Ümumdünya Səhiyyə Təşkilatının statistikasını təhlil edəndə məlum olur ki, Azərbaycanda intihar 2007-ci ildən sonra artıb.
2007-ci ildə canına qıyanların sayı kişilər arasında hər 100 min nəfərə 1,8 nəfər idisə, 2015-ci ildə bu rəqəm 5,3 nəfər olub. Qadınlar arasında intihar daha azdır.
Buna da bax: Ölkədə intiharlar niyə artır? - ekspertlər danışır
Bakı Dövlət Universitetinin müəllimi, psixoloq Günel Aslanova deyir ki, bu rəqəm Azərbaycan üçün təhlükəli artım olmasa da, hər halda artımdır və bundan narahat olub, araşdırma aparmaq lazımdır:
“Sosioloji bir tədqiqata ehtiyac var. Bura müstəqil ekspertlər də cəlb oluna bilər. Səbəbləri anlamaqdan ötrü əsaslı bir tədqiqata ehtiyac var”.
Səhiyyə Nazirliyinin Milli Ruhi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov deyir ki, hökumət səbəblərlə bağlı araşdırma aparıb və belə bir nəticəyə gəlib ki, intiharların sayında narahat olacaq həddə artım yoxdur. Onun sözlərinə görə, bir çox ölkələrdə, məsələn, İngiltərədə bu rəqəm daha çoxdur- hər 100 min nəfərə 7 nəfərdir.
“Artımın səbəbi yoxdur. Bu artım deyil. Əgər 100 min nəfərə 15 olsaydı, onda artım olardı”.
Buna da bax: A.İsazadə: 'Psixoloji yardım mexanizmi işə salınmalıdır'
Psixoloq Günel Aslanova isə hesab edir ki, bütün hallarda artım mövcuddur və onu gözardı etməmək, daha da artmasını gözləməmək və tədbir görmək lazımdır.
Hökumətin başqa bir qurumu isə deyir ki, intihar edənlərin böyük əksəriyyəti ruhi xəstələr, narkomanlar, sərxoşlardır.
Son bir neçə ildə canına ictimai yerlərdə qıyanlar daha çox məmur özbaşınalığından, bank borclarının olmasından şikayət edir.
Buna da bax: 'MTN işi'ndə zərərçəkənlərin intihar cəhdləri [yenilənib] [fotolar]
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisinin müavini Orxan Mansurzadə, avqustun 17-də APA informasiya agentliyinə müsahibəsində deyib ki, intiharları sosial problemlərlə bağlamaq yanlışdır, intihar edənlərin əksəriyyəti ruhi xəstələr, xroniki alkoqolizm, narkomaniya və digər ağır xəstəliklərdən əziyyət çəkənlərdir.
Milli Ruhi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov isə deyir ki, Azərbaycanda narkomaniya və sərxoşluq geniş yayılmayıb və intiharların səbəbi əsasən psixoloji problemlər olur.
Psixoloq Günel Aslanova da əlavə edir ki, sərxoşlar və narkomanlar dünyada intihar qrupuna aid olan sosial kəsim kimi qəbul olunmur:
"Bu düşüncə əsaslı görünmür. Çünki sərxoşlar və narkomanlar risk qrupuna aid deyil. Onlar həzz hissinə narkotik və alkoqol vasitəsilə nail olur. Ola bilsin ki, doza aşımı olsun, bunun da adı intihar deyil. Amma ümumi dünya üzrə belə bir risk qrupu yoxdur”.
Buna da bax: İntihara meylli adamlarla necə davranmalı? [video]
Günel Aslanova deyir ki, intiharın geniş yayılmasının əsas doqquz səbəbi arasında alkoqolizm və narkomaniya yoxdur, amma bu səbəblər sırasında iqtisadi faktorlar var. Onun sözlərinə görə, neftin qiyməti ucuzlaşandan sonra manatın dəyərdən düşməsi və iqtisadi durumun çətinləşməsi intihara səbəb ola bilər, amma əsl səbəbin nə olduğunu üzə çıxarmaq üçün araşdırmaya ehtiyac var.
Buna da bax: