“Azərbaycan-Ermənistan tənzimləməsinin bütün istiqamətləri üzrə konkret hərəkətlərə və qərarlı kompromis addımlara ehtiyac var”.
Azərbaycan prezidentinin müşaviri Hikmət Hacıyev və Ermənsitan təhlükəsizlik şrasının katibi Armen Qriqoryanın Avropa İttifaqının rəsmi saytında dərc olunmuş bəyanatında belə deyilir.
Brüsseldən alınan xəbərlərdə bildirilirdi ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin diplomatik müşavirləri Simon Mordyu və Maqdalena Qrononun sədrliyi ilə Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan, Azərbayan prezidentinin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev arasında görüş keçirilib.
Bu görüşdə Fransa prezidentinin və Almaniya kanslerinin diploamtik müşavirləri Emmanuel Bonn və Yens Plotner, habelə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaar da iştirak ediblər.
Prezident Mişel qısa məşvərət üçün görüşə qatılıb.
Xəbər verilir ki, Avropa İttifaqı bu görüşü Qarabağdakı hazırkı vəziyyətin və yerli əhalinin təcili ehtiyaclarının müzakirəsi üçün keçirib.
Hikmət Hacıyev Azərbaycanın yerli əhaliyə humanitar yardım və adamların hüquqlarının təminatı planından danışıb.
Azərbaycan və Ermənistan liderlərinin mümkün Qranada görüşü
Bu da qeyd olunur ki, Aİ bu prosesin mümkün qədər şəffaf olmasını, Qarabağa beynəlxalq humanitar yardım və insan haqları təşkilatlarına daha geniş giriş verilməsini, habelə Bakının Qarabağ ermənilərinin gələcəyinə daha detallı baxışlarını təqdim etməsini istəyir.
Bu görüşdə habelə Azərbaycan və Ermənistan liderlərinin Aİ Siyasi İcmasının oktyabrın 5-də Qranadada keçiriləcək üçüncü sammitinin əsnasında mümkün görüşü müzakirə olunub.
Bu istiqamətdə Hikmət Hacıyev və Armen Qriqoryan liderlərin mümkün görüşünün təşkili, Azərbaycan-Ermənistan sülh prosesinin sürətləndirilməsi, sərhədlərin delimitasiyası, təhlükəsizlik və daha geniş sülh müqaviləsinin imzalanması üçün atıla biləcək konkret addımları müzakirə ediblər.
Aİ bildirir ki, normallaşdırma prosesinin bütün aspektlərində konkret hərəkətlərə, qərarlı kompromis həllərə ehtiyac var.
Aİ ümid etdiyini bildirib ki, Bakı və Yerevan Qranada görüşündən Praqa və Brüssel razılaşmalarına uyğun olaraq bir-birlərinin ərazi bütövlükülərini və suverenliklərini bir daha təsdiq etmək üçün istifadə edəcəklər.