Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:28

Tehran məktəblərinin əlli faizi dağılır


İranda orta məktəb
İranda orta məktəb

Tehrandan seçilmiş millət vəkili Farideh Oladghobad yeni dövlət büdcəsindən təhsilə ayrılmış payı tənqid edərkən deyib ki, paytaxtdakı məktəb binalarının 50%-i dağılır.

Xanım Oladghobad ötən bazar parlamentin xəbər saytına müsahibəsində Tehran məktəblərinin 50 faizinin dağılmaqda olan binalarda yerləşdiyini söyləyib. O əlavə edib ki, bunun «maliyyə və həyati təhlükə baxımından ağır nəticələri» olacaq.

Məktəblərin 1/3-i təhlükəli durumda

Özü müəllim olan islahatçı millət vəkili F.Oladghobad ölkə prezidenti Hassan Rouhani-ni bu təhlükəli problemi aradan qaldırılmaq üçün xüsusi büdcə ayırmağa çağırıb. Xanım Oladghobad-ın sözlərinə görə, hal-hazırda havanın çirklənməsi və dağılmaqda olan şəhər tikililəri paytaxt Tehranın üzləşdiyi əsas problemlərdir.

Daha öncə, ötən ilin noyabrında İranın qərbində yerləşən Kirmanşah vilayətində 7.3 ballıq zəlzələ nəticəsində 80 məktəbin tamamilə dağılması xəbəri yayılmışdı. Bundan sonra İranın təhsil naziri Mohammad Bat'haei ölkədəki məktəb binalarının 1/3-nin təhlükəli durumda olduğunu bəyan etmişdi.

Məktəb binalarının yenilənməsinə yetərincə büdcənin ayrılmadığını deyən Bat'haei problemin altıncı beşillik inkişaf planında əksini tapacağına ümidini bildirmişdi.

Bundan başqa, Tehran məktəblərinin təmirinə cavabdeh qurumun rəhbəri Dariush Varnaseri ötən il dekabrın 10-da təkcə Tehran vilayətində təhsil müəssisələri arasında mindən artıq təhlükəli binanın olduğunu açıqlamışdı.

İran-İraq sərhədində zəlzələ: 400-dən çox adam ölüb
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00

1.5 milyon şagird

Bundan bir neçə gün öncə «Tehran Times» nəşri İran məktəblərinin təmiri, inkişafı və təchizatına cavabdeh qurumun rəhbəri Mohammad Taqi Nazarpour-a istinadən bütün İranda 1.5 milyona yaxın şagirdin köhnə və texniki cəhətdən təhlükəli məktəb binalarında təhsil aldığını yazmışdı.

O, həmçinin vurğulamışdı ki, 2006-cı ildən bütün ölkədəki məktəb binalarının 50 faizə qədəri təmir olunub, qalanı isə təmir olunmaq üçün büdcədən vəsait ayrılmasını gözləyir. Varnaseri-nin sözlərinə görə, uçmuş məktəb binalarını yenidən tikməkdən ötrü Tehranın orta hesabla 250 milyon dollara ehtiyacı var. Bu binaları zəlzələyə davamlı etmək üçünsə daha 110 milyon dollar lazımdır.

Beləliklə, Tehrandakı həyat üçün təhlükəli, uçub-dağılmaqda olan məktəb binaları probleminin həllinə ümumilikdə 360 milyon dollar büdcə ayrılmalıdır. Bu məbləğsə hələlik mövcud deyil.

İran Təhsil Nazirliyinin bir rəsmisinin sözlərinə görə, hər bir dağılmış məktəbin təmirinə və ya yenidən qurulmasına orta hesabla təqribən 450 min dollar vəsait tələb olunur.

Bu binalar güclü yağış, qardan da dağıla bilər

İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) idarə etdiyi «Tasnim» xəbər agentliyi isə təkcə Tehranda 700-dək məktəbin xarabalıq vəziyyətində və şagirdlərin həyatına təhlükəli olduğunu yazıb.

«Binalarının «dağılmaqda olan məktəb binaları» kimi qeydiyyata düşməsinə baxmayaraq, bu məktəblər hələ də hər il şagirdləri qəbul edir və fəlakət baş verməyincə, bunu heç kim vecinə almır», – «Tasnim» agentliyinin yaydığı xəbərdə deyilir.

Bundan öncə mütəxəssislər dəfələrlə xəbərdar ediblər ki, bir gün Tehranda baş verə biləcək güclü zəlzələ nəticəsində minlərlə şagird həyatını itirə bilər. Təbii fəlakəti öncədən proqnozlaşdırmaq mümkün olmasa da, Tehranın seysmik zonada yerləşməsi məsələni daha da ciddiləşdirir.

Ümumilikdə, Tehran qəzalı məktəb binalarının sayına görə İran şəhərləri arasında beşinci yeri tutur. Bir çox məktəb binasının 70-dən artıq yaşı var. «Tehran Times» Tehran təhsil şöbəsinin rəhbəri Abbasali Baqeri-yə istinadən yazır ki, bu binalar nəinki zəlzələ, güclü yağış və ya qar yağması nəticəsində də dağıla bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG