Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:25

Müdafiə naziri: «Hazırıq»


NATO/Gürcüstan
NATO/Gürcüstan

-

NATO-nun Gürcüstanda keçirilən beynəlxalq hərbi təlimləri başa çatmaq üzrədir.

Hərbi təlimlər «Layiqli tərəfdaş – 2016» adı altında keçirilir. Gürcüstan özü NATO hərbi blokuna üzv deyil. Ancaq təlimlər başa çatandan sonra onun silahlı qüvvələri sırasında, ilk dəfə olaraq, rəsmən Şimali Atlantika İttifaqına aid hesab edilən dəstə formalaşacaq. «Çevik reaksiya qüvvələri» adlanan bu dəstə gürcü hərbçilərlə komplektləşdiriləcək və Gürcüstanda yerləşəcək.

Təlimlər zamanı Gürcüstan və Britaniya hərbçiləri birgə döyüşmək vərdişlərini sınaqdan keçiriblər. Onlar «Abrams» tankları və «Bradley» döyüş maşınları kimi Amerikaya aid ağır texnikanın dəstəyi ilə şərti düşmənin mövqelərinə hücum əməliyyatı həyata keçiriblər. Təlimlərdə həqiqi mərmilərdən və sursatlardan istifadə edilib.

BU, TƏKCƏ YAXŞI TƏCRÜBƏ DEYİL...

«Bu təlimlər bizə NATO ölkələrinin silahlı qüvvələri ilə uyğunluğu daha da yaxşılaşdırmaq imkanı verir. Bizim üçün bu, təkcə yaxşı təcrübə deyil, həm də tərəfdaşlarımızla işgüzar əlaqələr qurmaq fürsətidir. Bunların gələcək birgə əməliyyatlarda çox faydası olacaq», -- deyə Gürcüstan silahlı qüvvələrinin leytenantı Levan Lanchava deyir.

Bu deyilənlər Tbilisinin NATO-ya üzvlüyə yaxınlaşdığı anlamına gəlirmi?

Gürcüstanda ABŞ tankları.
Gürcüstanda ABŞ tankları.

Amerikalı çavuş, etnik gürcü David Papava o fikirlə razıdır ki, təlimlər Gürcüstanı yalnız NATO-nun peşəkar standartlarına yox, həm də bu hərbi bloka üzvlüyə yaxınlaşdırır. Lakin təşkilatın Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi James Appathurai CurrentTime-a eksklüziv müsahibəsində bildirib ki, Gürcüstanın NATO-ya üzvlüyü təkcə texniki deyil, həm də siyasi məsələdir.

«Alyansın iştirakçıları Gürcüstanın NATO-ya üzv olacağını artıq bəyan ediblər. Ancaq buna həm də siyasi kontekstdə baxmaq lazımdır. Gürcüstanın NATO-ya perspektiv üzvlüyündən ölkənin alyansa faktiki üzvlüyünə doğru addım atmaq üçün hazırda bizdə konsensus yoxdur», -- deyə J.Appathurai söyləyib.

SİYASİ KONTEKST - RUSİYA FAKTORU

Gürcü politoloq Nika Chitadze-nin fikrincə, «siyasi kontekst» dedikdə, Rusiya faktoru və Rusiya tərəfindən Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin işğal olunması faktı nəzərdə tutulur. Hərçənd, ölkənin müdafiə naziri Tina Khidasheli bəyan edib ki, bir vaxtlar ikiyə parçalanmış Almaniyanın bir parçası NATO-ya necə üzv olmuşdusa, Gürcüstan da bu hərbi ittifaqa elə daxil olacaq.

Gürcüstanda hərbi təlimlər.
Gürcüstanda hərbi təlimlər.

ABŞ və NATO-nun birgə hərbi nümayəndə heyəti keçən ay Gürcüstana səfərə gəlmişdi. Birləşmiş Ştatların Avropadakı silahlı qüvvələrinin komandanı, general-leytenant Frederick Ben Hodges-in rəhbərlik etdiyi heyət Batumi limanının buraxılış qabiliyyətini və infrastruktur imkanlarını araşdırmışdı.

Gürcüstanın NATO ilə hər il keçirdiyi bu təlimlər Vaziani poliqonundakı NATO Təlim Mərkəzinin ərazisində təşkil olunur.

Təlimlərə 650 amerikalı və 150 britaniyalı hərbçi qatılıb. Ümumilikdə isə, təlimlərdə ABŞ, Britaniya və Gürcüstandan 1300-ə yaxın şəxsi heyət iştirak edir.

Təlimlər mayın 11-də başlayıb, mayın 26-dək davam edəcək.

Həmçinin baxın - Azərbaycan Sərhəd Qoşunları təlimlərə başladılar

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG