Keçid linkləri

2017, 27 İyul, Cümə axşamı, Bakı vaxtı 08:58

“The Guardian” qəzetinin redaktorlarından Mona Çələbi yazır ki, ən son məlumatlar ingilis dilinin “amerikanlaşmasının” yüksəlişdə olduğunu göstərib.

Yeni araşdırmadan bəlli olub ki, Amerika ingiliscəsi bütün dünya boyunca o qədər güclənib ki, onun təsiri Britaniyanın özündə də hiss olunur.

“İmperiyanın süqutu: İngiliscənin amerikanlaşması” adlı araşdrımada 1800 və 2010-cu illər arasında çıxmış 15 milyon kitabın rəqəmsal variantı və 30 milyon tvit təhlil edilib.

Araşdırmanı aparanlar lüğətdəki söz və orfoqrafiya fərqlərini təhlil edirdilər.

Bunun üçün söz cütlərindən istifadə olunurdu. Məsələn, badımcan ingiliscədə “aubergine”, Amerika ingiliscəsində isə “eggplant” sözləri ilə ifadə olunur.

Digər tərəfdən bir dilin iki variantında orfoqrafiya fəqrləri də az deyil. Məsələn “estrogen” və “oestrogen” və ya “travelling” və “traveling” (səfər etmək).

Faktların coğrafiyası da müxtəlifdir. Məsələn, məlum olub ki, İngiltərə ingiliscəsinin tarixən norma sayılmasına baxmayaraq, Madrid, Paris, Amsterdam, Berlin və başqa Avropa şəhərlərində Amerika ingiliscəsinin əhəmiyyətli təsiri hiss olunur.

Digər tərəfdən Britaniya Birliyi ölkələrində - Cənubi Afrika, Avstraliya və Yeni Zelandiyada klassik ingiliscə mövqelərini az-çox qoruya bilib.

Bir çox Avropa ölkələrində Amerika sözlərinin təsiri Amerika orfoqrafiyasının təsirindən çoxdur.

Belə bir hal Britaniyada da müşahidə olunur. Britaniyalılar ara-sıra “elastic band” (elastik qaytan) ifadəsinin əvəzinə amerikalılar kimi “rubber band” (rezin qaytan) ifadəsini işlədirlər.

Bununla belə, heç bir britaniyalı “moustaches” (bığ) sözünü “mustaches” sözünə qurban verməz.

Araşdırma müəlliflərinin gəldiyi nəticə budur ki, dünya boyunca ingilis dilində Amerika təsirlərinin güclənməsi televizya və kinoda amerikalıların hegemonluğu ilə bağlıdır.

Hind dilçisi Braj Kachru bildirir ki, ingiliscənin üç çevrəsi var.

Daxili çevrədə (Britaniya, İrlandiya) ingilis dili ana dili funksiyasını daşıyır. Bayır çevrədə ingiliscədən ikinci dil kimi istifadə olunur (Hindistan və Cənubi Afrika). Və bir də getdikcə genişlənən üçüncü çevrə var. Burada (məsələn Rusiya, Finlandiya, Portuqaliya) adamlar çox vaxt biznes məqsədləri üçün ingilis dilindən xarici dil kimi istifadə edirlər.

Ümumilikdə isə bu araşdırma üçün 30 ölkə təhlil edilib.

Google kitablarının təhlili isə daha maraqlı meylləri ortaya çıxarıb.

İngilis dilində amerikanizmlərin sürətli artımı Berlin divarı yıxılandan bəri qeydə alınıb.

Həmin vaxtdan Amerika dünyanın yeganə supergücüdür.

Lakin Mona Çələbi yazır ki, bu araşdırma qüsursuz deyil. Çünki alimlər tvitləri və kitabları təhlil ediblər. Tvitter-dən daha çox gənc, müasir təhsilli adamlar daha çox istifadə edirlər, halbuki kitabları adətən “mədəniyyət elitaları” yazır.

Lakin bütün qüsurlarına baxmayaraq araşdırma göstərib ki, iki ingiliscə arasında qızğın döyüş gedir və sıyığın “oatmeal” və ya “porridge” olduğunu gələcək nəsillər müəyyən edəcək.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG