Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:33

Bin Laden-in oğlu terrorçu elan olundu


Hamza bin Laden uşaqlıqda - 2001
Hamza bin Laden uşaqlıqda - 2001

«Əl-Qaidə» lideri Osama bin Laden-in oğlu Hamza bin Laden terrorçu elan edilib. ABŞ Dövlət Departamenti onun adını terrorçuların siyahısına saldığını bildirir. Bu haqda CNN xəbər verir.

AMERİKALILARIN «QƏNİMİ»

27 yaşlı Hamza bin Laden-in «terrorçu» adlandırılmasının səbəbi, rəsmilərin dediyinə görə, onun ABŞ-ı terrorla dəfələrlə hədələməsidir.

11 Sentyabrın hadisələrinin təşkilatçısı hesab olunan Osama bin Laden öldürüləndən sonra analitiklər Hamza bin Laden-in varis olduğunu deyirdilər.

Dövlət Departamentinin məlumatına görə, 2015-ci ildə «əl-Qaidə»nin başçısı Ayman əl-Zawahiri Hamza bin Laden-i öz terror təşkilatının üzvü elan edib.

2016-cı ildə isə Hamza bin Laden-in özünün ABŞ-ı təhdid edən audioyazısı yayımlanıb. O, atasının qətlinə görə Birləşmiş Ştatlardan intiqam alacağına, amerikalılara həm öz ölkələrində, həm də xaricdə qənim kəsiləcəyinə söz verib.

«CİHAD ONUN BEYNİNƏ YERİDİLİB»

Dövlət Departamentinin dünən – yanvarın 5-də yaydığı bəyanatında Hamza bin Laden «Xüsusi təhlükəli qlobal terrorçu» adlandırılır. Yalnız ABŞ xalqına, onun milli təhlükəsizliyinə, xarici siyasətinə və iqtisadiyyatına təhlükə yaradan, terror hücumları təşkil edən, ya da təşkil etmək niyyətində olan xarici vətəndaşlara belə ad verilir və bu ad onlara sanksiyalar nəzərdə tutur.

Osama bin Laden
Osama bin Laden

Hamza Osama bin Laden-in 11 oğlundan biridir, ona digərlərindən yaxındır, çünki böyüyəndən yanında olub. CNN onun atasıyla cüt şəkillərini yayımlayıb. «Əl-Qaidə»nin təbliğat videolarında da Hamza bin Laden tez-tez görünürmüş. Bəzi videolarda o, şəxsən çıxış edərək, Qərb ölkələrini yeni hücumlarla hədələyib.

«Cihadın Birləşmiş Ştatları» kitabının müəllifi, milli təhlükəsizlik üzrə ekspert Peter Bergen CNN-ə müsahibəsində deyib ki, atası Hamza bin Laden-i hələ kiçik yaşlarından bu missiyanı yerinə yetirməyə hazırlayıb: «Hamza cihadın bütün nəzəriyyəsiylə tanışdır. Cihad onun beyninə yeridilib. O bu nəzəriyyəyə bütün varlığıyla inanır. Onu təhlükəli edən budur».

«YENİ BİN LADEN»

2011-ci ildə Osama bin Laden öldürüləndə ABŞ qüvvələri Hamza bin Laden-in də Pakistanda, əməliyyatın aparıldığı binada olduğunu güman edirlərmiş, amma onu orda tapmayıblar.

İndi 27 yaşlı gənc «əl-Qaidə»nin yeni üzvü hesab edilir. «Onlar onu «cihad liderlərinin yeni nəsli» adlandırırlar. Onları idarə etməyə hazırlaşan yeni bin Laden olduğunu deyirlər». Demokratiyaları Müdafiə Fondunun əməkdaşı Thomas Joscelyn CNN-ə müsahibəsində belə deyib.

Analitiklərin fikrincə, gənc bin Laden «əl-Qaidə»nin yenilənməsinə yardım edə bilər. Təşkilat son illər liderlərinin çoxunu itirib, «İslam Dövləti» (İŞİD) terror qruplaşmasının kölgəsində qalıb, gənc cihadçıların çoxu İŞİD-ə üz tutur. P.Bergen-in sözlərinə görə, İŞİD-in təbliğat videoları cihadçılara «əl-Qaidə»nin darıxdırıcı audio-mesajlarından qat-qat maraqlı görünür.

XS
SM
MD
LG