv regional siyasət qaçılmazdır», – İranın başqa bir yüksəkçinli rəsmisi deyib.

Khamenei-nin tərəfdarlarından biriysə deyib ki, Trump-ın siyasəti sonucda mühafizəkarların əlinə oynayacaq:

«Əsas olan İslam Respublikası və onun maraqlarıdır».

Trump-ın xəbərdarlığından sonra Rouhani də bildirib ki, nüvə sazişi daha Tehranın maraqlarına xidmət etməsə, İran ondan çıxa bilər.

İndi nüvə sazişinin taleyi ABŞ Konqresinin əlindədir, onu ya dəyişdirməyə çalışacaq, ya da ABŞ-ın İrana sanksiyalarını bərpa edəcək. Amma Konqres sanksiyaları bərpa etməsə belə, Vaşinqtonla Tehran qarşılıqlı addımlar atsalar, sazişə təhlükə yaranacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG