Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 16:01

Azərbaycandan rüşvət almaqda günahlandırılan konqresmenin işi üzrə bir azərbaycanlıya da ittiham verilib


Konqresmenə rüşvət ittihamında izlər Bakıya uzanır
Gözlə

No media source currently available

0:00 0:05:50 0:00

Konqresmenə rüşvət ittihamında izlər Bakıya uzanır

ABŞ-da federal müstəntiqlər Azərbaycana məxsus bir neft-qaz şirkətindən 600 min dollar rüşvət almaqda ittiham olunan ABŞ Konqresi Nümayəndələr Palatasının Texasdan olan üzvü Henri Kuellar və xanımının işi üzrə daha bir nəfərə qarşı ittiham irəli sürüblər.

Associated Press agentliyinin verdiyi məlumatda deyilir ki, 67 yaşlı İradə Axundova mayın 1-də Hyuston federal məhkəməsində ona qarşı irəli sürülmüş ittihamı qəbul edib.

O ABŞ Ədliyyə Nazirliyində xarici agent kimi qeydiyyatdan keçmədən Azərbaycan maraqlarının agenti kimi fəaliyyət göstərməkdə ittiham edilir.

Bu da xəbər verilir ki, Axundovanın təqsirini etiraf etməsi haqqında bəyanatı mayın 9-da açıqlanıb.

Bundan əvvəl Kuelların keçmiş baş köməkçilərindən biri - Kolin Stroter (Colin Strother) və onun biznes məsləhətçisi Florensiya Roden (Florencia Roden) ittihamın Meksika bankı ilə bağlı hissəsində çirkli pulların yuyulmasına dair onlara qarşı ittihamları qəbul etmişdilər.

Bu iş üzrə üçüncü müttəhim olan Axundovanın etiraf razılaşmasında deyilir ki, o bu işin istintaqında “ABŞ-la tam əməkdaşlıq edir”.

Kuelların vəkili Kris Flad (Chris Flood) bu barədə deyib:

“Axundovanın həqiqəti deyəcəyi təqdirdə bizim narahat olacağımız heç nə yoxdur. Konqresmen Kuellar heç vaxt xarici agent kimi fəaliyyətə razılıq verməyib və daim vicdanı ilə, seçicilərinin marağından və bir çox həmkarlarının mövqeyinə uyğun bir şəkildə səs verib”.

Axundovanın təqsirinin etirafı razılaşmasında o “Texasdakı Azərbaycan-Amerika icmasının fəal üzvü” kimi təqdim olunur.

İttihamnamədə İradə Axundova barədə yazılanlar

Bəyanatda deyilir ki, o 2014-2017-ci illərdə Texasda bir Azərbaycan enerji şirkətinin filialında işləyib və onun məlumatına görə neft şirkətinin və Azərbaycan hökumətinin maraqları üçün saxta konsaltinq ödəniş tələbnamələri yazıb və ödənişlər edib.

Etiraf razılaşmasında bu da deyiir ki, Axundova tam şüurlu şəkildə Azərbaycanın və həmin dövlət neft şirkətinin adından Texasda daha bir filialın qurulmasına köməklik göstərib.

AP yazır ki, Axundovaya 5 il iş kəsilə bilər. Onun vəkili bu barədə sorğulara hələ cavab verməyib.

İttihamnamədə deyilir ki, Azərbaycan neft şirkəti əvvəlcə ödənişləri konqresmeninin arvadı İmelda Kuellara və cütlüyün iki övladına məxsus Texasda mənzillənən balıqqulağı şirkəti vasitəsilə edib. İddia olunduğuna görə həmin şirkətə “saxta müqavilə” əsasında “naməlum strateji konsaltinq və məsləhət xidmətlərinin müqabilində” ayda 25 min dollar ödənib.

İttihamnamədə deyilir ki, Azərbaycan rəsmiləri ölkənin Ermənistanla ərazi münaqişəsində, habelə Azərbaycan vətəndaşlarının miqrasiya statusu məsələsində, Azərbaycanın ABŞ-ın strateji müttəfiqi kimi təbliğ olunmasında dəstək əldə etmək istəyirdilər.

İttihamnamədə bu da iddia edilir ki, Kuellar qanunvericilik aktlarına Azərbaycanın xeyrinə təsir göstərməli və ABŞ Konqresində Azərbaycana dəstək üçün çıxış etməli idi.

“El Cefe” iddiası

Bu da vurğulanır ki, Kuellar bir vaxtlar Konqresdəki Azərbaycan kokusunun həmsədri olub. İttihamnamədə bu da iddia olunur ki, bir Azərbaycan diplomatı onun barəsində danışarkən “el Cefe” və ya “Boss” kimi sözlərdən istifadə edib.

Kuellar Nümayəndələr Palatasında ən mühafizəkar demokratlardan biri və palatada partiyanın abortlara qarşı çıxan tək üzvüdür. Bu ittihamlar Nyu-Cersi ştatını təmsil edən senator Robert Menendesə qarşı hazırlanan ittihamnaməyə bənzəyir. Menendes Misir şirkətlərindən rüşvət almaqda ittiham edilib.

İttihamnamədən öncə verdiyi açıqlamada Kuellar özünün günahsız olduğunu bildirib və Etika Komitəsində həyat yoldaşının işini çözdüyünü deyib.

O, ittiham edilsə də, yenidən namizədliyini irəli sürməyə və qalib gəlməyə söz verib:

"Mən açıq bildirmək istəyirəm ki, həm mən, həm də xanımım… günahsızıq. Konqresdə etdiyim hər şey Cənubi Texasa xidmət üçün edilib".

Bu xəbərlə bağlı İradə Axundovadan, onun vəkilindən, Azərbaycan hökumətindən və sözü gedən Azərbaycan şirkətindən hələ ki şərh verilməyib.

XS
SM
MD
LG