Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 22:09

Gürcüstan hakimiyyəti Konstitusiyasını niyə dəyişmək istəyir?


Gənc fəallar dəyişikliklərə etiraz edirlər

Gürcüstanda yüzlərlə gənc fəal ölkə Konstitusiyasına dəyişikliklərin ictimai müzakirəsini etiraz aksiyası ilə pozub.

https://www.rferl.org/a/georgia-protest-constitutional-amend/28489403.html

Müzakirə mayın 15-də Tbilisidəki Dövlət Filarmoniyasının binasında keçirilirdi.

Parlamentin spikeri İrakli Kobaxidze dəyişikliklərə etiraz edən yüzlərlə fəalın fit və hay-küyünə görə müzakirəni dayandırmalı olub.

AzadlıqRadiosunun müxbiri Liz Fuller yazır ki, hakim Gürcü Arzusu partiyası ölkə Konstititusiyasına bir neçə mühüm dəyişiklər təklifi ilə çıxış edib. Təkliflərin mahiyyəti bundan ibarətdir ki, yeni Konstitusiya prezidentin ümumxalq seçkisi ilə müəyyən edilməsi qaydasını ləğv edəcək.

Başqa sözlərlə, gələcəkdə parlament seçkilərində çoxluq əldə etmiş istənilən siyasi partiya hakimiyyətə gələcək.

Gürcü Arzusu təkliflərin arxasında çoxpartiyalı sistemə daha geniş meydan verilməsi niyyətinin dayandığını bildirir.

Müxalifət isə düşünür ki, hakim partiya yeni qaydalarla qeyri-müəyyən müddətə hakimiyyətdə qalmasını təmin etməyə çalışır.

Məhz buna görə də bir neçə müxalifət partiyası təkliflərin referenduma qoyulmasını tələb edir.

Bu arada ölkənin vətəndaş cəmiyyəti qrupları və QHT-lər Avropa Şurasının Venesiya Komissiyasına müraciət edərək yeni təkliflərə rəy verilməsini rica edib.

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili izah edir ki, yeni qaydalar Gürcüstanın “çox balanssız Konstitusiyasını” dəyişəcək və onun yerində əsl Avropa standartlarına cavab verən sistemin bərqərar olmasına imkan yaradacaq.

Hakim partiya inandırmağa çalışır ki, yeni qaydalar hər hansı partiyanın şəriksiz hakimiyyət imkanlarını son dərəcə məhdudlaşdıracaq.

Ən ciddi dəyişiklik təklifləri prezidentin seçilməsi və parlament mandatlarının bölüşdürülməsi qaydalarına aiddir. Digər təkliflərə görə “nikah kişi və qadının ailə qurmaq məqsədilə könüllü ittifaqı” kimi təsbir edilməlidir. Bundan başqa həm də ölkə parlamentinin Gürcüstanın ikinci böyük şəhəri Kutaisiyə köçürülməsi nəzərdə tutulur.

Prezident Giorgi Marqvelaşvili dəyişikliklərin əleyhinədir
Prezident Giorgi Marqvelaşvili dəyişikliklərin əleyhinədir

Hazırda prezident birbaşa ümuxalq seçkisində seçilir. Təkliflərə görə artıq 2018-ci ildən prezidentin parlament tərəfindən seçilməsi qaydası tətbiq edilməlidir. Belə bir təklif, gələn il ikinci müddətə namizədliyini verməyə ümid edən hazırkı prezident Giorgi Margvelaşvilinin etirazına səbəb olub.

Bundan sonra hakimiyyət kompromis kimi yeni qaydanın 2023-cü ildən qüvvəyə minməsini təklif edib.

Lakin bu, Marqvelaşvilini qane etməyib. O mart ayında televiziya müsahibələrindən birində deyib ki, gürcü xalqının öz prezidentini seçmək hüququndan məhrum edilməsinin heç bir sağlam arqumentini görmür.

Yeri gəlmişkən prezidentin bu mövqeyini bir çox siyasətçilər də dəstəkləyirlər.

Marqvelaşvili habelə hazırda birbaşa prezidentə tabe olan Milli Təhlükəszilik Şurasının ləğvi təklifinə qarşı çıxır.

Lakin konstitusiya komissiyasına rəhbərlik edən İrakli Kobaxidze deyib ki, bu qurumun ləğvini elə Venesiya Komissiyasının özü tövsiyə edib.

Lakin Kobaxidzenin hamını əmin etməsinə baxmayaraq, o həqiqəti axıradək söyləmir. Beləki yeni qaydalar prezidenti hökumətə spesifik məsələləri müzakirə etməyi tövsiyə etmək hüququndan da məhrum etməlidir.

Bu da həqiqətdir ki, yeni təkliflərdə müxalifətin də müəyyən tələbləri nəzərə alınıb. Müxalifət hazırkı qarışıq hakimiyyət formasından narazıdır.

Gürcüstan parlamentinə seçkilərdə 150 yerlik parlamentin 73 mandatı təkmandatlı dairələrdə, 77-si isə proporsional seçkilərdə əldə olunur. Yeni təkliflər tam şəkildə proporsional seçki üsuluna keçilməsini nəzərdə tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG