Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 11:05

İrana alış-verişə gedənlər azalıb


Astara Gömrük İdarəsinin qarşısı

Astara Gömrük İdarəsinin önündə sakitlikdir. İrana getmək istəyənlər asan içəri keçirlər. Elələri var ki, yüklə gedir. Əli boş gedənlər də var. İrana gedənlərin bir neçəsi ilə söhbət etdik. Onların dediklərinə görə, İran Astarasına bazarlığa gedirlər. Aralarında xəstələr də var. Xəstələr Azərbaycanda müalicənin baha başa gəldiyini bildirirlər. Deyirlər ki, dərmanlar İranda Azərbaycana nisbətən ucuzdur.

Buna da bax: Astara gömrük keçid məntəqəsində basa-bas

Əvvəl gündə 2 min, indi cəmi 400 nəfər...

Nəzarətçi deyir ki, gün ərzində İrana 400-ə yaxın adam gedir. Əvvəllər İrana gedənlərin sayı 2000 nəfərdən çox olub. O bunun səbəbini gömrük keçid məntəqəsində yeni qaydaların tətbiq edilməsində görür:

Astara Gömrük İdarəsi, 16 aprel 2017
Astara Gömrük İdarəsi, 16 aprel 2017

“İş qaydasında düzəlişlər edilib. Gömrük məntəqəsi əvvəllər saat 9-da açılırdı, nahar fasiləsinə çıxırdılar. İndi saat 8-də açılır, fasiləsiz olaraq saat 6-ya qədər işləyir. İrandan qayıdanların heç də hamısı siqaret gətirə bilmirlər. Yeni qaydaya görə, İrandan ayda bir dəfə 3 blok siqareti ancaq kişilər gətirə bilər. İrana gömrük rüsumundan kənar Çinin sənaye malları daşınırdı. İrana gedənlər ildə bir dəfə 4 kiloqram sənaye malı aparırdılar. Buna görə, 25-30 manat pul alırdılar. Onlar yoxdur. Əhali də əsasən buna görə İrana gedirdi.”

Buna da bax: Astara və Biləsuvar gömrüyündə gördüklərimiz

“Hansı qanunda var ki, qadın siqareti gətirə bilməz?”

Gömrükdə tətbiq edilmiş yeni qaydanı sakinlər birmənalı qarşılamır. Bundan razı qalanlar da var, narazı olanlar da. Adının çəkilməsini istəməyən bir sakinin dediyinə görə, gömrükdə vəziyyəti monopolistlər tənzimləyir:

”Özlərinə sərf edən qayda ilə işləyirlər. Mən imkansızam, iş yoxdur, işləmirəm, ali təhsilliyəm. Ailəm 5 nəfərdən ibarətdir. Hər həftə gedirdim İrana 5-6 manat qazanırdım, ailədə ərzaq problemini həll edirdim. Qarşılarını aldılar. İndi getməyin heç bir əhəmiyyəti yoxdur. Hansı qanunda var ki, qadın siqareti gətirə bilməz? Onda elədirsə qadını kişisiz sərhəddən buraxmasınlar. İranlılar belə edir. İrandan gətirdiyimiz ərzağın yarısını Astara gömrüyündə əlimizdən alırlar. Düzdür sakitlikdir, lakin qanuna əməl edən yoxdur.”

Başqa bir sakin Camal İbrahimov isə bunları deyir:

Camal İbrahimov, 16 aprel 2017
Camal İbrahimov, 16 aprel 2017

“ Hər bir vətəndaş xaricdən3 blok siqaret gətirə bilər. Astara gömrüyündə 20 gündən çoxdur ki, qadınların siqaret gətirməsinə qadağa qoyulub.Bu da qanuna ziddir. Qanunda deyilir ki, hər bir vətəndaş xaricdən 30 kiloqram ərzaq gətirə bilər, 10 kiloqram da qeyri ərzaq malları. Amma burda hamısı bir yerdə 30 kiloqram buraxırlar.”

Camal İbrahimov qeyd edir ki, İranda siqaret ucuzdur.

Buna da bax: “Gömrük adamın anasın ağladır”

Sərhəddəki mağazaların bəziləri bağlanıb

Keçid buraxılış məntəqəsinin yaxınlığında olan mağazaların çoxu bağlıdır. İşləyən mağazalarda da malın çeşidləri azdır. Bu mağazaların birinin sahibinin dediyinə görə, əsasən İrandan gələn ərzaq mallarını satır.

“Alver zəifdir. Əvvəllər Azərbaycanın hər yerindən bura gəlib mal alardılar. İndi alan yox, satan çoxdur. Qiymətlər də oynayır. Dollar qalxanda malların qiyməti də qalxır, enəndə enir. Elə gün olur ki, bir manat əllimə gəlmir. Alver yoxdur deyə, mağazalar bağlanır. Sərhəddən də çoxlu mal buraxmırlar. İrana gedənlərin çoxu özünə bazarlıq edir. Gedəsi yerim yoxdur. İş yox. Yoxsa mən də mağazanı bağlayardım. Bağlasam nə olacaq ki? ”

Taksi sürücüləri də narazıdır

Keçid məntəqəsinin yaxınlığında onlarla taksi müştəri gözləyir.

Taksi sürücüləri də müştəri azlığından gileylənirlər:

”Fikirləşirdik ki, ölkədə islam oyunları gedəcək, İrandan gələnlər çox olacaq. Olmadı. İran vətəndaşları ölkəmizə gələndə viza almalı olurlar. Vizasız olsa, gələn çox olar. Mən əsasən Bakıya işləyirəm. Yollar bərbad haldadır. İnanın ki, bir dəfə Bakıya gedib-gəlirəm, aldığım 50—60 manatı da maşının üstünə qoyuram. Qəpik-quruş qalır mənə. Can da əldən gedir. Bir tərəfdən də yol polisləri. Mümkün deyil, qardaş.”

Keçmiş gömrük işçisi Elman Hüseynov, 16 aprel 2017
Keçmiş gömrük işçisi Elman Hüseynov, 16 aprel 2017

Sabiq gömrük işçisi, hüquqşünas Elman Hüseynov isə deyir ki, mövcud qanunvericilikgömrükdə qadınlara kişilərdən fərqli qadağalar qoymur. Əgər belə hal varsa məhkəməyə müraciət etmək olar:

“Arvad elə getdi, kişi belə gəldi, bu gülməli söhbətdir”

Gömrükdən cavab verməsələr də...

Məsələyə aydınlıq gətirməkdən ötrü Astara Gömrük İdarəsi ilə əlaqə saxladıq. Ancaq oradan suallarımıza cavab vermədilər. Ancaq bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə demişdi ki, gömrükdən şikayətləri olanlar şəxsən ona şikayət edə bilərlər.

Dövlət Gömrük Komitəsinin saytında isə qeyd edilir ki, fiziki şəxslər gömrük sərhədindən şəxsi istifadə məqsədi ilə 3 blok siqaret keçirə bilərlər. Ancaq orada qadınlara hər hansı bir məhdudiyyətdən söhbət getmir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG