Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:42

Azərbaycan XİN-i ABŞ-ı siyasi təzyiq cəhdində ittiham edir


Elman Abdullayev
Elman Abdullayev
-
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın ATƏT yanında Daimi Nümayəndəsinin QHT-lər haqqında qanuna son əlavə və dəyişikliklərə dair tənqidi bəyanatına münasibət bildirib.

Fevralın 20-də ABŞ-ın ATƏT-dəki səfiri Deniel Bayer ATƏT Daimi Şurasının iclasında Azərbaycanda QHT-lər haqqında qanuna son əlavə və dəyişiklikləri tənqid edib.

MƏQSƏD ŞƏFFAFLIĞI ARTIRMAQDIR

Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-nın sorğusuna cavabında deyib ki, qeyri-hökumət təşkilatları haqqında qanuna son əlavə və dəyişikliklər Azərbaycan Konstitusiyası və İnsan hüquqları haqqında Avropa Konvensiyası, ATƏT və Avropa Şurası çərçivəsindəki öhdəliklərə uyğun hazırlanıb. Həmin dəyişikliklər QHT-lər, Milli Məclis, Ədliyyə Nazirliyi və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəyə çıxarılıb.

E. Abdullayev qeyd edib ki, məqsəd QHT-lərin fəaliyyətində və xüsusilə onların maliyyələşməsində şəffaflığın artırılması, korrupsiya elementlərinin aradan qaldırılması və QHT-lərin vətəndaş cəmiyyətinin inkişafına xidmət edən təsisat kimi rolunun gücləndirilməsindən ibarətdir:

“Bu xüsusda biz QHT-lərə müraciət edərək onları Azərbaycan Respublikasının qanunları çərçivəsində şəffaf və açıq, eləcə də korrupsiya və qanunsuz maliyyələşmə metodlarından azad şəkildə fəaliyyət göstərməyə qətiyyətlə çağırırıq”.

QƏRƏZLİ YANAŞMA VƏ SİYASİ TƏZYİQ CƏHDLƏRİ

E. Abdullayevin sözlərinə görə, ABŞ tərəfindən səsləndirilmiş bu bəyanatda qərəzli yanaşma və siyasi təzyiq cəhdləri özünü göstərir. Belə ki, Azərbaycan tərəfindən bu sahədə bir sıra mühüm işlər görülür, eyni zamanda QHT-lər haqqında qanuna son əlavə və dəyişikliklər edilməklə QHT-lərin fəaliyyətinin hüquqi bazası möhkəmləndirilir və şəffaflıq artırılır.

Fevralın 3-də QHT-lərlə bağlı yerli qanunvericiliyə əlavə və dəyişikliklər imzalanıb. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları məqsədin vətəndaş cəmiyyətini sıxışdırmaq olduğunu düşünür.
XS
SM
MD
LG