Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:15

İranda 'qanunsuz' bankların iflası etirazlar doğurub


Etirazçılar «Caspian Bank»dan əmanətlərini tələb edirlər.

İranda iflasa uğramış bir neçə kredit qurumunun müştəriləri əmanətlərini itirdiklərinə görə etiraz edirlər. Qəzəbli etirazçılar demək olar, hər gün hökumət binalarının qarşısında toplaşaraq, bu irimiqyaslı fırıldağa qarşı tədbir görülməsini tələb edir, təzminat istəyirlər.

Böhran illərlə hər hansı standart normalarına əməl etmədən minibanklar kimi fəaliyyət göstərən kooperativlərin çoxalmasından qaynaqlanır.

Kooperativ sadə konsepsiya olsa da, onların bank fəaliyyəti nəhəng fəsadlar verib. Bir neçə şəxs birləşərək, bir-birinə dəstək olmaq üçün kiçik birlik və ya kooperativ yaradır. Dövlət subsidiyalarına güvənən bu kooperativlər üzvlərinin qoyduğu investisiyadan fərqli biznes fəaliyyətində yararlanır, evlər tikir və ya alır və hətta maliyyə xidmətləri göstərir.

7 MİNDƏN ÇOX KOOPERATİV

Kooperativlər haqqında qanun ilk dəfə 1971-ci ildə qəbul olunsa da, bu qurumlar yalnız 1990-cı illərdə hökumətin ölkə iqtisadiyyatını özəlləşdirmə səyləri çərçivəsində çiçəklənməyə başlayıb. İllər ərzində kooperativlərin sayı artaraq, 7 mini keçib. Onların maliyyə fəaliyyəti isə ilkin məqsəddən çox uzağa gedərək əsl, ənənəvi bankların fəaliyyəti ilə üst-üstə düşməyə başlayıb.

Kooperativlər ən müxtəlif sahələrə sərmayə qoymağa, insanların əmanətlərinə görə faiz ödəməyə, müştərilərinə kredit verməyə başlayıblar. Bəziləri hətta adi banklardan xeyli yüksək faizlər vəd edərək, yüz minlərlə əmanətçini cəlb edə bilib.

Maliyyə institutları qurbanlarının Tehranda aksiyası. Uşağın tutduğu plakatda deyilir: «Atamın avtomobili hanı?».
Maliyyə institutları qurbanlarının Tehranda aksiyası. Uşağın tutduğu plakatda deyilir: «Atamın avtomobili hanı?».

Adətən, bu növ fəaliyyət üçün İran Mərkəzi Bankının icazəsi tələb olunur. Ancaq ekspertlər deyirlər ki, kooperativlər belə bir icazə istəməyiblər və onların bank sahəsindəki fəaliyyətinə sadəcə dözüm göstərilib.

FƏALİYYƏTƏ GÖZ YUMULUB

İran Mərkəzi Bankının keçmiş rəhbəri Tahmasib Mazaheri deyir ki, prezident Mahmud Ahmadinejad-ın vaxtında mərkəzi bank kooperativlərlə «xoş» davranıb. Ancaq onların bir neçəsi müflis olanda hökumət onları «qanunsuz» adlandırmağa başlayıb.

Kredit qurumlarına icazə vermək funksiyasını uzun müddət bu sahədə yetərincə təcrübəsi olmayan İranın Kooperativlər Nazirliyi yerinə yetirib. Onlardan bəziləri, ümumiyyətlə, icazə üçün müraciət etməyib. Ancaq onların fəaliyyətinə göz yumulub.

İlk dəfə 2007-ci ildə İran parlamenti bütün maliyyə institutlarının fəaliyyətini Mərkəzi Bankın nəzarətinə verən qanun qəbul edib. Ancaq indi hökumət etiraf edir ki, hətta Mərkəzi Bank da bu qurumların nizamlanmasında səhlənkarlıq edib. Normal nəzarətin olmaması kooperativlərdə geniş yayılmış korrupsiyaya yol açıb. Əsas payçılar öz qurumlarının kapitalından şəxsi mənfəətləri üçün yararlana bilir, özlərinə və yaxınlarına əmlak, bahalı lüks maşınlar alırdılar.

GECİKMİŞ XƏBƏRDARLIQ

İyulda İran Mərkəzi Bankının indiki prezidenti Valiollah Seif bildirib ki, 2013-cü ildə ölkənin maliyyə bazarındakı pul kütləsinin təqribən 25%-i faktiki mərkəzi bankın nəzarətində olmayan belə qurumların əlində olub. O əlavə edib ki, o vaxtdan bu göstərici 8%-ə enib.

Avqustda Seif bu İran ilinin sonunadək (2018-ci il martın 21-dək) bütün «qanunsuz» maliyyə kooperativlərinin bağlanacağını vəd edib. O, eyni zamanda, vətəndaşları «bilinməyən», «qanunsuz» maliyyə qurumlarının vəd etdiyi yüksək faizlərə aldanmamağa çağırıb. Ancaq bu xəbərdarlıq çox gec, bir çox əmanətçinin pullarını itirməsindən sonra edilib. İndi ədliyyə rəsmiləri itkilərə görə əmanətçiləri günahlandırır, hökumətin məsuliyyət daşımadığını deyirlər. Ancaq əslində kredit qurumları 20 ildən artıq bank normaları xaricində fəaliyyət göstərib. Dövlət mediası onların reklamlarını praym-taymda verib. Nə icraedici, nə də məhkəmə hakimiyyəti bununla bağlı insanlara hər hansı xəbərdarlıq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG