Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 04:45

Gürcüstanda türk məktəbi bağlanıb


Tbilisidə Dəmirəl Kolleci

Avqustun 31-də Gürcüstanın Təhsil Nazirliyi ölkədə fəaliyyət göstərən Dəmirəl adına məktəbin akkreditasiyadan məhrum edildiyini bildirib. Bu addım məktəbin Gürcüstan qanunvericiliyini «kobud şəkildə pozması» ilə əlaqələndirilir. Dəmirəl adına məktəb bu günlərdə Gürcüstanda akkreditasiyası əlindən alınan ikinci Gülen məktəbidir. Gürcü ekspertlər məktəblərin bağlanmasını Türkiyənin təzyiqi ilə əlaqələndirirlər.

Türkiyə ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-i ötənilki çevriliş cəhdinin arxasında durmaqda ittiham edir. Gülen bu ittihamları rədd edir.

«TƏDRİS KURSUNU BİRCƏ GÜNƏ KEÇMƏK MÜMKÜNDÜR»

Onlarla şagirdi milli və beynəlxalq təhsil olimpiadalarının qalibi olmuş bu məktəbsə sentyabrın 1-dən təhsil prosesini davam etdirə bilmir. Ümumtəhsil müəssisələrinin avtorizasiya şurasının sədr müavini Gia Murgulia məktəbin bağlanmasını izah etməyə çalışıb:

***Buna da bax-Gürcüstandakı 'Gülen məktəbləri' də hədəfə gəldi

«Audit nəticəsində müəyyən etdik ki, bu məktəbdə bütün tədris kursunu bircə günə keçmək mümkündür. Özünüz baxın: tədris prosesinin gürcü dilində olduğu məktəbə gürcü dilini heç bilməyən şagirdlər daxil olurdu, ancaq onlar üçün fərdi təhsil planı tərtib olunur və onlar bircə gün ərzində müxtəlif fənlərdən 7-8 imtahan verə bilirdilər. Nəticədə onlara məktəbi bitirməkləri haqda sənəd verilirdi. Bunun nəticəsində bir müddətdən sonra bu şagirdlər əllərindəki gürcü sənədləri ilə oxumaq üçün başqa yerə keçə bilirdilər. Təsisçilərin bu yolla xarici şagirdlərin sənədlərini qaydaya salması ilə bağlı şübhələr bar. Məktəbin direktoru təsisçilərin təzyiqi ilə qərar verdiyini etiraf edib».

Pozuntuların niyə məhz indi üzə çıxdığı haqda suala cavab verən G.Murgulia bildirib ki, təhsil müəssisələrinin avtorizasiyası beş ildə bir dəfə aparıldığına görə daha öncə belə hallar aşkarlanmayıb.

Dəmirəl Kolleci
Dəmirəl Kolleci

«ÖLKƏNİN BEYNƏLXALQ İMİCİNƏ MƏNFİ TƏSİR GÖSTƏRƏCƏK»

Politoloq Gia Nodia məktəbin qondarma bəhanəylə bağlandığına əmindir.

«Hakimiyyətin Türkiyəyə yarınması aşkardır. İlin əvvəlində Şahin adına məktəbin lisenziyasının geri alınmasını, indi də Dəmirəl məktəbinin eyni aqibəti yaşamasını başqa cür izah etmək mümkün deyil. Üstəlik, mayda Türkiyənin tələbi ilə məktəbin meneceri Emre Çabuk həbs edilib. Gürcüstan hökumətinin bu məsələdə prinsipiallıq göstərməməsi çox üzücüdür. Sonucda baş verənlər Gürcüstanın beynəlxalq imicinə mənfi təsir göstərəcək», – G.Nodia deyib.

Politoloq Nika Chitadze də məktəbin bağlanmasını Türkiyə hökumətinin təzyiqiylə bağlayır:

***Buna da bax-Gürcüstan türk müəllimi ekstradisiya etmək istəyir

«Gürcüstan hakimiyyətinin Türkiyə hökumətinə müəyyən güzəştlər etməyə məcbur olduğuna dair əsaslı şübhələr var. Əlbəttə, Türkiyə Gürcüstanın ən iri xarici ticarət tərəfdaşıdır. Bu ölkə investisiyaların həcminə görə liderdir. İki ölkənin ərazisindən mühüm kommunikasiya və ticarət yolları keçir. Digər tərəfdən, Gürcüstanın Gülen-in adıyla bağlı təhsil müəssisələrini bağlamasına dair belə qeyri-müəyyən iddialar baş qaldırır... ...Təhsil şəbəkəsi ancaq qeyri-rəsmi olaraq onun adı ilə bağlıdır və onlar Gürcüstanın qanunvericiliyinə ciddi riayət edirlər... Bu təhsil şəbəkəsinin digər ocaqlarına da fərqli formada təzyiq göstərilsə, təəccüblənmərəm».

«İŞ SAXTADIR»

Dəmirəl adına məktəbin direktoru Nino Kavtiashvili məktəbə irəli sürülən ittihamlarla razı deyil. O deyir ki, iş saxtadır. Eyni zamanda, o, son zamanlar məktəbə çox sayda türk şagirdin daxil olduğunu təsdiqləyib. Bu şagirdlər Türkiyədə baş verən son hadisələrlə əlaqədar ölkələrini tərk etmiş ailələrin uşaqlarıdır.

«Mən aşkarlanmış pozuntularla razı deyiləm. Yalnız bir pozuntunu qəbul edirəm, o da texniki səbəblərdən baş verib. Bizə xarici vətəndaşlar gəlirdi və onları qiymətləri olmadan tədris prosesinə cəlb edirdik. Burada onlar 4-5 ay ərzində gücləndirilmiş şəkildə gürcü dilini öyrənir və yalnız bundan sonra minimal təhsil həddini keçə bilirdilər. Ancaq bu, bir günə baş vermirdi, sadəcə, 109 şagirddən 12-si ilə bağlı texniki səhv olub. Bu barədə Təhsil Nazirliyinə rəsmi məlumat vermişik», – direktor deyir.

Dəmirəl məktəbinin şagirdləri və müəllim heyətinə gəlincə, Təhsil Nazirliyinin mətbuat xidməti rəhbərinin sözlərinə görə, təhsil ilinin başlanmasına qədər onların hamısı müxtəlif özəl məktəblərə yerləşdiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG