Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:06

Amerika hərbi büdcəsindən Gürcüstana pay çatır


Vaziani hərbi poliqonunda NATO-nun «Noble partner» («Layiqli tərəfdaş») hərbi təlimləri
Vaziani hərbi poliqonunda NATO-nun «Noble partner» («Layiqli tərəfdaş») hərbi təlimləri

ABŞ-ın 2018-ci il üçün müdafiə büdcəsində Gürcüstanın hərbi ehtiyacları da nəzərə alınıb. Senat ABŞ-ın hərbi xərclərini müəyyən edən sənədi – «ABŞ milli müdafiəsinin avtorizasiyası aktı»nı qəbul edib. Amerikalı tərəfdaşlar Gürcüstana hansı formada yardım edəcəklər?

Gürcüstan hökuməti cəmiyyəti ABŞ-ın Gürcüstana göstərdiyi kömək haqda ildırım sürətilə məlumatlandırır. Özəlliklə də söhbət Gürcüstanın müdafiə qabiliyyəti, ərazi bütövlüyü və Avroatlantika səylərindən gedəndə. ABŞ-ın gələn il üçün hərbi büdcəsi haqda qanun layihəsində də bundan söz açılır.

RUSİYANIN HƏRƏKƏTLƏRİ QINANILIR

Gürcüstan parlamentinin avrointeqrasiya məsələləri komitəsinin rəhbəri Tamar Khulordava deyir:

«ABŞ-ın hərbi xərclərinin müzakirəsi zamanı Gürcüstanın adı ABŞ-ın etibarlı strateji partnyoru kimi çəkilib. Sənəddə birmənalı deyilir ki, ABŞ Gürcüstanın NATO-ya inteqrasiyasına və müdafiə qabiliyyətinə dəstəyini davam etdirəcək. Sənəddə həmçinin, Rusiyanın Gürcüstana qarşı aqressiv hərəkətləri qınanılıb».

ABŞ-ın müdafiə büdcəsinin mətnində daha sonra qeyd edilir ki, ABŞ Konqresi «hazırda Rusiya Federasiyası tərəfindən işğal edilmiş Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımayacaq».

ABŞ Gürcüstanda hərbi təlimlərə başladı
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

Bundan başqa, qeyd edilir ki, «Rusiya Federasiyası öz sərhədləri yaxınlığında aqressiyanı davam etdirir. 2008-ci ildə Rusiya Federasiyası Gürcüstanda münaqişə yaratdı. Bundan başqa, Rusiya... Ukraynanın şərqində birləşmiş Rusiya-separatçı dəstələrə rəhbərlik edir. Bu dəstələr zorakılığı qızışdırmaqla Avropanın ən mühüm münaqişəsinin ömrünü uzadır».

Konqresmenlər bu və bəzi digər amilləri əsas gətirərək, təkcə Gürcüstan və Ukrayna yox, həm də Şərqi Avropanın digər ölkələrinə hərbi yardımın vacibliyini diqqətə çatdırıblar.

ÇOX ŞEY DƏYİŞİB

Senatın təsdiqlədiyi bu sənədi indi prezident Donald Trump imzalamalıdır. Gürcüstan XİN və Müdafiə Nazirliyi yardımın məbləğini açıqlamaqdan imtina ediblər. Onlar sənədin qüvvəyə minməsini gözləməyi təklif edirlər.

Gürcü müşahidəçilər prezident Trump-ın xarici partnyorlara hərbi yardımın ixtisarı haqda seçkiqabağı vədlərini xatırlayıblar. Ancaq onlar həmçinin qeyd ediblər ki, o vaxtdan çox şey dəyişib.

Irakli Aladashvili
Irakli Aladashvili

«Arsenali» hərbi-analitik jurnalının baş redaktoru Irakli Aladashvili deyir ki, bəzən məsələ pulun məbləğində yox, göstərilən yardımın keyfiyyətində olur. Təhlilçi Vaşinqtonun belə yardımı hələ 2001-ci ildən göstərdiyini xatırladır. O zaman «Gürcüstana təlim və təchizat» proqramı (Georgia Train and Equip Program) yeni həyata keçirilməyə başlamışdı. Aladashvili-nin sözlərinə görə, artıq o zaman Gürcüstan hərbçilərini beynəlxalq missiyalarda partizan döyüşlərinə yox, daha güclü düşmənin aqressiyasına cavab vermək üçün hazırlamağa üstünlük verilirdi. I.Aladashvili ümid edir ki, bu dəfə Vazianidəki Gürcüstan – ABŞ birgə təlim mərkəzinin yaradılması planlarında məhz bundan söhbət gedir.

«DOQQUZ BATALYONUMUZ HAZIRLANSAYDI...»

«Vaziani poliqonunda gürcü batalyonlarının şərti düşmənin zirehli tank armadasının və hava qüvvələrinin hücumlarını dəf etməyə hazırlıq üzərində işlənməlidir. Bu bizə təkcə indi lazım deyil. Bu elə o zaman, 2000-ci illərin əvvəllərində də lazım idi. Çünki biz elə onda da real düşmənimizin kim olduğunu anlayırdıq, indi də bunu yaxşı bilirik. Ona görə də, doqquz batalyonumuz bu istiqamətdə hazırlansaydı, bu, Gürcüstanla ABŞ arasında hərbi-texniki və hərbi-siyasi əməkdaşlıq sahəsində irəliyə doğru ciddi addım olardı», – o deyir.

Politoloq Nika Chitadze isə ABŞ və Gürcüstan rəsmilərinin il ərzində texniki yardımla bağlı verdikləri bəyanatlara diqqət çəkir:

«Söhbət Gürcüstana tank əleyhinə və hava hücumu əleyhinə sistemlərin verilməsindən gedir. Əgər ABŞ Ukraynaya öldürücü silahların verilməsini Şərqi Ukraynada mümkün hücum əməliyyatına hazırlıq kimi nəzərdən keçirirsə, Gürcüstanın Rusiyanın mümkün aqressiyasını dəf edə bilməsindən ötrü ilk növbədə müdafiə xarakterli silahlara ehtiyac var».

Son illər ABŞ-ın Gürcüstana hərbi yardımı 50 - 70 milyon dollar təşkil edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG