Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:47

Rusiya uşaq ombudsmanı şit zarafatın qurbanı oldu?


Rusiya uşaq ombudsmanı Pavel Astakhov, 16 oktyabr, 2015
Rusiya uşaq ombudsmanı Pavel Astakhov, 16 oktyabr, 2015

«Hə, uşaqlar, üzgüçülük necə keçdi?», Rusiyada uşaq hüquqları üzrə ombudsmanın bu sözləri deyəsən ona baha başa gələcək.

Rusiyanın Uşaq hüquqları üzrə ombudsmanı Pavel Astaxovun istefası üçün petisiya hazırlanır. İstefanı tələb edən petisiyaya məşhur şikayət və təbliğat saytı olan Change.org-da artıq 160 minə yaxın insan imza atıb.

Onlar Syam gölü yay düşərgəsindəki faciədən sağ qurtulmuş uşaqları ələ saldığına görə Kremlin Pavel Astaxovu vəzifəsindən azad etməsini istəyirlər. Astaxov özü onun istefasını tələb edənləri Amerikanın «kukla»ları adlandırıb.

İyunun 18-də Finlandiya ilə sərhəddə, Şimali Kareliyada yerləşən Syamozero düşərgəsində faciə baş vermişdi. Küləkli havada qayıqla səfərə çıxmış uşaqlardan 14-ü qayığın çevrilməsi nəticəsində həlak olmuşdu. Faciədən yalnız növbəti gün xəbər tutulmuşdu. Məlumata görə, düşərgə rəhbəri hay-küy düşməsindən qorxaraq, fövqəladə halların əməkdaşlarına yalnız növbəti gün məlumat vermişdi. Nəticədə axtarış-xilasetmə işləri gecikmişdi. Elə buna görə də göldə taxta parçalarından tutaraq kömək gözləyən bir çox uşağı xilas etmək mümkün olmamışdı. Üstəlik, faciədən sonra aparılan araşdırmalarda düşərgədə ümumi vəziyyətin çox acınacaqlı olduğu üzə çıxmışdı. Bütün bunlar ölkədə böyük rezonansa səbəb oldu.

İstefa üçün 156 min imza toplanıb

Prezidentin uşaq hüquqları üzrə səlahiyyətli nümayəndəsi Pavel Astaxov iyunun 22-də sağ qalmış uşaqlara baş çəkmişdi. Həmin vaxt onun üzündə təbəssümlə «Hə, uşaqlar, üzgüçülük necə keçdi», -- deyə soruşması barıt çəlləyinə atılan kibrit təsiri bağışlayıb. Petisiyanı imzalayanlar Astaxovun bu sözlərinin qeyri-insani və alçaldıcı olduğunu, faciə qurbanlarının yaxınlarını dərindən yaralandığını düşünürlər. İmza müəllifləri bildirirlər ki, belə mənəvi keyfiyyətə xas olan bir insana uşaq hüquqlarının müdafiəsi işinin tapşırılması yolverilməzdir. Elə bu səbəbə görə o dərhal vəzifəsindən azad edilməlidir. İndi gün-gündən Pavel Astaxovun istefa verməli olduğunu düşünənlərin sayı artır. Bu günə qədər Change.org-da petisiyanı 156 min insan imzalayıb.

Ombudsman Astaxov isə əvvəlcə sözlərinin kontekstdən çıxarıldığını bildirib. Ancaq yayılmış videogörüntülərdə bunun heç də belə olmadığı aydın görünür. Ombudsmanın gülümsəyərək, «Hə, uşaqlar, üzgüçülük necə keçdi» sualına uşaqlardan biri ağlamsınaraq, «Şükür Allaha, salamat qaldıq», -- deyə cavab verir. Bu cavabdan sonra Astaxovun pərt olaraq özünü yığışdırdığı görünür.

Vəziyyətin ciddiləşdiyini görən səlahiyyətli nümayəndə müdafiə taktikasını dəyişib. Astaxov bu dəfə də petisiyanı Amerikanın «qarayaxması» adlandırıb. Bu petisiyanı imzalayanların isə İnternet proqramları ilə yaradılmış qondarma «şəxslər» olduğunu söyləyib.

«Change.org saytı San Francisco-da qeydiyyatdan keçib. Görəsən, biz nə vaxtdan ictimai rəyimizi Amerikan saytlarında bildirməyə başlamışıq!?» – deyə o, ironiya ilə soruşub və əlavə edib: «Ordakıların çoxu saxta İnternet istifadəçilərdir. Hətta mənim İnstagram hesabımı ziyarət edənlərin də 90 faizinin Ukrayna saytlarından gəldiyini görürəm. Onların məqsədləri də aydındır. Məqsdərləri ora iyrənc şərhlər yazmaqdır».

Artıq istefa ərizəsini yazıb

Change.org isə ombudsmanın dediklərini yalan adlandırır. Saytın Şərqi Avropa və Orta Asiya üzrə rəhbəri Dmitriy Savelyev-in sözlərinə görə, qrup saytdakı hər bir imzanın həqiqiliyini yoxlayıb. Yoxlamadan sonra bəlli olub ki, petisiyanı imzalamış şəxslərin 95.8 faizi Rusiyadandır və hamısı da real şəxslərdir.

Bəzi rəsmilər, o cümlədən Rusiya İstintaq Komitəsinin sözçüsü ombudsmanın qınağa tuş gəlmiş sözlərinin əxlaqi dəyərə zidd olduğunu bildiriblər. RBC İnternet kanalının Dumada rəhbərliyindəki mənbəyə istinadən yaydığı xəbərə görə, Astaxov artıq istefa ərizəsini yazıb və yaxın zamanda vəzifəsi ilə vidalaşacaq.

XS
SM
MD
LG