Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:12

Heydər Əliyevin doğum günüdür


Heydər Əliyevin seçki posteri.
Heydər Əliyevin seçki posteri.

-

Bu gün keçmiş prezident Heydər Əliyevin anadan olmasının 93-cü ildönümüdür.

H.Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində doğulub.

1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini başa vurub.

O, Naxçıvanda ozamankı Dövlət Təhlükəsizlik Komitəsində (DTK) çalışmağa başlayır. 1964-ci ildə Azərbaycan SSR DTK-nın sədr müavini təyin edilir.

1969-cu ilin iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin edilir.

1969-82-ci illərdə Azərbaycana rəhbərlik edir. 1982-ci ilin dekabrında SSRİ rəhbərliyinə aparılaraq, Sov.KP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilir. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilir.

Heydər Əliyev 1987-ci ilin oktyabrında vəzifədən azad edilərək siyasi fəaliyyətdən kənarlaşdırılır.

Azərbaycanda 1988-ci ildən başlayan milli-azadlıq hərəkatını 1990-cı ildə qan içində boğan Kremlə etiraz olaraq o, Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edib. Daha sonra Azərbaycana qayıdır və 1991-ci ildə bir zamanlar rəhbəri olduğu Sov.İKP sıralarını tərk edir.

1990-cı ilin iyulunda Moskvadan Azərbaycana qayıdan H.Əliyev Naxçıvanda yaşayır, həmin ildə Azərbaycan Ali Sovetinə deputat seçilir.

O, 1991-1993-cü illərdə Naxçıvan Ali Məclisinin sədri, Azərbaycan Ali Soveti sədrinin müavini olub.

H.Əliyev 1992-ci ildə bir qrup tərəfdarı ilə Yeni Azərbaycan Partiyasını təsis edib.

1993-cü ildə ölkədə yaranan ictimai-siyasi böhranla bağlı H.Əliyev Bakıya dəvət edilir, 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilir. İyulun 24-dən isə Milli Məclisin qərarı ilə ölkə prezidentinin səlahiyyətlərini icra edir. 1993-cü və 1998-ci illərdə prezident seçkilərindən qalib çıxıb

H.Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar 2003-cü ildə prezident seçkilərində iştirakdan imtina edib.

O, Türkiyədə, ABŞ-da müalicə alır . Elə 2003-cü il dekabrın 12-də ABŞ-ın Klivlend klinikasında onun vəfatı xəbər yayılıb.
2003-cü il dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn edilib.

Heydər Əliyevə Azərbaycanda ikili münasibət var. Tərəfdarları hesab edirlər ki, əgər H.Əliyev ikinci dəfə hakimiyyətə gəlməsəydi, Azərbaycanda vətəndaş müharibəsinin qarşısını almaq mümkün olmazdı. Üstəlik, Bakı-Tbilisi-Ceyhan layihəsi məhz onun hakimiyyəti vaxtı gerçəkləşib.
Onun opponentləri isə deyirlər ki, məhz H.Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən dərhal sonra Qarabağa bitişik 5 rayon işğal edilib. Üstəlik, neft müqavilələrindən xalq yox, o, və onun yaxınları bəhrələniblər.

XS
SM
MD
LG