Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:57

"Baharın on yeddi anı"yla yaddaşlarda qalan Tikhonov əsl siması ilə


Vyacheslav Tikhonov "Baharın on yeddi anı" filmində Max Otto von Stirlitz rolunda.
Vyacheslav Tikhonov "Baharın on yeddi anı" filmində Max Otto von Stirlitz rolunda.

Bir yığın maraqlı, sevilən rolları vardı, amma Vyacheslav Tikhonov bütün SSRİ-də nasist Almaniyasının düz göbəyində oturub vətəninə xidmət eləyən qorxmaz, alicənab sovet kəşfiyyatçısı Ştirlis-İsayev kimi tanınıb sevilmişdi daha çox. Ancaq o alicənablıq sadəcə ssenaridə yazılıb İsayev obrazının boyuna biçilməmişdi, Tikhonovun özündən gəlirdi və hətta karyerasında, həyatında ona mane olmuşdu. Sovet dövründə aristokrat, avropalı zahiri görünüşünə, “rusa oxşamadığına” görə məşhurlaşana qədər rol almaqda çətinlik çəkmişdi, həyatda isə ədalətsizliklə üzləşdiyi anlarda - xüsusilə ailədə - məhz, alicənablığına görə səssiz qalıb getməyi seçmişdi. Alicənablığı Vyacheslav Tikhonovun faciəsinə çevrilmişdi.

Vyacheslav Tikhonov 1928-ci il fevralın 8-də Moskva vilayətinin Pavlovski Posad şəhərində anadan olmuşdu. Atası – Vasili Romanoviç toxuculuq fabrikində mexanik, anası Valentina Vyacheslavovna isə uşaq bağçasında dayə işləyirdi. Ailə ikimərtəbəli taxta evdə nənə və baba ilə birlikdə yaşayırdı.

Buna da bax: Sovet sirkinin ən məşhur klounu 95 yaşında...

1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Tikhonovun oxuduğu məktəbi hərbi hospitala çevirirlər, atası da vaxtını küçələrdə keçirən oğlunu “peşə sahibi olmaq lazımdı, küçədə veyillənmək yox” deyərək peşə məktəbinə göndərir. Məktəbi bitirəndən sonra gənc Vyacheslav hərbi zavodda xarrat kimi işləməyə başlayır. Axşamlar isə dostları ilə birlikdə “Vulkan” kinoteatrına gedərək müharibə filmlərini izləyir. Çapayev, Aleksandr Nevski və onları ekranda canlandıran aktyorlar - Boris Baboçkin, Nikolay Çerkasov, həmçinin Mixail Jarov, Pyotr Aleynikov onun sevimliləri idi. Sonralar Tikhonov “bu adamlar məni sehrləyib incəsənətə göndərdilər” deyirdi.

Valideynləri gənc Vyacheslavın təhsilini davam etdirib mühəndis, ya da aqronom olmasını istəyir, o isə sevimli qəhrəmanlarını izləyə-izləyə aktyor olmağı arzulayırdı. Tikhonov valideynlərindən gizlicə kino ilə maraqlanmağa başlayır.

1944-cü ildə ata-anasının istəyi ilə Avtomexanik İnstitutunda hazırlıq kursuna daxil olan Tikhonov bir il sonra hərbi əməliyyatlar bitən kimi Moskvaya yollanır, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olmağa cəhd edir və kəsilir. Ancaq onun həvəsini və yəqin ki, istedadını görən Boris Bibikov Vyacheslavı plandankənar öz fakultəsinə qəbul edir. Valideynləri Vyacheslavın onlara qarşı çıxmasına qəzəblənsələr də, artıq olan olmuşdu. Beləcə o, ÜDKİ-də görkəmli pedaqoqlar Boris Bibikovla Olqa Pıjovanın tələbəsi olur.

* * *

Vyacheslav Tikhonovun "Gənc qvardiya" filmində ilk rolunu oyayır, 1948.
Vyacheslav Tikhonovun "Gənc qvardiya" filmində ilk rolunu oyayır, 1948.

Tikhonovun kinoda debütü də elə tələbə ikən baş tutur – Sergey Gerasimovun məşhur “Gənc qvardiya” filmində Volodya Osmuxin roluna çəkilir. Bu filmin çəkiliş prosesi 40-cı illər sovet kinosu üçün yenilik sayılırdı: ciddi hazırlıq dövrü, aktyorların öz obrazlarını mənimsəmə mərhələsi, xarakterlərlərin çoxqatlı işlənməsi və əsərdəki mühitin filmdə olduğu kimi canlandırılması “Gənc qvardiya”nı 1948-ci ildə SSRİ prokatının liderinə çevirir, 49-cu ildə isə ona Stalin mükafatını qazandırır. Film həm də Vyacheslav Tikhonov, Nonna Mordyukova, Sergey Bondarçuk, Klara Luçko, Yevgeni Morqunov kimi sovet kinosunun onlarla tanınmış aktyorunun sənət vəsiqəsi rolunu oynayır. Ancaq ahıl vaxtlarında Tikhonovdan “Gənc qvardiya” filmindəki işi barədə soruşanda o, “Bu xatirələr həddindən çox güc və enerji alır. Mən olanlar haqqında elə-belə danışmağı bacarmıram. Hər hansı hadisəni xatırlayanda onu təzədən yaşayıram, həyəcanlanıram. Yaşımın elə vaxtıdı ki, həyəcanlanmaq mənə zərərdi...” deyə cavab verirdi.

1950-ci ildə Vyacheslav Tikhonov diplomla birlikdə Vladimir Braunun “Sakit günlər” filmində rol təklifi alır. Eyni ildə Kinoaktyor Teatr-studiyasının səhnəsində oynamağa, yeddi ildən sonra isə Maksim Qorki adına Kinostudiyada işləməyə başlayır. Bundan sonra teatrı atır və özünü bütünlüklə kinoya həsr edir.

1957-ci ildə aktyorun, Stanislav Rostotskinin “Əhvalat Penkovda baş vermişdi” filmində canlandırdığı traktorçu Matvey Morozov obrazı onu tamaşaçılara sevdirir. Bu filmdə Tikhonov sadəcə müsbət, ya da mənfi qəhrəmanı oynamamışdı, əksinə, lirik-komik çalarlı ifa vasitəsilə birqatlı personaj çərçivəsini dağıtmışdı. Vyacheslav Tikhonovun zahiri görkəmi sadə traktorçuya uyğun gəlmirdi, amma o, qəhrəmanının daxili aləmini açmaqla traktorçu Morozovun tamaşaçı tərəfindən qəbul edilməsinə nail ola bilmişdi. Yeri gəlmişkən, Tikhonov Morozovu kinodakı ən yaxşı rolu hesab edirdi.

“Əhvalat Penkovda baş vermişdi” filmi və ondan sonra gələn bir neçə ekran əsəri ilə Tikhonov, rejissorları öz istedadına inandırmağı bacarır və qısa müddətdə Stanislav Rostotskinin “May ulduzları” (1959) və “Külək kimi sürətlə” (1962), Taşkovun “Susuzluq” (1959), Şveytsarın “Miçman Panin” (1960) də daxil olmaqla bir sıra başqa filmlərdə maraqlı rollar yaradır.

60-cı illərin ikinci yarısında Sergey Bondarçukun “Hərb və sülh” filmində oynadığı knyaz Andrey Bolkonski obrazı aktyorun şöhrətini daha da artırır. Əslində Bondarçuk Bolkonski roluna İnnokenti Smoktunovskini çəkmək istəyirdi, ancaq Smoktunovski həmin vaxt Kozintsevdən “Hamlet” filmində baş rolu oynamaq təklifi almışdı və onu seçmişdi. Tikhonovun namizədliyini isə rejissora SSRİ-nin o vaxtkı mədəniyyət naziri Yekaterina Furtseva təklif eləmişdi. Bondarçukun, Tikhonovun ifasından xoşu gəlmirdi, bununla belə rolu ona vermişdi. Bütün çəkiliş heyəti kimi Tikhonov da rejissoru razı salmaq üçün var-gücünü sərf eləmişdi. Dostları deyirlər ki, aktyor bu rolu oynamağı çox istəyirmiş, “Hərb və sülh”ü təkrar-təkrar oxuyurmuş. Amma çəkilişlər bitəndən sonra öz ifası onu o qədər məyus eləyibmiş ki, az qala, kinonu atmaq qərarına gəlibmiş. Çünki dörd illik ağır zəhmətdən, başqa təkliflərdən imtinadan sonra ortaya ziddiyətli nəticə çıxmışdı - tənqidçilər Tikhonovun oyunundan razı qalmamışdılar, Bondarçuk isə axıra qədər Bolkonskinin ona uyğun gəlmədiyini deyirdi. Bununla belə film “Oskar” da daxil olmaqla (1968) çoxlu mükafata layiq görülmüşdü.

Buna da bax: Sovet filminin yaraşıqlı kişi obrazı, gerçək həyatda utancaq və çəkingən - O. Basilaşvili

Knyaz Bolkonskinin ardınca Tikhonov karyerasının daha bir əhəmiyyətli rolunu oynayır – S.Rostotskinin “Bazar ertəsinə qədər yaşayaq” filmində dürüst, təvazökar, sadə tarix müəllimi obrazını canlandırır və yenə tamaşaçıların ürəyini fəth edir.

1969-1972-ci illərdə Tikhonov “Baharın on yeddi anı” çoxseriyalı bədii filmində özünün ən məşhur rolunu- kəşfiyyatçı İsayev-Ştirlisi oynayır. Film 73-cü ilin mayında, qələbə günü münasibətilə ekranlara çıxmalı idi, lakin həmin vaxt Leonid Brejnyev Almaniya Federativ Respublikasında səfərdə olduğuna görə təxirə salınır və avqustun 11-də tamaşaçılara təqdim olunur.

Vyacheslav Tikhonovun İsayevi son dərəcə real, mürəkkəb xarakterə malik idi. Aktyor dəqiq və lakonik jestlər, mimikalar, iri planları tutmaq bacarığı ilə qəhrəmanının zəngin daxili aləmini, əhval-ruhiyyəsində güclə hiss olunan dəyişiklikləri göstərə bilmişdi. Tikhonov Ştirlis-İsayev obrazını o qədər canlı yaratmışdı ki, milyonlarla tamaşaçı onun real insan olduğuna inanmışdı. “Baharın on yeddi anı” təkcə SSRİ ərazisində yox, onun sərhədlərindən kənarda da populyarlıq qazanmışdı.

Vyacheslav Tikhonov "Baharın 17 anı filmində" 1973.
Vyacheslav Tikhonov "Baharın 17 anı filmində" 1973.

Maraqlıdı ki, aktyor Ştirlis obrazı ilə asossiasiya olunmasını sevmirdi. Qızı Anna danışır ki, hər dəfə küçədə kimsə “Oy, Ştirlis!” deyə atasına yaxınlaşanda o, “Yox, siz məni kiminləsə səhv salırsınız” cavabını verirmiş.

70-ci illərin ikinci yarısında Leonid Brejnyevin memuarları əsasında çəkilən “Kiçik torpaq” trilogiyasında müəllif mətnini oxumağı Tikhonova həvalə edirlər. Deyilənə görə, bunu Brejnyev özü istəyibmiş.

80-ci illərin sonu 90-ci illərin əvvəllərində baş verən siyasi dəyişikliklər, yenidənqurma, SSRİ-nin dağılmasını böyük aktyor həddindən artıq ağır keçirir. Onun inandığı idealların hamısı məhv olmuşdu. Rejissor Sergey Solovyovun sözlərinə görə, Tikhonov “yeni dövrü qəbul etmək istəmirdi, o, ÜDKİ-da dərs deməkdən də imtina eləmişdi”. Filmlərə çox az çəkilirdi, əsasən, ikinci dərəcəli rollarda (N. Mixalkov “Günəşdən usananlar” filmi, Dmitri Astraxanın “Berlin ekspressi” serialı). Qızı Annanın dediyinə görə, rejissorlar, prodüserlər ona daha çox fırıldaqçı, əyyaş general, pozğun deputat rolları təklif edirlərmiş. Tikhonov belə təkliflərə qətiyyətlə yox deyirmiş.

V. Tikhonov sonuncu dəfə ekranlara Eldar Ryazanovun “Andersen. Sevgisiz həyat” filmində Allah rolunda çıxır.

Aktyor həyatının son illərində Moskva ətrafındakı sadə bağ evində hər kəsdən uzaqda yaşayır.

2009-cu ildə artıq iki dəfə infarkt keçirmiş Tikhonov ürək əməliyyatından salamat çıxsa da, qısa müddət sonra böyrəkləri fəaliyyətini dayandırır. Aktyoru əvvəlcə hemadializ, sonra isə süni nəfəsalma aparatına qoşurlar. Vyacheslav Tikhonov 2009-cu il dekabrın 4-də dünyasını dəyişir.

Aktyorun həkimi onun vəziyyətinin tənhalıq və baxımsızlıqdan ucbatınan ağırlaşdığını deyirdi.

* * *

Vyacheslav Tikhonov iki dəfə evli olub.

İlk həyat yoldaşı, aktrisa Nonna Mordyukova ilə Tikhonov “Gənc qvardiya”nın çəkilişlərində tanış olmuşdu. Onda Vyacheslavın 19, Nonnanın isə 22 yaşı vardı. Nonna ilk vaxtlar ona fikir verməyən gənci yoldan çıxartmaq üçün xeyli səy çəkir. 1950-ci il fevralın 29-da onların oğulları – Vladimir dünyaya gəlir. N. Mordyukova həmin illəri xatırlayanda “Dərhal başa düşdüm ki, o, mənə qətiyyən, yerli-dibli lazım deyil. Amma uşaq artıq doğulmuşdu və biz xristian adətilə birlikdə yaşamağa başladıq. Daha doğrusu, yaşamağa yox, əzab çəkməyə - nə o, evə gəlmək istəyirdi, nə də mən” deyirdi.

Onlar kommunal mənzildə, balaca bir otaqda düz on il yaşayırlar.

“Ailə həyatımız güc-bəla davam edirdi, daim borc içindəydik, maaşdan maaşa zorla çıxırdıq. Əslində bizim nigahımız elə bir ildən sonra dağılmağa hazır idi, ancaq o vaxtlar boşanmağa yaxşı baxmırdılar, həm də ayıb idi. Tərbiyəmiz imkan vermirdi!” deyə N. Mordyukova xatırlayırdı.

Buna da bax: Ştirlitsin prototipi olan kəşfiyyatçı

Bəlkə də Nonna Mordyukova ayrılardı, amma anası qoymurdu. Anasının V. Tikhonovdan xoşu gəlirdi. Odur ki, onlar Nonnanın anası vəfat edəndən iki gün sonra ayrılırlar. Deyilənə görə, Mordyukovanın eyni filmdə çəkildiyi Vasili Şukşindən xoşu gəlirmiş. Sonralar Mordyukova da müsahibələrindən birində bu fərziyyəni qismən təsdiqləmişdi: “Mənim üçün ağır zamanlar idi. Vasya hamı ilə eyni cür davranırdı, halbuki daha çox mənim yanımda olmasını istəyirdim, onun hər jestini izləyirdim, hər sözünə qulaq asırdım. Allaha şükür, Vasyanın rolu balaca idi və tez getdi. Biz qadınlar üçün hərdən çox ağır olur - ərin var, oğlun var, amma başqa birinin xatirəsi çəkic kimi beynini döyəcləyir”.

Onların yeganə oğlunun həyatı da faciəvi olur: Vladimirin ailə həyatı da, aktyorluq karyerası da alınmır. Gənc yaşlarından içkiyə, narkotikə qurşanan Vladimir 40 yaşına çatanda artıq iki dəfə insult keçirmişdi, üçüncü insult isə ölümlə nəticələnir.

V. Tikhonov ömrünün sonuna qədər oğlunun ölümündə özünü günahlandırırdı.

Vyacheslav Tikhonov həyatının son illərində.
Vyacheslav Tikhonov həyatının son illərində.

1968-ci ildə 40 yaşlı Tikhonov ikinci dəfə ailə həyatı qurur. Bu dəfə 25 yaşlı fransız dili müəlliməsi Tamara ilə. Onlar “Kişi və qadın” filminin dublyajı zamanı tanış olmuşdular. Onda aktyor baş qəhrəmanı səsləndirir, Tamara isə tərcüməyə yardım edirdi. Tamara həyat yoldaşından ayrılır və Tikhonovla evlənir. 1969-cu ildə onların Annası dünyaya gəlir.

Emosional, ehtiraslı Mordyukovadan fərqli olaraq Tamara təmkinli və azdanışan idi. Amma bu səssiz qadın uzun illər Tikhonovu ciddi nəzarət altında saxlamışdı. İş ondadı ki, ekranda qəhrəmanları oynayan Tikhonov adi həyatda son dərəcə yumşaq xasiyyətli və köməksiz idi. Bütün rollarını arvadı ilə razılaşdırırdı, sevgi səhnələri haqqında ona hesabat verirdi, çünki Tamara həddindən artıq qısqanc idi. İllər keçdikcə onların münasibətləri daha da ağırlaşır. Yaşlı vaxtlarında Tamara İvanovnanın qısqanclığı patoloji hal alır. Arvadının daimi qısqanclıq tutmalarına dözə bilməyən aktyor əşyalarını toplayıb öz tikdiyi bağ evinə köçür. Amma Tamara burda da onu rahat buraxmır. Axırda ər-arvad evi yarı bölür və Tikhonovun son gününə qədər elə yaşayırlar. Tamara, Tikhonovun onun həyatını korladığını deyirmiş. Qadın içməyə başlayır, bir neçə dəfə intihara cəhd edir. Anna anasına nəzarət eləmək üçün tez-tez bağa gəlir və tezliklə Tikhonov qızının da nəzarətinə keçir. Aktyorun dostları danışırlar ki, onların ucbatından Vyacheslav Vasilyeviç birinci nigahından olan oğlu Vladimirlə gizli görüşürmüş.

Atasının həyatı ilə yanaşı karyerasını da idarə edən Anna onun vəsiyyətini də yerinə yetirmir. Tikhonov kilsə mərasiminin olmasını istəmirmiş və oğlu Vladimirlə eyni məzarda basdırılmağını vəsiyyət edibmiş. Amma Anna, Xilaskar İsa kilsəsində dəfn mərasimi təşkil edir və atasını Novodeviçye qəbirstanlığında Oleq Yankovski ilə yanaşı torpağa verir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG