Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:25

'Gürcü Arzusu' kişi ilə kişinin evlənməsini arzulamır


Gürcüstan Konstitusiyası
Gürcüstan Konstitusiyası

Bu həftə Gürcüstanın Əsas Qanununa dəyişiklikləri işləyib hazırlayan Konstitusiya komissiyası öz işini yekunlaşdırır. Siyasi partiyaların nümayəndələri yeni Konstitusiya layihəsinin bəzi detallarına etiraz olaraq parlament yanında yaradılmış bu orqanın yekun iclaslarını tərk edirlər.

PREZİDENTİN FUNKSİYALARI MƏHDUDLAŞDIRILIR

Yeni layihəyə görə, artıq Gürcüstan prezidentini xalq yox, 300 təmsilçi seçəcək. Dövlət başçısının seçilməsində, əsasən, parlamentin deputatları, Abxaziya və Acarıstan muxtar respublikalarının seçkili orqanlarının üzvləri, habelə proporsional siyahılar üzrə yerli özünüidarə orqanlarına seçilmiş şəxslər daxildir. Dövlət başçısı üçün yaş senzi 35-dən 40-a, ölkədə yaşamalı olduğu müddətsə 5 ildən 15 ilə yüksəldilib.

Yeni Konstitusiya layihəsi prezidentin funksiyalarını da məhdudlaşdırır. Prezident artıq təhlükəsizlik və müdafiə məsələlərini kurasiya etməyəcək. Prezident yanındakı Təhlükəsizlik Şurası isə yalnız hərbi əməliyyatlar zamanı toplanacaq. Bundan başqa, prezident artıq beynəlxalq arenada ölkənin ali təmsilçisi olmayacaq, hakimləri və Ali Məhkəmə sədrliyinə namizədləri təqdim etməyəcək. Bu səlahiyyət Ali Ədliyyə Şurasına veriləcək.

Yeni Konstitusiya layihəsinə görə, parlament seçkiləri proporsional sistemlə keçiriləcək. Paylanmamış mandatları isə qalib partiya alacaq. Yeni Konstitusiya seçki bloklarının yaradılmasını da qadağan edir.

Salome Samadashvili
Salome Samadashvili

«TƏLƏM-TƏLƏSİK QƏBUL ETMƏK İSTƏYİRLƏR»

Hakim partiyanın ölkənin seçki sisteminin gələcəyi ilə bağlı baxışları müxalifətin və mütəxəssislərin bir qisminin narazılığına səbəb olub. «Xalq üçün dövlət» Partiyasının üzvləri isə hətta Konstitusiya komissiyasının sıralarını nümayişkaranə tərk ediblər. «Birləşmiş Milli Hərəkat» kimi bəzi başqa partiyalarsa prosesdə iştiraklarına yenidən baxmaq niyyətindədirlər.

«Təəssüf ki, hökumətin Konstitusiya məsələsində ictimai rəyi və müxalif siyasi spektrin rəyinə məhəl qoymamaq niyyəti açıq-aydın görünür. Çox təəssüf ki, təqdim edilmiş layihəyə zidd bir sıra fikirlər mövcud olsa da, hökumət ölkə üçün ən vacib sənədi belə tələm-tələsik qəbul etməyə çalışır...», – deyə partiya təmsilçisi Salome Samadashvili bildirib.

«Gürcüstan arzusu» isə demarşı səmərəsiz sayır. Partiya liderlərindən biri Gia Volsky-nin sözlərinə görə, hələ müzakirə olunası çox məsələ var və debatlardan uzaqlaşmaq ölkəyə xeyir verməyəcək: «Boykot elan etməklə vaxtından əvvəl şantajla məşğul olmağı ciddi saymıram», – o deyib.

Giorgi Gotsiridze
Giorgi Gotsiridze

NİKAH ANLAYIŞININ TƏSBİTİ

Deputat həmçinin, hakim partiyanın nikah anlayışını «kişi və qadının ailə qurmaq məqsədilə bağladığı ittifaq» kimi təsbit etməsi ətrafında yaranmış ajiotajı da ziyanlı adlandırıb.

Vətəndaş cəmiyyəti nümayəndələri isə bu yanaşmanı dəstəkləməyiblər. Gənc Hüquqşünaslar Assosiasiyasından Giorgi Gotsiridze deyir ki, hakim partiyanın bu təklifi təhlükəli siyasi populizmdir: «Konstitusiyada belə bir qeydin olması LGBT icması nümayəndələrinin hər gün üzləşdikləri zorakılığın dəstəklənməsi demək olacaq. Alternativ də var idi: nikahın kişi və qadın arasında könüllü ittifaq olduğunu yazmaq, birgə yaşayışın digər formalarının qanunla tənzimləndiyini əlavə etmək olardı. Ancaq onlar («Gürcü arzusu») dedilər ki, bu, poliqamiyanın qanuniləşdirilməsi demək olacaq», – Gotsiridze deyir.

Lika Sajaia
Lika Sajaia

«ÇOX PİS TENDENSİYA OLACAQ»

«Transparency International-Georgia» təşkilatından Lika Sajaia da oxşar fikirdədir. Onun sözlərinə görə, «Gürcü arzusu» bu təşəbbüsü dəstəkləyən bircə dənə də tutarlı arqument gətirə bilməyib: «Nikahın Konstitusiyaya kişi ilə qadının ittifaqı kimi salınması populist addımdır. Təəssüf ki, biz belə bir qeydin niyə zəruri olduğu haqda heç bir arqument eşitmədik... «Gürcü arzusu»nun seçki vədi ...yeganə arqument olaraq qalır. Bu, cinsi azlıqların əzilməsini dəstəkləyəcəyinə görə çox pis tendensiya olacaq», – deyə o bildirib.

Ekspertlərsə yeni sənədin bir çox bəndinə tənqidi yanaşsalar da, siyasi müxalifətdən fərqli olaraq, Konstitusiya komissiyasının sıralarını nümayişkaranə tərk etmək niyyətində deyillər. Onlar prosesə təsir göstərərək daha çox konstruktivliyə ümid edir, ehtiyac yaranarsa, Venesiya Komissiyasına müraciət etməyi düşünürlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG