Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 15:40

Keçmiş hərbçi 'İqla' işi üzrə ittihamları rədd edir


Karapet Aghajanian

«İqla» zenit-raket kompleksinin Ermənistana qaçaq yolla keçirilməsi işi üzrə həbs olunmuş Sanasar Gabrielian ittihamları qəbul etmir. Bu məlumatı onun vəkili Karapet Aghajanian verib.

On ildən çox Ermənistan silahlı qüvvələrində xidmət etmiş polkovnik S.Gabrielian da Dağlıq Qarabağın keçmiş «müdafiə naziri» Samvel Babayan-la eyni maddələr üzrə ittiham olunur. Onlara əvvəlcədən razılaşdırılmış şəkildə silah və sursatın əldə olunması, habelə partlayıcı və zəhərləyici maddələrin qaçaqmalçılığı maddələri üzrə ittiham irəli sürülüb.

KƏLBƏCƏRDƏ VURUŞUB

«Hesab edirəm ki, müdafiə etdiyim şəxsə verilmiş ittiham əsassızdır. O, heç bir dəlillə sübut olunmur. Bu səbəbdən də müdafiə etdiyim şəxs özünü təqsirli saymır», - deyə vəkil K.Aghajanian AzadlıqRadiosunun erməni xidmətinə bildirib.

***Buna da bax-Dağlıq Qarabağdakı Ermənistan hərbi birləşmələrinin keçmiş rəhbəri həbs edilib

Maraqlıdır ki, həm S.Babayan-ın, həm də S.Gabrielian-ın vəkilləri müdafiə etdikləri şəxslərə ittihamları qəbul etməsələr də, onların bu məsələyə aidiyyəti olduğunu inkar da etmirlər. Ancaq vəkillər istintaq sirrinə söykənərək, hələlik, bu aidiyyətin nə olduğunu açıqlamırlar.

«Mən onun qanunsuz, qaçaqçılıq yolu ilə hansısa qrupla əvvəlcədən razılaşdırılmış şəkildə silah alaraq Ermənistana keçirməsini istisna edirəm», – K.Aghajanian deyib. Ancaq vəkil müdafiə etdiyi şəxsin «İqla» zenit-raket kompleksi işi ilə hər hansı əlaqəsinin olub-olmadığı barədə suala cavabında deyib ki, bu əlaqə haqda danışmaq istəmir. O, sadəcə, bəyan edib ki, bunun irəli sürülmüş ittihama aidiyyəti yoxdur.

Samvel Babayan
Samvel Babayan

«İqla» işi üzrə həbs edilmiş 56 yaşlı polkovnik S.Gabrielian S.Babayan-ın döyüş yoldaşı olub. O da Qarabağ müharibəsində Kəlbəcərdə vuruşub. Vəkilin sözlərinə görə, 2000-ci ildə, Robert Kocharian-ın prezidentliyi dövründə S.Gabrielian «Döyüş xaçı» ordeni ilə təltif edilib.

«SİYASƏTLƏ MƏŞĞUL OLMAYIB»

Onun da, S.Babayan kimi, keçmiş müdafiə naziri Seyran Ohanian-ın «Ohanian - Raffi - Oskanian» (ORO) siyasi blokunu dəstəkləyib-dəstəkləməməsi barədə suala vəkil K.Aghajanian belə cavab verib ki, S.Gabrielian siyasətlə məşğul olmayıb. O, həmçinin qeyd edib ki, S.Gabrielian-ın Rusiyada ağac emalı biznesi var və o, Ermənistana üç ay əvvəl gəlib. Ötən ilsə o, Ermənistana aprel müharibəsində iştirakdan ötrü qayıdıbmış. «Onun heç zaman siyasətə qatılmaq arzusu olmayıb. Bu mənada, güman edirəm ki, onun siyasi motivlərlə təqibi versiyası rədd edilməlidir», - K.Aghajanian deyib.

O, «İqla» zenit-raket kompleksinin köməyilə rəsmi şəxsin helikopterinin vurula biləcəyi haqda KİV-in versiyasını qəribə sayır. Vəkilin sözlərinə görə, heç cinayət işində də belə bir versiya yoxdur. O qeyd edib ki, istintaq «İqla»nın əldə edilməsinin motivlərini araşdırır. Ancaq araşdırılan motivlər mətbuatda yayılmış motivlərlə eyni deyil.

Vəkilin sözlərinə görə, həbs olunmuş S.Gabrielian S.Babayan-a qarşı ifadə verməyib. Vəkil jurnalistlərin Babayan-la Gabrielian-ın həbsədək, son zamanlar görüşüb-görüşmədiyi barədə sualına cavabında bu barədə bilgili olmadığını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG