Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:20

Trump-ın İranla bağlı çıxışı gözlənir


Donald Trump
Donald Trump

ABŞ prezidenti Donald Trump-ın gələn həftə İran siyasətiylə bağlı çıxış edəcəyi gözlənir. Bunu Birləşmiş Ştatlar rəsmiləri bildiriblər.

Çıxışdan bir neçə gün sonra, oktyabrın 15-də isə Tehranın 2015-ci il nüvə sazişinə necə əməl etməsiylə bağlı rəy bildiriləcək.

60 GÜN ƏRZİNDƏ QƏRAR VERİLƏ BİLƏR

Anonim danışan rəsmilər oktyabrın 5-də deyiblər ki, Ağ ev çıxışı oktyabrın 12-nə planlaşdırır. Prezident Vaşinqtonda danışacaq.

Trump oktyabrın 15-də İranın nüvə sazişinə necə əməl etməsi və bu sənədin Amerikanın maraqlarına uyğun gəlməsiylə bağlı Konqresə bildiriş göndərməlidir.

Əgər administrasiya Tehranın nüvə sazişinə əməl etməsini təsdiqləməsə, respublikaçıların nəzarətində olan Konqres 60 gün ərzində Tehrana sanksiyaların bərpasına qərar verə bilər.

Nüvə sazişi imzalanandan sonra Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində İrana sanksiyalar yüngülləşdirildi.

Rex Tillerson
Rex Tillerson

ABŞ qanunvericiliyinə görə, sanksiyalar maksimum 120 günlüyə ertələnə bilər, yəni ABŞ hökuməti hər dörd aydan bir duruma yenidən baxmalıdır.

Sazişi İranla ABŞ-dan başqa Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya imzalayıb.

«PREZİDENTƏ TÖVSİYƏMİZ OLACAQ»

ABŞ dövlət katibi Rex Tillerson oktyabrın 4-də deyib ki, Dövlət Departamenti son tarixdən öncə İranın nüvə sazişinə dair prezidentə bir neçə variant təqdim edəcək.

«Prezidentə tövsiyəmiz olacaq. Ona İranla bağlı vacib siyasəti necə irəli aparmaqla əlaqədar bir neçə variant təqdim edəcəyik», – Tillerson jurnalistlərə deyib.

Tillerson daha öncə bildirirdi ki, nüvə sazişinə dəstəyi davam etdirməkdən ötrü ona bəzi dəyişikliklər olunmalıdır.

Müdafiə naziri Jim Mattis isə oktyabrın 3-də deyib ki, Tehranın sazişə əməl etmədiyi, yaxud sənədin ABŞ-ın milli maraqlarına uyğun gəlmədiyi sübut olunanadək, Birləşmiş Ştatlar nüvə razılaşmasından çıxmamalıdır.

Senatın Silahlı Qüvvələr komitəsində Mattis-dən soruşublar ki, nüvə razılaşmasında qalmağı Birləşmiş Ştatların milli təhlükəsizlik marağına uyğun sayırmı? «Bəli, senator, belə düşünürəm», – Mattis deyib.

XS
SM
MD
LG