Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:20

Millətçi hindular Britaniyanın kinoteatrlarını yandırmaqla hədələyiblər


Padmavati filmindən kadr
Padmavati filmindən kadr

“The Independent” yazır ki, ən sərt xətt-hərəkət tərəfdarı olan hindu millətçi qruplaşmalarından biri Bollivudun istehsalı olan yeni blokbasteri göstərən bütün Britaniya kinoteatrlarının yandırılmasına çağırıb.

Britaniya Kino Təsnifatı Şurası (British Board of Film Classification - BBFC) tərəfindən 12A reytinqi ilə prokata buraxılmış tarixi Padmavati filmində 14-cü əsrin əfsanəvi şahzadəsi Padmininin həyatından bəhs olunur. Lakin bu filmin tarixi dəqiqliyi böyük mübahisələrə səbəb olub.

Döyüşçü Rajput kastası ilə bağlı olan Rajput Karni Sena qrupu iddia edir ki, filmin yaradıcıları şahzadə ilə müsəlman işğalçı arasında sevgi hekayətini verməklə tarixi həqiqəti saxtalaşdırıblar. Qrup həm də mahnı oxuyarkən şahzadənin qarın və bel hissəsinin açıq qalmasından narazıdır.

Kinosevərlərin çoxdan intizarla gözlədikləri filmin nümayişi, Hindistanın hakim partiyasından bir siyasətçi baş rolu oynayan Dipika Padukonenin və rejissor Lila Bansalinin başlarına 1, 5 milyon dollar mükafat təyin edəndən sonra təxirə salınıb.

Filmdə belə bir səhnənin olduğu barədə iddiaların israrla təkzib edilməsi filmin yaradıcılarına edilən hədələrin qarşısını ala bilməyib.

Amma indi Rajput Karni Sena qrupunun başçısı Suxdev Sinqh filmə qarşı Birləşmiş Krallıqda “tədbir” görülməsinə çağırış edib.

O Republik TV kanalına deyib: “Mən Birləşmiş Krallıqdakı bütün hinduları və xüsusən də bizim icmamızdan olan qardaşlarımızı bu filmin orada nümayiş etdirilməsinə etiraz bildirməyə çağırıram”.

O daha sonra deyib: “Mən onlara demişəm ki, bu filmi göstərən hər hansı bir kinoteatr yandırılmalıdır”.

“The Independent” yazır ki, Hindistan hakimiyyət orqanları Sinqhin pasportunu müsadirə etdiyindən onun özü Britaniyaya səfər edə bilmir.

Başqa bir hindu qrupu isə bu filmi Hindistanda göstərəcək bütün kinoteatrları yandıracağı ilə hədələyib. Qrup bildirib ki, onların “qılınclardan tutmuş Kalaşnikov avtomatlarına qədər” bütün silahları var.

Hindistanda zorakılıq hədəsi edən qruplaşmaların üzvləri tez-tez həbs olunsalar da, onlara qarşı bir qayda olaraq cinayət işləri qaldırılmır.

“The Independent” yazır ki, bu film bütün çəkilişi boyunca hücumlara məruz qalıb və bir dəfə hətta çəkiliş meydanı dağıdılıb və rejissor Bansali döyülüb.

Bir neçə gün bundan əvvəl baş nazir Narendra Modinin hakim Baratiya Canata millətçi partiyasının media koordinatoru Surajpal Amu izdihamlı mitinqdə Padukone və Bansalinin başlarının kəsilməsinə 10 milyon rupi (1, 5 milyon dollar) mükafat vəd edib.

Amu bu bəyanatını The Indian Express qəzetinə də verib. Siyasətçi bildirib ki, o, filmə müəyyən ixtisarlar edilməsi güzəştini qəbul etmir.

Doğrudur daha sonra hakim partiyanın rəsmiləri Amunun dediklərini pisləyiblər və deyiblər ki, ona qarşı hüquqi müstəvidə tədbir görüləcək, amma cənab Modinin özü bu məsələyə müdaxilə etməyib.

Başıbəlalı filmdə baş rolu oynayan Padukone deyib: “Bu lap rüsvayçılıqdır. Bizim millətimiz gör nə günə qalıb…”

O daha sonra əlavə edib: “Bizim qarşısında cavabdeh olduğumuz adamlar senzura şurasında oturanlardır. Mən əminəm ki, bu filmin nümayişinin qarşısını heç cür ala bilməyəcəklər".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG