Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:20

'Cənubi Qafqazın buzu əriyir' - Foreign Affairs


Bakıda hərbi parad - 2013
Bakıda hərbi parad - 2013

«Foreign Affairs» jurnalı Cənubi Qafqazdakı dondurulmuş münaqişələr, status-kvonun çözülməsi ehtimalları və Rusiyanın bütün bu proseslərdən götürdüyü dividentlər barədə məqalə dərc edib. «Cənubi Qafqazın buzu əriyir» adlı məqalədə oxuyuruq: «Son bir neçə ay ərzində Cənubi Qafqazda «tektonik qatlar» hərəkətə başlayıb. Apreldə Azərbaycan ordusu erməni tərəfinin nəzarətində olan əraziləri azad etməklə Bakı və Yerevandakı liderlərə status-kvonu dəyişmək üçün gücdən istifadənin mümkünlüyünü xatırlatdı. 20 il ərzində, əsasən, dondurulmuş sayılan münaqişə indi açıq müharibəyə çevrilə bilər. Daxildə iqtisadi problemlərlə üz-üzə qalan Ermənistan və Azərbaycan hökumətləri hərbi ritorikadan yan keçərək kompromis axtarmalıdırlar».

Müəllif yenidən başlana biləcək münaqişənin hər iki tərəfdən ötrü fəlakət olacağını yazır.

ƏN VACİB XARİCİ OYUNÇU

Məqalədə deyilir ki, Gürcüstanda vəziyyət daha sabitdir. Gürcüstan əhalisinin əksər hissəsi və aparıcı siyasi partiyalar avroatlantik inteqrasiyaya sadiqdir. Yaxın gələcəkdə ölkənin daxili və xarici siyasətində ciddi bir dəyişiklik gözlənilmir. Ancaq Rusiyanın Gürcüstanda ictimai fikri formalaşdırmaq cəhdlərini, habelə, Moskvanın Abxaziya və Cənubi Osetiya üzərində güclü nəzarətini nəzərə alsaq, Gürcüstanın bu irəliləyişi qoruyub saxlaması asan başa gəlmir.

Rusiya hələ də Cənubi Qafqazda ən vacib xarici oyunçudur. Son zamanlar o, bütün regionda daha fəal diplomatik rol oynamağa başlayıb. Ancaq Rusiya regionda maraqları olan yeganə xarici qüvvə deyil. Azərbaycanın strateji tərəfdaşı olan Türkiyə iyuldakı uğursuz çevriliş cəhdindən sonra regionda roluna yenidən baxmağa başlayıb. Beynəlxalq təcriddən çıxmaqda olan İran da bu regiondan keçən tranzit dəhlizlərinin yaradılmasında maraqlıdır. Moskva, Ankara və Tehranın burada öz nüfuzlarını möhkəmləndirməyə çalışdığı bir vaxtda, illərlə Azərbaycan, Ermənistan və Gürcüstanı öz orbitinə çəkməyə çalışan Avropa Birliyinin diqqəti öz daxilindəki böhranlara yönəlib. Bütün bunların nəticəsində Cənubi Qafqazdakı geosiyasi status-kvo çözülməkdədir.

Yazıda qeyd olunur ki, Bakı Rusiyadan iri həcmdə silah almaqla hərbi imkanlarının artırır. Əhalinin hökumətdən narazılığı isə dərinləşir ki, bu da ölkə rəsmilərini çıxış yolunu hərbi əməliyyatlarda axtarmağa həvəsləndirir.

Serzh Sarkisian, Vladimir Putin və İlham Əliyev
Serzh Sarkisian, Vladimir Putin və İlham Əliyev

MİNSK QRUPU YADA SALINDI

Aprel savaşı heç 1990-cı illərdə belə görünməmiş miqyasda zorakılıqla müşayiət olundu.

Azərbaycan tərəfinin ələ keçirdiyi ərazilər məhdud strateji əhəmiyyətə malikdir. Ancaq bu döyüşlər son 20 ilin nisbi sakitliyinin əbədi olmayacağı barədə xəbərdarlıqdır. Ən əsası isə, bu hərbi əməliyyatlar göstərdi ki, ərazi dəyişikliyi güc yolu ilə gerçəkləşdirilə bilər.

Müəllif yazır ki, neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatını zəiflədib. Prezident İlham Əliyevin hökuməti inflyasiya, valyutanın dəyərsizləşməsi, işsizlik və repressiyalar ucbatından narazılıqla üz-üzədir. Aprel münaqişəsi millətçilik əhvalını yüksəltdi. Yaxın aylarda hökumət insanların diqqətini daxili problemlərdən yayındırmaq üçün bunu təkrarlaya bilər. Ermənistana gəlincə, ərazi itkiləri və aprel savaşında ordunun zəif performansı kəskin zəiflik və intiqam hissi yaradıb. Bu, həm də Yerevanın Rusiyadan narazılığını gücləndirib.

Rusiya bu son münaqişədə bəlkə də ən çox qazanan tərəfdir. Aprelin əvvəlində Ermənistan və Azərbaycanın baş qərargah rəisləri Moskvaya getdilər və prezident Vladimir Putin də daxil olmaqla, Rusiya rəsmiləri atəşkəsin əldə olunmasında mühüm rol oynadılar. Onun müdaxiləsi ATƏT-in Minsk qrupunun işinin yarıtmazlığı barədə xatırlatma idi. Bu, həm də Rusiyanın regionda digər həmsədrlər – Fransa və ABŞ-dan daha çox rıçaqlara və maraqlara malik olduğunu bir daha göstərdi.

Qarabağda Azərbaycan əsgəri
Qarabağda Azərbaycan əsgəri

RUSİYANIN MESAJI

Regionda narahatlıqlardan biri odur ki, Rusiya Azərbaycan və Ermənistanın durumundan yararlanıb özünün regiondakı mövqeyini möhkəmləndirməyə xidmət edən çıxış yolunu tərəflərə sırıyacaq. Rusiyanın Azərbaycana mesajı ondan ibarətdir ki, Moskvanın Ermənistan üzərində təsiri yetərincə güclüdür və onu işğal olunmuş əraziləri qaytarmağa məcbur edə bilər. Güman ki, əvəzində də Azərbaycandan Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük tələb olunacaq. Yerevanda isə rəsmilər Rusiyanın onları ərazilərin bir hissəsini Azərbaycana qaytarmağa məcbur edəcəyindən narahatdırlar.

Döyüşlərin yenidən qızışacağı halda Moskva sülh sazişini qəbul etdirməkdən ötrü ən yaxşı mövqedə olacaq.

Müəllifin fikrincə, bu durumdan təkcə Ermənistanla Azərbaycan yox, Gürcüstanla Türkiyə də uduzacaq. Son 10 il ərində Türkiyə Azərbaycan və Gürcüstanla əməkdaşlıq edərək Xəzər dənizi ilə Avropa arasında Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılmasına yol açıb. Boru kəmərləri, dəmiryol və başqa infrastruktur layihələri üç ölkəni bir-birinə sıx bağlayıb. Bu, Bakı və Tbilisinin Rusiyadan asılılığını xeyli azaldıb və hər üç dövləti Avropaya daha da yaxınlaşdırıb. Bakı özəlliklə də enerji siyasəti kontekstində üzünü yenidən Rusiyaya çevirərsə, bu qrup zəifləyər. Gürcüstan rus təsirinə məruz qalar. Ankaranın Avropa ilə bağları da zaman keçdikcə öləziyər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG