Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 19:20

Fəlakət qurbanı olan bir ailə 7 ildir ev gözləyir


Fazil Babaşovun 4 nəfərdən ibarət ailəsi 7 ildir ki, kirayələrdə yaşayır.

FİN 4 ildir məhkəmə qərarını yerinə yetirmir?

İmişli şəhəri, Pənah Həsənov küçəsi, ev 128 ünvanında qeydiyyatda olan Fazil Babaşovun 4 nəfərdən ibarət ailəsi 7 ildir ki, kirayələrdə yaşamaq məcburiyyətində qalıb. Buna səbəb, 2010-cu ildə baş verən təbii fəlakət nəticəsində evlərinin qəzalı vəziyyətə düşməsidir.

“11 nəfərdən bircə mənə yardım olunmayıb”

Kür-Araz ovalığında yerləşən yaşayış məntəqələrində sel və daşqınların təsirindən zərər çəkən yüzlərlə belə ev var. Sahibləri artıq, dövlət yardımına olan ümidlərini itirərək hərəsi bir yolla başlarına çarə qılıb. Amma Fazil Babaşovun gözləməyinin səbəbi əlində qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmasıdır. Şirvan İnzibati-İqtisad Məhkəməsinin 2013-cü il dekabrın 30-da verdiyi qərarına görə, Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə Fazil Babaşovun ailəsinə iki otaqlı yeni yaşayış evinin tikilməsi vəzifəsi qoyulub. Bu qərarı Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisad Kollegiyası da qüvvədə saxlayıb.

Buna da bax:​ Bələdiyyə evi dağılana: 'Gözlə, gedim vergi yığım, gəlirəm'

Şirvan İnzibati-İqtisad Məhkəməsinin qərarı (1-ci hissə)
Şirvan İnzibati-İqtisad Məhkəməsinin qərarı (1-ci hissə)

O zaman fəlakət qurbanlarının FHN-ə qarşı eyni vaxtda irəli sürdükləri iddialar bir işdə birləşdirilib. Fazil Babaşovdan savayı İmişlidən daha 10 nəfərin ərizəsinə birgə baxılıb. Vətəndaşı ən çox ağrıdan odur ki, qərarın məhz ona aid hissəsi icra olunmayıb:

“Mənə 2 otaqlı yeni ev tikilməsi, digər iddiaçılara isə zərərin əvəzi olaraq kompensasiya ödənilməsi barədə qərar çıxarılıb. Zərərçəkənlərə 1 200 manatdan 6600 manatadək məbləğdə yardım təyin edilmişdi, hamısı da ödənilib. Bircə mənim evim tikilməyib”.

Buna da bax:​ Artırmaların sökülməsi evləri çökmək təhlükəsi ilə üz-üzə qoyub

Şirvan İnzibati-İqtisad Məhkəməsinin qərarı (2-ci hissə)
Şirvan İnzibati-İqtisad Məhkəməsinin qərarı (2-ci hissə)

“Nazir özü də təəccüb etdi”

İmişli sakini deyir ki, qanuni qüvvəsini almış məhkəmə qərarının icra olunmaması ilə bağlı mərkəzi icra hakimiyyəti orqanlarına və Fövqəladə Hallar Nazirliyinə dəfələrlə müraciət edib. Nazir Kəmaləddin Heydərovun qəbulunda da olub:

“Nazir qərarın icra olunmamasına özü də təəccüb etdi, ətrafındakılardan soruşdu ki, niyə bu adamın evi indiyədək tikilməyib? Mənim yanımdaca göstəriş verdi, köməkçisi bloknotunda ad-soyadımı, ünvanımı, əlaqə telefonumu qeyd etdi. Amma bundan sonra da səs-səmir çıxmadı...”

Buna da bax:​ Şəkidə hələ də bərpasını gözləyən evlər var

Kirayə haqqı olaraq az qala bir evin pulunu ödəyiblər

Təbii fəlakət baş verəndə F. Babaşovun uşaqlarının 1 və 4 yaşları olub. İndi onların hər ikisi məktəblidir. Valideynlər tez-tez gedib qəzalı vəziyyətdə olan evlərinə, həyət-bacalarına baxırlar. Uşaqlarını da aparıb göstərirlər ki, onlar doğulduqları evi, məhəllələrini tanısınlar.

Bu ünvana qayıdacaqlarına ümid edən ailə, ötən 7 ildə kirayə haqqı olaraq az qala bir evin pulunu ödədiklərini düşünür. Üstəlik, deyirlər ki, qaldıqları yerləri müvəqqəti bildiklərindən əlləri bir işə yatmayıb, mənzil-məişət şəraitlərini yaxşılaşdıra, bağ sala bilməyiblər. Bir yerdən başqa yerə köçəndə çantaya ilk olaraq məhkəmə qərarını qoyublar. Ona gələcək evlərinin “kupça”sı kimi baxıblar.

O qərarın surətini bəlkə yüz dəfə çıxarıb “yuxarılara” göndərdiklərini, amma son vaxtlar məktublarına cavab ala bilmədiklərini söyləyirlər.

Buna da bax:​ 15 köçkün ailəsi gecələr yatmır...

“Vətəndaş ədliyyə orqanlarına müraciət etsin”

Qərarın icra vəziyyəti ilə bağlı maraqlandıq. Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, bu məsələ ilə bağlı yerli icra hakimiyyətinin fövqəladə hallar komissiyasına müraciət etmək lazımdır. İmişli rayon İcra Hakimiyyətinin sözügedən komissiyasının rəhbəri Səfa Ağayev isə deyir ki, onlardan asılı heç nə yoxdur:

“Biz o zaman dövlət komissiyasına uçmuş, qəzalı vəziyyətə düşmüş evlər barədə məlumat təqdim etmişik. Rayona gələn nümayəndələrin qabağına düşüb həmin evləri göstərmişik. Bununla da, bizim vəzifəmiz bitib. Komissiya, ya məhkəmə nə qərar qəbul edib, onlar niyə indiyədək icra olunmayıb, bu məsələlər bizim səlahiyyətimizə aid deyil. Yerli icra hakimiyyəti orqanı mərkəzi icra hakimiyyəti orqanından tələb edə bilməz ki, o, qərarı icra et. Vətəndaş aidiyyatı üzrə icra orqanına, Ədliyyə Nazirliyinə, məhkəməyə müraciət etsin”.

Buna da bax:​ Lerikdə qar uçqununa düşən bir ailənin faciəsi

20 şikayət Avropa Məhkəməsindədir

Təbii fəlakətlə baş verən zaman yaradılan “Kür” vətəndaş cəmiyyətinin koordinatoru olmuş Oktay Gülalıyev bildirir ki, faciənin yüzlərlə qurbanının pozulmuş hüquqlarının bərpasına yardımçı olublar:

“Təqdim etdiyimiz siyahılar əsasında FHN xeyli sayda evə baxış keçirib, vətəndaşlara dəymiş zərərin bir hissəsini ödəyib. İşlərin məhkəməyə çıxarılmasına da hüquqi yardım və qurbanlara vəkillik etmişik. Bəzilərinin pozulmuş hüquqlarını yerli məhkəmələr tanıyıb. Bəzi məsələlər elə məhkəmə baxışı dövründə öz həllini tapıb. 20-dən çox iş isə hazırda Avropa İnsan Hüquqları Məhkəməsinin icraatındadır. Üstündən illər keçsə də, hökumət 2010-cu ilin təbii fəlakətinin nəticələrini, hələ də tam aradan qaldırmayıb”.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG