Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:20

Gulen hərəkatı ABŞ deputatlarının Türkiyəyə səfərlərini maliyyələşdirib


Fetullah Gulen ABŞ, Pennsylvania, 29 iyul 2016.
Fetullah Gulen ABŞ, Pennsylvania, 29 iyul 2016.

Əvəzində onlardan nə gözləyirmiş?

Gulen-in Hizmet hərəkatının maliyyə dəstəyi ilə Türkiyəyə səfər etmiş deputatlar sonradan ABŞ vergi ödəyicisinin pulları ilə maliyyələşən 160 çarter məktəbini dəstəkləyiblərmiş. Bunuaraşdırma jurnalistikası sahəsində ixtisaslaşmış İctimai Dürüstlük Mərkəzi (Center for Public Integrity) üzə çıxarıb. Söhbət Vaşinqtondan Kaliforniyayadək səpələnmiş 160 məktəbdən gedir. Mərkəz araşdırmasında deputatların illik hesabatlarına istinad edib. ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gulen-i Türkiyə hakimiyyəti 15 iyul çevriliş cəhdinin arxasında durmaqda ittiham edərək ABŞ-dan onun ekstradisiyasını istəyir. Gulen isə ittihamları danır.

Buna da bax: Amerikalı hakim Gülen-in ekstradisiyası barədə

FAKTLAR

Mərkəzin üzə çıxardığı əsas faktlar bunlardır:

2006 - 2015-ci illər arasında ABŞ-ın 29 ştatından, azı, 151 deputat Gülen hərəkatına bağlı 12 qeyri-hökumət təşkilatının maliyyə dəstəyilə Türkiyəyə səfər edib.

2011-ci ildən bəri 23 ştatda deputatlar Türkiyə və türk əsilli amerikalıların xeyrinə, azı, 54 qətnamə təklif ediblər. Qətnamələrin bəzilərində Gulen və Gulen hərəkatına aid qurumlar təriflənir.

Deputatlar təhsil siyasəti və təhsil büdcəsinə nəzarət edirlər. Bura çarter məktəbləri də daxildir. Gulen hərəkatının dostları 16 ştat və Kolumbiya Dairəsində (paytaxt Vaşinqtonda) dövlət büdcəsindən maliyyələşən təqribən 160 məktəbdən ibarət şəbəkəni idarə edirlər.

Gulen hərəkatının maliyyələşdirdiyi səfərlərə getmiş bəzi ştat deputatları sonradan hərəkata bağlı olan çarter məktəblərini müdafiə ediblər.

Texasda məktəb, 21 fevral 2013
Texasda məktəb, 21 fevral 2013

Texasda dördü dövlət təhsil komitələrində çalışan, azı, 10 ştatın deputatı həmin maliyyələşdirilmiş səfərlərə gedib. Texas Gulen-ə bağlı çarter məktəblərinin sayına görə liderdir.

SİYASİ ADDIM

Bəs niyə Aydaho və Texas kimi yerlərdən 151 deputat Türkiyə hökumətinin ötən yay baş vermiş çevriliş cəhdində ittiham etdiyi hərəkatın maliyyələşdirdiyi səfərlərə gedir? Axı, xarici siyasət məsələləri ilə çox nadir hallarda məşğul olan ştat qanunvericilərinin xarici səfərlərə getməsi qəribədir.

Buna da bvax: Türkiyədə çevriliş niyə alınmadı: 5 səbəb

Dünənə qədər Türkiyədə media qurumlarına və banklara nəzarət edən dini hərəkatın bu gün ABŞ-da belə dəvətlər etməsi özəlliklə təəccüblüdür.

Loyola Universitetindən Joshua Hendrick deyir ki, bu səfərlər amerikalı deputatlarda Gulen hərəkatına rəğbət oyatmaq məqsədi daşıyıb. "Bu, siyasi addımdır, ancaq yerli vətəndaş cəmiyyəti səviyyəsində dialoq kimi tərtib olunub", – o deyir.

Bəlli olub ki, bu səfərləri gerçəkləşdirmiş deputatların bir hissəsi, ümumiyyətlə, xarici səfərlərə az-az gedirmiş. Bir çoxlarınınsa Gulen və Türkiyə siyasəti barədə çox az bilgisi var. Onların təmsil etdikləri ştatların çox az hissəsi Türkiyə ilə hər hansı ticarət əlaqəsi saxlayır.

SÖZ SAHİBLƏRİ

Ancaq ştat qanunvericiləri elə bir qüvvədir ki, onların arasından bir gün Konqresdə və başqa yerlərdə söz sahibi olacaq liderlər çıxır. Məsələn, respublikaçı Thom Tillis 2006-cı ildə Şimali Karolina ştatının parlamentinə seçilib. 2011-ci ildə Gülen hərəkatının təşkil etdiyi Türkiyə səfərinə gedib. İndi isə senatordur və ABŞ Senatında Silahlı Xidmətlər Komitəsinin üzvüdür. Bu komitə isə Türkiyədə dislokasiya olunan ABŞ silahlı qüvvələri ilə bağlı qərarlar verir.

Thom Tillis, 2014
Thom Tillis, 2014

Ştat qanunvericiləri təhsil siyasətini formalaşdırır və çarter məktəblərinin maliyyələşdiyi büdcə pullarına nəzarət edir.

Məktəblər Gulen-lə əlaqələrini dansalar da, ekspertlər, hətta hərəkatın bəzi dostları bu əlaqənin açıq-aydın olduğunu deyirlər. Adətən Gulen-lə əlaqəsi olan konkret şəxslər tərəfindən yaradılan bu məktəblər tez-tez Türkiyədən müəllimlər dəvət edir, onların vizasını təmin edir, daha sonra onların bir məktəbdən digərinə keçməsinə şərait yaradır. Bu məktəblərin bir çoxu hərəkata bağlı qeyri-kommersiya təşkilatları tərəfindən yaradılıb.

GÜLEN-İ DƏSTƏKLƏYƏN QƏTNAMƏ QƏBUL EDİLİB

“Biz bir növ amerikalılarla türklər arasında körpü rolunu oynamaq istədik. ...Kənardan necə görünməsindən asılı olmayaraq, ...hər hansı gizli niyyətimiz olmayıb", – Kaliforniyada yerləşən, Gulen hərəkatına aid Pacifica İnstitutunun vitse-prezidenti Atilla Kahveci deyir.

Gulen hərəkatına yaxın bir qurumun 2008 - 2012-ci illər arasında, azı, 32 belə səfəri maliyyələşdirdiyi İllinoy ştatının nümayəndələr palatasında Gulen-i "dünyada sülh və qarşılıqlı anlaşmanın dəstəklənməsinə verdiyi ...töhfələrə" görə tanıyan qətnamə qəbul edilib (2011).

2011-ci ildə Türkiyəyə səfər etmiş Kanzas ştatının keçmiş deputatı, respublikaçı Tom Moxleyisə Kanzas – Türkiyə Dostluq Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edib.

“Mənim bu gün Türkiyədə hakimiyyətdə olanlardan daha çox bu qrup müsəlmanlara rəğbətim var. Amerikanın onları dost kimi itirmək istəmədiyi bir vaxtda biz diktatorun hakimiyyəti ələ keçirməsini müşahidə edirik", – o deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG