Keçid linkləri

2017, 11 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:18

İran 3 milyard dollarlıq 'Boeing' sazişindən arxayındır


Boeing Max 737

ABŞ-ın «Boeing» şirkətiylə 3 milyard dollarlıq kontrakt imzalamış İran hava yolları şirkəti bu sənədin Vaşinqtonda siyasi zərbə almayacağından əmin görünür. Axı, bir neçə gün öncə Senatda İslam Respublikasına qarşı yeni sanksiyalarla bağlı qanun layihəsinə səs verilib.

«Bloomberg» agentliyi yazır ki, «Aseman Airlines» özəl şirkəti ötən şənbə günü «Boeing» ilə yekun sənədi imzalayıb. Şirkətin sözçüsü Amir Reza Mostafavi deyib ki, ilkin olaraq 30 ədəd «737 Max» təyyarələri alınacaq, daha sonra əlavə 30 ədəd alınacağı gözlənir. «Boeing» ilk təyyarələri 2022-ci ildə çatdıracaq.

Bu şirkətin ən böyük payçısı İranın Milli Pensiya Fondudur.

«KOMMERSİYA ŞİRKƏTİYİK»

«Biz də «Boeing» kimi kommersiya şirkətiyik və siyasi deyil, iqtisadi sektorda işləyirik. Bu sahədə işlər irəli gedir, gerçəkləşir», – Mostafavi deyib.

«Boeing»dən agentliyə bildiriblər ki, ABŞ Xəzinədarlığının uyğun idarəsinə müraciət edərək kontrakt üçün lisenziya istəyiblər.

«Boeing» və «Aseman» sifarişlə bağlı məlumatı apreldə yayıblar. Bu, «Boeing»in İran hava yolları şirkətinə 1970-ci illərdən bəri ikinci təyyarə satışıdır. «Iran Air» ilə 16.6 milyard dollarlıq razılaşma hələ də yekunlaşdırılma mərhələsindədir.

«Bloomberg» yazır ki, «Aseman»la kontrakt «Boeing»in ABŞ prezidenti Donald Trump-la münasibətlərini imtahana çəkəcək. Trump bir tərəfdən emal sənayesində iş yerlərinin artırılması siyasəti yürüdür, digər tərəfdən administrasiyası İranla bağlı sərt mövqe tutur.

Donald Trump
Donald Trump

«Boeing»in məlumatına görə, İranla kontrakt Birləşmiş Ştatlarda 18 min iş yerinin yaradılması, yaxud saxlanması deməkdir.

«PROBLEM OLMAMALIDIR»

İyunun 7-də İran parlamentinə hücuma görə məsuliyyəti «İslam Dövləti» (İŞİD) qruplaşması üzərinə götürüb. Həmin gün İranda iki ayrı-ayrı hücumda 12 nəfər öldürülmüşdü. Ancaq elə həmin gün ABŞ senatorları İrana yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinə səs verdilər. Layihə Trump-a İran şirkətləri və vətəndaşlarına məhdudiyyətlər qoymaq səlahiyyəti verəcək. ABŞ həmin hədəfləri İranı ballistik raket sınaqları üçün maddi dəstək verməkdə suçlayır.

Trump-ın 2015-ci ildə əldə olunmuş İran nüvə sazişiylə bağlı mövqeyi isə, hələlik, aydın deyil. Həmin sənəd demokratlar administrasiyası dönəmində əldə olunub. Trump bu sənədə qarşı daha öncə sərt mövqe sərgiləsə də, Vaşinqtonun öhdəlikləriylə bağlı elə bir addım atmayıb.

«Problem olmamalıdır. «Iran Air» lisenziyanı aldı və biz də elə bir problem gözləmirik», – Mostafavi deyib.

«Aseman» qiymətin 5 faizini «Boeing»ə nağd ödəyəcək, satan tərəf pulun qalan 95 faizinin maliyyələşməsini təşkil edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG