Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:20

«Azərbaycanda seçmirlər, təyin edirlər»


Bakıda Formula-1
Bakıda Formula-1

-

Seçki şikayətləri ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində çıxarılan qərarlar, «Formula-1» yarışları, Azərbaycanın beynəlxalq idman yarışlarına ev sahibliyi etməsinin xeyri və ziyanı bu gün medianın aparıcı mövzusudur.

İDMANIN MƏKANI –AZƏRBAYCAN

«Azərbaycan» qəzetində ««Formula-1» həyəcanı başlandı» başlıqlı məqalə dərc edilib.

Yazıda qeyd edilir ki, artıq Azərbaycan beynəlxalq yarışların məkanına çevrilir: «Dünya ölkəmizin inkişafının, xalqımızın qonaqpərvərliyinin və zəngin mədəniyyətinin bir daha şahidi oldu».

Müəllifin fikrincə, Azərbaycan son illər dünyadan ötrü çox önəmli məkana çevrilir. Azərbaycan iqtisadi, siyasi, mədəni toplantılara ev sahibliyi edir. Beynəlxalq idman yarışları da həmin toplantılar kimi, dünyanın diqqətini Azərbaycana yönəldir: «Beləliklə, ölkəmizə gələn turistlər, dünyanın aparıcı pilotları, avtomobil mütəxəssisləri Azərbaycanla daha yaxından tanış oldular, onun inkişafını gözləri ilə gördülər. Azərbaycan bu yarışa yüksək səviyyədə ev sahibliyi etməklə bir daha sübut edir ki, beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas ünvanlardan biridir».

Qubad İbadoğlu
Qubad İbadoğlu

İTİRİLƏN MİLYONLAR

«Bizim Yol» qəzeti isə «Formula-1» mövzusunu davam etdirərək iqtisadçı Qubad İbadoğlundan indiki iqtisadi durumda beynəlxalq idman yarışlarına milyonların xərclənməsinin doğru olub-olmadığını soruşub.

Q.İbadoğlu qəzetə deyib ki, bu il hökumət idman yarışlarına yarım milyard manata yaxın vəsait ayırıb. Onun fikrincə, bu yarışlar dövlət büdcəsindən əlavə mənbələrdən də maliyyələşir.

İqtisadçı-ekspert indiki halda belə yarışlara ev sahibliyi etməyi düzgün saymır: «Fikrimizcə, dövlət maliyyəsində çətinliklərin müşahidə olunduğu indiki zamanda 100 milyonlarla vəsaiti bu məqsədlərə xərcləməyə dəyməz. Çünki idman infrastrukturunun formalaşdırılması deyil, onun saxlanılması da büdcənin yükünü artırır. Odur ki, istənilən halda belə yarışlardan iqtisadi mənada qazanc itkilərdən dəfələrlə az olur».

İqtisadçı düşünür ki, həmin vəsaitlər ölkədə sosial-iqtisadi problemlərin həllinə yönəldilməlidir.

Milli Məclis
Milli Məclis

BAŞQASININ YERİNƏ OTURANLAR

«Azadlıq» qəzeti seçki şikayətləri ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin son günlər Azərbaycanla bağlı 10-dan çox qərar çıxarmasına diqqət çəkir. «Hakimiyyətin saxtakarlıq rekordu» sərlövhəli məqalədə qeyd edilir ki, Azərbaycanda seçki saxtakarlıqları ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları artıq kütləvi xarakter alır: «İndi bütün dünya bir daha əmin olur ki, Azərbaycanda seçilmirlər, təyin edilirlər. Artıq şübhə yeri qalmır ki, bu ölkənin parlamenti alver məkanıdır, mandata sahib olmaq üçün xalqın səsi önəmli deyil».

Müəllif parlament üzvlərini saxtakarlıq nəticəsində «başqalarının yerlərində əyləşmiş şəxslər» adlandırır: «Bizim deputatlar isə başqasının haqqını bilərəkdən oğurlayır, başqasının haqqını bilərəkdən yeyir, hələ bir şəffaf seçkidən, qanunun aliliyindən danışırlar».

Müəllifin fikrincə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları Azərbaycan hakimiyyətinin mahiyyətini üzə çıxarıb. Məqalədə deyilir ki, hökumət bu qərarlara etiraz edə bilmir, ona görə də haqqı oğurlananlara təzminat ödəyir.

Qaz
Qaz

CAN ALAN QAZ

«Novoye Vremya» qəzeti «Yerli istehlakçıların enerji təhlükəsizliyi təhlükədə?» sərlövhəli məqalədə əhaliyə keyfiyyətsiz qaz verilməsindən bəhs edir.

Müəllif qeyd edir ki, əvvəllər dəm qazından zəhərlənmələr ən çox qış aylarına təsadüf edirdi. İndi isə dəm qazı hər zaman can ala bilir. Məqalədə ekspertlərə istinadən bildirilir ki, əhaliyə verilən qaz insan həyatına təhlükə yaradır: «Amma «Azəriqaz» daim bu mövqeləri qəti şəkildə rədd edərək, əhaliyə verilən qazın bütün normalara uyğun olmasında israr edirdi»,-deyə müəllif yazır.

Məqalədə deyilir ki, Energetika Nazirliyi məhz əhaliyə verilən qazın keyfiyyətini yoxlamaqdan ötrü xüsusi nəzarətedici laboratoriya yaradır. Yaxın iki-üç ayda bu laboratoriya yoxlamalar keçirəcək. Məqalədə nazirliyin hüquqşünası Samid Əliyevdən sitat da gətirilir: «Dəm qazından zəhərlənmələrlə bağlı qazın keyfiyyəti heç zaman yoxlanılmayıb. Zəhərlənmələrin səbəblərindən biri də qazın keyfiyyətsiz olmasıdır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG