Keçid linkləri

2017, 26 İyun, Bazar ertəsi, Bakı vaxtı 15:58

Potulular: 'Pulu var, çayın məcrasını dəyişdirir'


Arxiv fotosu

"Potu kəndində ailəmizə məxsus 4 hektara yaxın sahədə meyvəçilik təsərrüfatı yaratmışıq. Bir işadamı bağımızın yanından keçən Göyçay çayında qanunsuz qazıntı işləri aparmaqla çayın məcrasını dəyişdirib, nəticədə yolumuz dağılıb, suvarma sistemini sıradan çıxarıb, əməlli-başlı qəza vəziyyəti yaradıb".

Göyçayın Potu kəndində yaşayan Elnur Ələsgərov deyir, yaxın qohumları rayonda vəzifədə olan bir işadamı bir qolu Potudan keçən Göyçay çayını əməlli-başlı "özəlləşdirib".

Buna da bax:​ Şamaxı kəndlərinin bir əsas dərdi var

“ADAMLAR BAĞLARINA GEDİB ÇIXA BİLMİR”

Kənd sakinlərinin deməsinə görə, Göyçaydakı keçmiş məmurlardan birinin oğlu çayda qazıntı işləri aparır, çay dibindən çıxartdıqları çay daşlarını iri tonnajlı maşınlara yükləyərək əsasən Bakıya daşıtdırıb pul qazanır. Ancaq gördüyü iş kənd sakinlərinin təsərrüfatlarına, yollarına zərər vurur.

Sakin Elvin Ağayev deyir, çayın məcrasındakı dəyişikliklər kəndlilərin meyvə bağlarına gedən yolu kəsib:

"Yollar dağılıb, adamlar bağlarına gedib çıxa bilmir. Suvarma texnikalarımız sıradan çıxıb, bağlar susuz qalıb, meyvə təsərrüfatları məhv olur. Özbaşınalıqla məşğul olan bir şəbəkə pul qazanır, ancaq bunu bir kəndin əhalisini yolsuz, qazancsız qoymaqla edir. Dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq, heç bir dövlət qurumu gəlib bu faktları yerində araşdırmır. Əlbəttə ki, başadüşüləndir. Hətta bizim yazdıqlarımızdan da bir başqaları xeyir görür. Hər dəfə biz yazdıqca qarşı tərəfdən rüşvət alıb deyirlər, ‘kəndli kimdir ki, işinizdə olun’".

Buna da bax:​ Qonaqkəndlilərin ürəyinə vəlvələ salan Vəlvələçay

“ƏLLƏRİNDƏ SƏNƏDLƏRİ VAR”

Sakinlər çayın məcrasının dəyişdirilməsinin həm də gələcəkdə daşqınlara səbəb olacağını düşünürlər. Kəndlilər çayın dibini qazanların nəzarətə götürülmələrini tələb edirlər. Onlar bu işlərə müdaxilə etmək vəzifəsi olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də məsələyə qarışmasını istəyirlər.

Göyçay rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, çayda qazıntı işləri bir şirkət tərəfindən qanuni şəkildə aparılır:

"Əllərində sənədləri var, ancaq öhdəlikləri var, bu işi elə görməlidirlər ki, ətraf təbiət və insanlar zərər çəkməsin".

Buna da bax:​ Ləyiş bağlarından indi heyvan səsləri gəlir

Qurumdan şikayətləri araşdıracaqlarını bildiriblər və qeyd ediblər ki, əgər sakinlərin narazılığı varsa, məhkəməyə müraciət edə bilərlər.

Sənin fikrin

Şərhləri göstər

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG