Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 08:55

İ.Əliyev: 'Azərbaycan da bütün beynəlxalq məsələlərdə İranın yanındadır'


İ.Əliyev və H.Ruhani

«Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması ilə bağlı İran daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Beynəlxalq təşkilatlarda öz səsini qəbul edilmiş qətnamələrə verir. Ona görə, biz İrana çox minnətdarıq. Eyni zamanda, Azərbaycan da bütün beynəlxalq məsələlərdə daim İranın yanındadır».

AZƏRTAC-ın xəbərinə görə, bu sözləri martın 28-də Azərbaycan prezidenti İlham Əliyev İranın dövlət başçısı Həsən Ruhani ilə görüşdən sonra verdiyi bəyanatda dilə gətirib.

Dövlət başçısı daha sonra çıxışında əsas diqqəti iqtisadi əməkdaşlığa yönəldib. O, Xəzər dənizində birgə əməkdaşlıq və Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı imzalanan sənədləri xüsusi fərqləndirib. Həmin sənədlərin tarixi əhəmiyyət daşıdıqlarını vurğulayıb: «Bu sənədlərin reallaşması nəticəsində həm Xəzər dənizində, həm nəqliyyat sahəsində bizim əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaq və eyni zamanda, bu, regional əməkdaşlığa da çox müsbət təsir göstərəcək».

İ.Əliyev vurğulayıb ki, energetika sahəsində də tərəflərin əməkdaşlığı güclənir. O, «Xudafərin» və «Qız qalası» hidroqovşaqlarının işlənməsini, Ordubad və Marazad su elektrik stansiyalarının tikintisi ilə bağlı olan sənədləri nümunə göstərib.

H.Ruhani: «Xəzər dənizində bizim çoxlu birgə mənafelərimiz var»

«Qarabağ problemi də siyasi yolla tənzimlənməlidir. Azərbaycan və Ermənistan dövlətlərinin səyi ilə biz bölgədə möhkəm sabitliyin bərqərar olmasının şahidi olmaq istəyirik. Biz şadıq ki, bu müstəvidə diplomatik səylər göstərilir».

Bunu isə İran prezidenti H.Ruhani deyib. O da iki ölkə arasında imzalanan sazişləri tarixi sənədlər adlandırıb: «Xəzər dənizində bizim çoxlu birgə mənafelərimiz var. Biz gərək elmi, iqtisadi, ticari, gəmiçilik, balıqçılıq, turizm sahələrində əməkdaşlıq etməklə maksimum səmərə əldə edək. Bu gün Xəzər dənizinin mənbələrindən və yataqlarından qarşılıqlı istifadədə əməkdaşlığımız xalqlarımızın mənafeyinə geniş xidmət etmiş olar».

Xatırlatma

İran prezidenti H.Ruhani dünən, martın 28-də Azərbaycana gəlib.

Səfərin iki gün davam edəcəyi bildirilir. Səfər çərçivəsində İran və Azərbaycan prezidentləri arasında təkbətək və geniş tərkibdə görüşlər olub.

Daha sonra iki ölkə arasında əməkdaşlığa dair 10-a yaxın sənəd imzalanıb. Həmin sənədlər idman, turizm, səhiyyə, iqtisadiyyat, Xəzərdəki yataqların birgə işlənməsi və İranda Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi məsələlərini əhatə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG