Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 22:22

Prezident telefonların dinlənilməsinə qarşıdır


Giorgi Margvelashvili

Gürcüstan prezidenti «Dinləmələr haqqında» qanuna veto qoyub. Qanun layihəsi gizli dinləmələrin gerçəkləşməsi üçün operativ-texniki agentliyin yaradılmasını nəzərdə tutur. G.Margvelashvili qərarını izah edərkən deyib ki, hüquq normalarının bir hissəsi Konstitusiyaya uyğun deyil. Söhbət ilk növbədə yeni strukturun müstəqilliyi və qanun layihəsinin bu variantının qəbul ediləcəyi halda kommunikasiya şirkətlərinin ödəməli olacağı əsassız xərclərdən gedir.

«Konstitusion çoxluğa (parlamentdə çoxluğa malik siyasi qüvvə - tərc.) müraciət etmək istəyirəm. Çünki dəfələrlə eşitmişəm ki, bu vetoya üstün gəlmək istəyirlər. Hörmətli cənablar, mən bilirəm ki, siz konstitusion çoxluğa maliksiniz. Bütün Gürcüstan cəmiyyəti bu barədə məlumatlıdır. Biz inanırıq ki, «Gürcü arzusu» bu vetoya üstün gələ bilər. Ancaq bəlkə elə indi vetonu aşmaq yox, daha yaxşı qanunlar yaratmaq vaxtı gəlib çatıb?» – prezident deyib.

Irakli Abesadze
Irakli Abesadze

«QANUNLARIN ƏN PİSİDİR»

Ölkə başçısı «Gürcü arzusu»nun təşəbbüsünü bloklamaq qərarını kommunikasiya şirkətləri, qeyri-hökumət sektoru və siyasi partiyalarla məsləhətləşmədən sonra qəbul etdiyini bildirib. Parlamentdəki «Avropa Gürcüstanı» fraksiyasının nümayəndəsi Irakli Abesadze-nin sözlərinə görə, bu məsələdə parlament azlığı tamamilə prezidentin tərəfindədir: ««Gürcü arzusu» konstitusiya hüquqlarını kobud şəkildə pozaraq, Gürcüstan Təhlükəsizlik Xidmətinə hər birimizin həyatına müdaxilə etmək, qanunsuz dinləmələr həyata keçirmək, ardınca da qanunsuz yolla əldə edilmiş yazılarla «Gürcü arzusu» hökumətinin xoşuna gəlməyən şəxsləri siyasi şantaj etmək üçün hədsiz imkanlar yaradıb».

Müxalifətin parlamentdə təmsil olunmayan hissəsi də prezidentin vetosunu dəstəkləyir. «Azad demokratlar»ın siyasi katibi Nino Goguadze-nin sözlərinə görə, yeni agentlik müstəqil idarədən çox dövlət təhlükəsizlik xidmətini xatırladır: «Bu, mövcud qanunların ən pisidir. Bu, geriyə addımdır... Təhlükəsizlik xidmətinə daha güclü mövqelər verilir. O, heç bir nəzarət olmadan bizi dinləyə və internet yazışmalarımızı oxuya bilər».

Eka Beselia
Eka Beselia

BÜTÜN PROSESƏ TƏHLÜKƏ

Hakim partiya isə prezidentin vetosundan inciyib. Parlamentin hüquq komitəsinin sədri Eka Beselia G.Margvelashvili-nin addımını «təhlükəli» adlandırıb və vətəndaşların maraqlarını müdafiə edəcəklərinə söz verib: «Məni narahat edən ilk şey məhdud müddətlərdir... Müddət martın 31-i sona çatır. Prezident öz vetosunu son ana qədər uzadıb. Fikrimcə, bu, bütün bu proses üçün təhlükə yaradır. Çünki söhbət təhlükəsizlik sistemindən gedir. Bizsə ölkəmizin təhlükəsizliyinə görə məsuliyyət daşıyırıq. İndi biz yaranmış vəziyyətdən çıxış edərək çox tez qərar qəbul etməliyik. Bu isə o deməkdir ki, ...prezident bizə heç diskussiya aparmağa da vaxt qoymayıb. Əlbəttə ki, biz bu qanunu qəbul edəcəyik, ölkəni və əhalini təhlükədə qoymayacağıq».

QHT sektorunu təmsil edən «Gürcüstan demokratik təşəbbüsü» təşkilatının rəhbəri Georgi Mshvenieradze deyir ki, çoxluğun təklif etdiyi qanun layihəsi hazırda qüvvədə olan variantdan pisdir: «Yeni agentliyin üzərində effektiv nəzarətin olmaması dövlətin telefon danışıqlarını, yaxud internet kommunikasiyalarını maneəsiz dinləməsinə imkan verir. Prezident əvvəllər də bununla bağlı mövqeyini bildirib. O, qanun layihəsindəki bir çox məsələ ilə razılaşmadığını dəfələrlə qeyd edib. Ona görə prezidentin öz səlahiyyətlərindən yararlanaraq qanun layihəsini öz qeydləri ilə birlikdə Gürcüstan parlamentinə qaytarması tamamilə məntiqlidir».

AVROPA MƏHKƏMƏSİƏ MÜRACİƏT EDƏCƏKLƏR

«Transparency International - Gürcüstan» təşkilatının nümayəndəsi Lika Sajaia da prezidentlə həmrəydir. «Konstitusiya məhkəməsinin qərarında aydın deyilir ki, bu sistemin Dövlət Təhlükəsizlik Xidmətinin nəzarətində olması konstitusion hesab edilə bilməz. Buna görə biz bu qanun layihəsinin qüvvədə olan qanuna çevrilməsini önləyəcək istənilən hüquqi rıçaqdan istifadəni məqsədəuyğun hesab edirik», – o deyib.

Qeyri-hökumət sektorunun nümayəndələri parlamentin prezident vetosuna üstün gələcəyi halda Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklərini bildiriblər. Onlar bu qanun layihəsinin insan hüquqlarını kobud şəkildə pozduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG