Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 22:07

Harry Potter-ə sevgi bayquşların axırına çıxa bilər


Harry Potter və Hedwig (filmdən kadr)

“The Guardian” yazır ki, “Harry Potter” fenomeni kitab və kino rekordları vurub və hətta bir çox yerlərdə sərfəli tematik əyləncə parklarının yaradılmasına təkan verib.

Lakin canlı təbiət ekspertlərinin narahatlığı JK Rowling-in məşhur kitablarının qəhrəmanı gənc sehirbazın heyvanat aləminə vurduğu ziyandandır.

Xəbər verilir ki, Harry Potter-in çox populyar olduğu Uzaq Şərq ölkələrində son onillikdə bayquşların qanunsuz ovlanması fəlakətli şəkil alıb.

Söhbət ilk növbədə Harry Potter-in sevimli quşu – Hedwig-in həmcinslərindən – qütb bayquşu və ya bəyaz bayquşdan gedir.

2001-ci ildə ilk Harry Potter filmi ekranlara çıxandan bəri qütb bayquşuna sahib olmaq istəyənlərin sayı və bununla əlaqədar bu nadir quşun qanunsuz ovu və satışı da artıb.

2001-ci ildə İndoneziyanın quş bazarında cəmi bir neçə yüz bayquş satılmışdısa, 2016-cı ilədək bu rəqəm artıq 13 minə çatıb.

Oxford Brookes Universitetindən Vincent Nijman və Anna Nekaris deyirlər ki, qiyməti 10 dollarla 30 dollar arasında olan quşları əksər ailələr öz uşaqları üçün ala bilirlər.

Ekspertlər bildirirlər ki, İndoneziyada ev heyvanı kimi saxlanan bayquşların sayı o qədər artıb ki, bu onların kökünün kəsilməsi təhlükəsini yarada bilər.

Canlı aləm mütəxəssisləri İndoneziyanı bayquşları Qırmızı kitaba daxil etməyə çağırırlar.

Bu sahədə İndoneziya yeganə problemli ölkə deyil. Harry Potter-in məşhur olduğu bir sıra başqa ölkələrdə də bayquşların populyasiyası kəskin azalıb.

Hindistan millət vəkillərindən Jairam Ramesh deyib ki, Harry Potter filmlərindən sonra valideynlərin öz uşaqlarına bayquş hədiyyə etməsi kimi üzdəniraq hal geniş yayılıb.

Lakin ekspertlər bunu da qeyd edirlər ki, səbəb təkcə balaca sehirbaz deyil. Hindistanın xalq təbabətində bayquş ətindən dərman kimi istifadə geniş yayılıb.

Harry Potter Taylandda da populyardır və burada da bayquşların başı eyni bəladadır.

Harry Potter-in yaradıcısı J.K. Rowling bayquşların müdafiəsinə qalxıb
Harry Potter-in yaradıcısı J.K. Rowling bayquşların müdafiəsinə qalxıb

İş o yerə çatıb ki, bir vaxt Malay dilində “burunq hantu” adlanan bayquşları indi hamı “burunq Harry Potter” kimi tanıyır.

Cənubi Asiyanın bir çox ölkələrində isə bayquşlara Hedwig deyirlər. Harry Potter-in məşhur ağ bayquşunun adı belədir.

Yazıçı Rowling bayquşların ev heyvanı kimi saxlanmasını qətiyyətlə pisləyib. Yazıçının öz vətənində - Britaniyada quşlar üzərində ciddi nəzarət olsa da, əvvəlcə evlərdə saxlanıb sonra təbiətə atılan bayquşların sayı sürətlə artır. Yazıçını həyəcan təbili çalmağa da məhz bu vadar edib.

Yazıçı deyib: “Əgər kimsə mənim kitablarımdan təsirlənib bayquşların dar qəfəsdə daha xoşbəxt olduqlarını düşünürsə, səhv edir.”

Rowling etiraf etməli olub ki, onun əsərindəki heyvanlar da, başqa qəhrəmanlar kimi uydurulub və onların heç birini quş bazarından almaq mümkün deyil.

Ekspertlər bildirirlər ki, bayquşun evdə saxlanması çox çətindir. Bu quşların əksəriyyəti evə gətirildikdən bir müddət sonra tələf olur.

Nijman deyir ki, bayquşlardan yaxşı ev heyvanı çıxmır. Bəşəriyyət bayquşların bir-iki növününəhliləşdirilməsinə minilliklərlə vaxt sərf edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG