Keçid linkləri

2018, 21 Yanvar, bazar, Bakı vaxtı 05:13

İlqar Məmmədova bəzi sənədlər yetişməyib


Bu gün, dekabrın 29-da vəkil Fuad Ağayev 2 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanan REAL Hərəkatinin lideri İlqar Məmmədovla görüşüb. Vəkilin deməsinə görə, görüşdə məqsəd Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) və Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) məktublarını İ.Məmmədova çatdırmaq olub:

«Amma həmin sənədlərin İlqar Məmmədova çatdırılmasına imkan verilmədi. Səbəbini soruşdum ki, niyə qoymursuz bu sənədləri verək? Cavabları bu oldu ki, həmin məktublar ingilis dilindədir. O, tərcümə ediləcək. Mənə dedilər ki, bundan sonra sənədləri Azərbaycan dilində gətirim. Bunların deməyindən belə çıxır ki, mən Avropa İnsan Haqları Məhkəməsinə, Avropa Şurası Nazirlər Komitəsinə deməliyəm ki, sənədi mənə görə Azərbaycan dilində hazırlayın».

***Buna da bax-Azərbaycana İlqar Məmmədovu azad etmək üçün son imkan verilir

F.Ağayev baş verənləri təkcə İ.Məmmədova yox, həm də vəkil olaraq özünə təzyiq kimi dəyərləndirib:

«Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsindən Çıxarışın 83.2-ci maddəsinə görə, Cəzaçəkmə Müəssisində heç kim vəkili senzuradan keçirə bilməz».

Vəkil deyib ki, İ.Məmmədovun səhhəti ilə bağlı isə hər hansı şikayəti yoxdur.

Vəkilin bu açıqlamasına 2 Saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyindən və Penitensiar Xidmətdən, hələlik, münasibət almaq mümkün olmayıb.

Xatırlatma

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

AİHM artıq onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kasasiya şikayəti də təmin edilməyib.

***Buna da bax-İlqar Məmmədov şərti azadlıq yox, bəraət istəyir

AŞNK oktyabrın 25-də qəbul etdiyi qərarda bildirib ki, Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də AİHM-ə müraciət etmək niyyətindədir. Qərarda həmçinin vurğulanırdı ki, Azərbaycan məsələ ilə bağlı öz mövqeyini noyabrın 29-na kimi bildirə bilər.

Azərbaycan hökuməti isə AŞNK-yə bu yaxınlarda göndərdiyi cavabda vurğulayıb ki, AİHM-in İ.Məmmədovla bağlı qərarında onun dərhal azadlığa buraxılması ilə bağlı tələb yoxdur. Buna görə də, hökumət hesab edir ki, sözügedən qərarın icra yollarını seçməyə ixtiyarı var.

Nəhayət, dekabrın 5-də AŞNK AİHM-in REAL Hərəkatının lideri İ.Məmmədovun azad edilməsi qərarını icra etmədiyinə görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Hökumət rəsmiləri deyir ki, qanunvericiliyə edilən son dəyişikliklər İ.Məmmədovun şərti azadlığa çıxmasına imkan yaradır. Ancaq İ.Məmmədov da bəyan edib ki, o, şərti azadlıq yox, bəraət istəyir.

Bu günlər AİHM Avropa Şurasının Nazirlər Komitəsinə, Azərbaycan hökumətinə və həbsdə olan REAL Hərəkatının lideri İ.Məmmədova məktub göndərib. Məktub Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan tərəfinin İ.Məmmədovla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icra edilib-edilməməsi məsələsinə dair sorğusuna cavabdır:

«Məktubda Nazirlər Komitəsinə, hökumətə və bizə sorğu ilə bağlı yazılı şərhlərin gələn il martın 1-nə kimi təqdim edilə bilməsi haqqında məlumat verilir»,- deyə vəkil vurğulamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG